Azərbaycan polisi yüksək peşəkarlığı və humanistliyi ilə dünyaya nümunə göstərir

 

Bu günlərdə özünü müxalifət adlandıran Milli Şuranın Bakının mərkəzi küçələrindən birində ictimai asayişi pozaraq qeyri-qanuni aksiya təşkil etmək cəhdləri müəyyən gərginliyə səbəb oldu. Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun ictimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağına dair xəbərdarlıq yaymasına baxmayaraq, aksiya iştirakçıları icazəli mitinqdən imtina edərək qarşıdurma yolunu tutdular və şəhərin mərkəzində ictimai asayişi pozmağa çalışdılar. Amma bunun müqabilində Azərbaycan polisi humanist davranaraq, düzgün və məqsədyönlü fəaliyyəti nəticəsində heç bir vasitədən istifadə etmədən təxribatın qarşısını aldı, sabitliyi bərpa etdi.

Sosial şəbəkələrdə mitinqdə polisin fəaliyyəti ilə bağlı qərəzli, məqsədli və sifarişli şərhlər, paylaşımlar edilir ki, bu da antimilli qüvvələrin çirkin kampaniyasının tərkib hissəsidir. Azərbaycanda idarəolunmaz bir prosesin olmasını istəyən bəzi dağıdıcı dairələr hər fürsətdə istəyirlər ki, ölkə polisini gözdən salsınlar. Ona görə də sosial şəbəkələrdə uydurma şərhlər, videolar paylaşaraq cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Onlar adi bir məsələni şişirdib polisi qaralamağa çalışırlar. Lakin Azərbaycan polisinə qarşı aparılan bu qarayaxma iflasa məhkumdur.

Qeyd edək ki, internet resurslarına yerləşdirilən videogörüntülərdə baş verənlərin mahiyyətini anlamağa imkan verən bir neçə ciddi məqam var. Polis etirazçılardan birinə deyir ki, xahiş olunur o yana getməyin, geri qayıdın. Bu, Azərbaycan polisinin öz vətəndaşına göstərdiyi qayğıdır, onun danışıq və düşüncə tərzidir. Ümumiyyətlə, polis çalışır ki, insanların təhlükəsizliyini təmin etsin.

Bu gün beynəlxalq miqyasda icazəsiz aksiyalar, qanunsuz mitinqlər məqbul sayılmır və belə hərəkətlər ölkədə xaos yaratmaq kimi dəyərləndirilir. Qanunsuz mitinq keçirilən dünyanın bir çox inkişaf etmiş ölkələrində - Böyük Britaniyada, Almaniyada, Fransada, Hollandiyada, İspaniyada və digərlərində etirazçılarla olduqca sərt və amansızcasına davranırlar. Etirazçıların üzərlərinə hətta at və itlə belə gedirlər. Azərbaycan polisi isə sonuncu aksiyada nümayiş etdirdiyi yüksək peşəkarlığa və qətiyyətə görə hər cür təqdirə layiqdir.

Dünyada özlərini demokratik ölkələr sayan əksər dövlətlərdə belə hallar zamanı necə davrandıqları ilə bağlı çoxlu nümunələr var. Bu günlərdə İspaniyanın Barselona şəhərində keçirilən mitinq dünya birliyinin daha çox diqqət mərkəzində yer aldı. Belə ki, İspaniya Ali Məhkəməsi müstəqillik barədə qanunsuz referendumun təşkilində ittiham olunan siyasətçiləri 9 ildən 13 ilədək həbs cəzasına məhkum etdikdən sonra Barselonanı mitinqlər dalğası bürüdü. Təhlükəsizlik qüvvələrinin nümayişçiləri nəzarət altına alması və qeyri-bərabər gücdən istifadə etməsi dünya gündəmində öz yerini tutdu. Separatçı qruplaşmalar və təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində 180 nəfər həbs edilib, 152 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Nümayişçilər milli polis qərargahını mühasirəyə alıb, polislərin üzərinə daşyanan əşyalar atıb, barrikadalar düzəldib, konteynerləri yandırıblar.

Bibər qazı və gözyaşardıcı qazdan istifadə edən təhlükəsizlik qüvvələri Barselona küçələrini hərb meydanına oxşatdı. İspaniya polisinin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıq bir çox insanın yaralanmasına səbəb oldu. Nümayişçilərin polislər tərəfindən saxlanılmaları zamanı sivil geyimli polis qüvvələrinin zorakılıq tətbiq edərək nəzarətə götürülənləri amansızcasına döydüyü müşahidə olundu. İspaniya polisinin nümayişçilərdən bəzilərini birbaşa hədəf götürərək plastik güllə ilə vurması qeyri-bərabər gücün ən ciddi göstəricilərindən oldu.

Analoji hadisə bu günlərdə Honqkonqda növbəti dəfə qeydə alındı. Beş aydır davam edən etirazlarda aksiyaçılar daha çox Çimsaçey rayonunda toplaşıb, polis şöbəsinə yandırıcı maddə doldurulmuş butulkalar atıblar. Ən azı 7 metro stansiyası təhlükəsizlik tədbirləri ilə əlaqədar bağlanıb. Polis aksiyaçılara qarşı gözyaşardıcı qazsu şırnağından istifadə edib.

Srağagün Çilidə metro tariflərinin artması səbəbindən başlayan etirazlar yenidən polislə qarşıdurmaya səbəb olub, paytaxt Santyaqonun mərkəzinə zirehli maşınlar gətirilib. Polislə toqquşma nəticəsində 10 nəfər həlak olub. İnsanlar barrikadalar quraraq qiymətlərin artması ilə razılaşmadıqlarını bir çox metro stansiyalarına ziyan vurmaq, ticarət mərkəzlərini, eləcə də avtobusları yandırmaqla bildiriblər.

Ötən ilin dekabrında Fransada qiymət artımına qarşı keçirilən "sarı jiletlilər”in nümayişləri zamanı polisin vətəndaşlara zor tətbiq etməsinə aid çoxlu sayda foto jurnalistlərin obyektivinə düşüb. 2019-cu il mayın 1-də Parisdə 1 May münasibətilə keçirilən mitinqdə polis nümayişçilərlə amansız davranıb.

Bir neçə il əvvəl Frankfurt, London, Madrid, Lissabon kimi iri şəhərlər Avropa Mərkəzi Bankının fəaliyyətinə olan etiraz dalğalarından silkələnmişdi. Buna görə Almaniyanın Frankfurt şəhərində "Blockupy” hərəkatı zamanı kütləvi aksiyalar təşkil edilirdi. Bu zaman da polis aksiya iştirakçılarına qarşı zor tətbiq etmişdi.

Özünü dünyanın ən demokratik ölkəsi hesab edən Amerika Birləşmiş Ştatlarında da etirazlar zamanı polis güc tətbiq edir. ABŞ-da hətta polis qəddarlıqda ittiham olunur, polis zorakılığına qarşı aksiyalar da keçirilir.

Amma Azərbaycan polisi bu gün ölkədə daxili sabitliyinasayişin qorunması işini uğurla davam etdirir. Buna görə hər bir ölkə vətəndaşı öz polisinə güvənir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 6.