Bu çətin peşənin
adı “Xəzər neftçisi”dir
Dəniz şəhərində "Neft Daşları” NQÇİ-nin estakadayanı meydançalarının birində ayaq saxladıq. Buranın 2 nömrəli neft və qazçıxarma sahəsinin ərazisi olduğunu biləndə usta Firatı soraqladıq. Tanınmış peşəkar neftçi Firat Əliyevlə beş il əvvəl elə burada, Neft Daşlarında həmsöhbət olmuşduq. O vaxt Almaniya televiziyası Azərbaycan neftçisinin işi və həyatı barədə maraqlı bir film də çəkmişdi.
Usta ilə hal-əhval tutmaq istədik. Amma dedilər ki, əmək növbəsi sona çatdığı
üçün hazırda
dənizdə deyil... Xəzər neftçisinin işi-gücü,
həyatı belədir.
Bir ayın 15 gününü dənizdə, iş başında,
digər yarısını
isə quruda, evində-eşiyində olur.
2-ci sahənin 60 işçisi
də bu qayda ilə çalışır. 30 nəfər dənizdə
əmək növbəsində
olanda qalanları vertolyot və gəmilərlə sahilə
dönüb evlərində
istirahət edirlər.
Bu dəfə neft
və qazçıxarma
ustası Namiq Səmədovla həmsöhbət
olduq. Cavan olmasına baxmayaraq
10 ildir bu vəzifədə çalışır.
Ürəyi dolu imiş.
Maraqlı söhbət edirdi.
Amma özü haqqında deyil, çalışdığı
sahə, iş yoldaşları haqqında
məlumat verirdi. Neft Daşlarının bugünkü
həyatı barədə
bildiklərinin hamısını
paylaşmaq istəyirdi.
"Neft Daşları”
70 yaşına çatıb. Neft və qaz verən
bir yataq üçün bu, az müddət
deyil. Odur ki, "Neft
Daşları” da köhnə yataq sayılır. Lakin bu zəngin karbohidrogen mənbəyinin keçmişi
nə qədər şərəflidirsə, sabahı
da bir o qədər xoş olacaq. Çünki hələ ehtiyatları
çoxdur. Təkcə 2 nömrəli sahə sutka ərzində 368 ton neft verir. Daha doğrusu, bu, sahənin planıdır.
Neftçilər hasilatı nəinki
sabit saxlamağa, hətta artırmağa
nail olurlar. Bu
da həyata keçirilən
çoxşaxəli tədbirlərdən irəli gəlir.
Son illərdə "Neft Daşları”nda yeni estakada və meydançaların tikintisi və əsaslı təmir olunması geniş vüsət alıb. O cümlədən 2-ci sahədə də 418 və 331 nömrəli meydançalar inşa edilib. 331 nömrəli meydançada 3 quyu qazılıb və mənimsənilib. Bütün işlər son texnika və texnologiyanın nailiyyətlərinin tətbiqi ilə həyata keçirilir. Nəticədə işçinin əl əməyi yüngülləşib, fiziki yükü azalıb. Quyulara elektron sistemlə nəzarət olunur. Alınan neft və qazın təhlili ən müasir laboratoriyalarda aparılır. Odur ki, 2-ci sahə idarənin ən gənc istehsalat obyektlərindən sayılır. Əslində isə bu sahə Neft Daşlarının yaşıdıdır. Ona görə elə "veteran” sahələrdən də söz düşəndə, 2 nömrəlinin adı çəkilir.
Deyilənlər özünü burada çalışanların yaşında və iş stajında da göstərir. Belə ki, sahədə yaşlı usta və operatorlarla çiyin-çiyinə cavan və bacarıqlı həmkarları da işləyir. Xəzərin fırtınalarında bərkimiş, dostluqları, yoldaşlıqları Neft Daşlarının dayaqlandığı polad kimi möhkəmlənmiş bu insanlar bir-birinə yüksək dəyər verir, əməyini qiymətləndirir. Odur ki, qabaqcılları soruşanda bir-bir hamısının adını çəkdilər. Hətta növbədə olmayanları da unutmadılar. Usta və operatorlar Qahir Ədilov, Ramiz Ələsgərov, Nazir Məmmədov, Fərrux Musayev, Asəf Cəbrayılov, Dərgah Əliyev, Bəhrəm Atakişiyev, Sərvan Baxşıyev, Mayıl Hacıyev və başqaları müxtəlif yaşlı insanlar olsalar da, onları peşə borcu və seçdikləri işə sevgi birləşdirir. Bu çətin peşənin adı "Xəzər neftçisi”dir.
Flora SADIQLI
Azərbaycan.-2019.- 20 oktyabr.- S.1;5.