Koreya Prezidenti
Azərbaycan ilə ali səviyyəli
qarşılıqlı səfərlərin
reallaşdırılmasını maraqla
gözləyir
Koreya Respublikasının Prezidenti Mun Ce-in və xanımı Kim Cunq-suk Koreyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri üçün rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir
ki, rəsmi qəbulda iştirak
edən ölkəmizin Seuldakı səfiri Rəmzi Teymurov Prezident Mun Ce-inlə görüşü
zamanı Azərbaycan Prezidenti
İlham Əliyevin salamlarını çatdırıb. O, Koreya Respublikası Milli Assambleyasının sədri Mun He-sanqın Azərbaycana səfərinin uğurla həyata keçdiyini, səfər zamanı ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişafına töhfə verəcək mühüm məsələlərin müzakirə edildiyini bildirib. Səfir, həmçinin Azərbaycan və Koreya Respublikası arasında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb. Koreya Respublikası Prezidenti Mun Ce-in öz növbəsində onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. O, Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözlədiyini bildirib.
Rəsmi qəbulda
çıxış edən Prezident Mun Ce-in Koreya
yarımadasında davam edən nüvəsizləşdirmə
prosesinə dair sülhə istiqamətləndirilmiş
danışıqların gələcəkdə öz bəhrəsini verməsi üçün diplomatik korpusun və beynəlxalq ictimaiyyətin dəstəyinin
vacibliyini vurğulayıb.
Tədbirdə Koreya
Respublikasındakı səfirlər və beynəlxalq təşkilatların
nümayəndəliklərinin rəhbərləri, hökumət
və parlament üzvləri, prezident administrasiyasının rəsmiləri
iştirak ediblər.
Azərbaycan.-2019.- 20 oktyabr.- S.4.