Azərbaycanın
diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar
Sofiyada ağacəkmə mərasimi keçirilib
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 və Bolqarıstan Respublikası diplomatik xidmətinin 140 illik yubileyləri ilə əlaqədar Sofiya şəhərində "Bakı” küçəsində yerləşən parkda ağacəkmə mərasimi təşkil olunub.
Ağacəkmə mərasimi Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bolqarıstanın Xarici İşlər Nazirliyi və Sofiya şəhəri merinin ofisi ilə birgə təşkil edilib. Parkda üç çinar ağacı əkilib. Mərasimdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli, Sofiya şəhəri merinin müavini Yoana Xristova, Bolqarıstan XİN-in nümayəndəsi, "Bakı” küçəsinin yerləşdiyi "Studentski” rayonu merinin ofisindən nümayəndələr və səfirlik əməkdaşları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən N.Qurbanova cari ilin həm Azərbaycan, həm də Bolqarıstan diplomatiyası üçün əlamətdar olduğunu, müvafiq olaraq 100 və 140 illik yubileylərinin qeyd olunduğunu bildirib. 100 illik tarixə malik olan diplomatiyamızın ötən dövr ərzində böyük uğurlara imza atdığını, bu gün xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin ölkəmizi layiqincə təmsil etdiyini diqqətə çatdırıb. Azərbaycan və Bolqarıstan arasındakı əlaqələrə toxunan diplomat hal-hazırda iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər olduğunu qeyd edib.
Akademik İ.Həbibbəyli çinar ağacının uzun ömürlülük rəmzi olduğunu və bu baxımdan ölkələrimiz arasında münasibətlərin də uzun ömürlü olmasını arzu edib və bu əlaqələrin davamlı və uzun ömürlü olacağına əminliyini ifadə edib. O qeyd edib ki, ölkələrimizin maraqları üst-üstə düşür və həm Azərbaycan, həm də Bolqarıstan hökumətlərinin apardığı siyasət ölkələrimizin inkişafı və möhkəmləndirilməsinə yönəlib.
Sofiya şəhəri merinin müavini Y.Xristova bu əlamətdar
yubiley münasibətilə səfir
N.Qurbanovanın timsalında Azərbaycan diplomatlarını təbrik
edib və gələcək diplomatik fəaliyyətdə yeni
nailiyyətlər arzu edib.
Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 6.