“Əsrin
müqaviləsi” ilə dünyaya səs salan Azərbaycan iqtisadiyyatı şaxələndirməklə
inkişafını təmin edə bilər
"Əsrin müqaviləsi” ilə dünyaya səs salan Azərbaycan
iqtisadiyyatı şaxələndirməklə
inkişafını təmin edə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yaponiya-Rusiya Ticarət Assosiasiyasının direktor müavini, iqtisadçı ekspert Ritsuka Hattorinin "Globe Asahi” qəzetində dərc olunmuş "Azərbaycan neft tükənsə belə yaşaya bilərmi? "İkinci Dubay”ın dönüş nöqtəsi” adlı məqaləsində öz əksini tapıb.
Ölkəmizin coğrafi mövqeyi, zəngin karbohidrogen ehtiyatları, Bakıda neft sənayesinin tarixi və bu günü barədə çox müfəssəl məlumatların əks olunduğu məqalədə müəllif son vaxtlar Azərbaycanın neft ehtiyatlarının azalması barədə bir sıra istehlakçı ölkələri narahat edən suala cavab verməyə çalışıb. Qeyd edib ki, Azərbaycan keçmiş sovet ölkələri arasında özünün sürətli inkişafı ilə fərqlənib. Karbohidrogen hasilatından əldə edilən mənfəətdən bacarıqla istifadə edən Azərbaycan yalnız paytaxtda deyil, həmçinin regionlarda da müasir inkişafa nail olub. Nəticədə öz gözəlliyi ilə seçilən Bakı "İkinci Dubay” adını qazanıb.
Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı tarixi barədə ətraflı danışan R.Hattori ilk neft buruğunun məhz Bakıda XIX əsrin ortalarında quraşdırıldığını xatırladıb. Qeyd edib ki, Azərbaycanın "qara qızıl”ı həmin dövrün böyük kapitalistləri olan Rotşildlərin və Nobel qardaşlarının buraya xüsusi diqqətinin yaranmasına səbəb olub. XX əsrin əvvəllərində isə dünya neft hasilatının təxminən yarısı Bakıda toplanıb. Bu gün dünyada böyük populyarlıq qazanmış Nobel mükafatının əsasında məhz Bakı neftindən əldə edilən mənfəət dayanır.
Sovet illərində də Bakı neftinin keçmiş SSRİ-nin iqtisadi inkişafında mühüm rol oynadığını deyən müəllif, nasist Almaniyasının II Dünya müharibəsi dövründə Qafqaza yürüşünün məqsədinin bu nefti ələ keçirmək olduğunu xüsusi qeyd edib. 1960-cı illərdə Bakıda neft hasilatı azalarkən Rusiyanın Volqa ətrafı və Qərbi Sibir regionlarında aşkar edilən neft yataqlarının məhz müvafiq olaraq "İkinci Bakı” və "Üçüncü Bakı” adlandırıldığını xatırladıb.
1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpasından sonra neft hasilatının bərpası istiqamətində mühüm addımların atıldığına diqqət çəkən R.Hattori bunun üçün böyük kapital tələb edən Xəzər dənizindəki yataqların istismarının gündəmə gəldiyini qeyd edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük zəhməti və siyasi iradəsi nəticəsində 1994-cü ildə "Azəri-Çıraq-Günəşli” yataqlarının istismarı məqsədilə beynəlxalq konsorsiumla imzalanan "Əsrin müqaviləsi”nin xüsusi əhəmiyyət daşıdığını vurğulayır. Bildirir ki, bu sənəd məhz çox nəhəng həcminə görə həmin adı alıb. Bu müqavilənin həyata keçməsi nəticəsində inşa edilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyədən və Aralıq dənizindən keçməklə 2006-cı ildə Bakı neftinin dünya bazarlarına çıxışını təmin edib.
Həmin layihənin Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində böyük roluna diqqət
çəkən müəllif, ulu
öndər Heydər Əliyevin siyasətinin 2003-cü ildən
Prezident İlham
Əliyev tərəfindən davam etdirildiyini bildirir. Xüsusi vurğulayır ki,
əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulan
müstəqil siyasət xətti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan rəhbərliyinin bu siyasəti beynəlxalq ictimaiyyət tərəfindən
çox yüksək qiymətləndirilir.
Neft gəlirlərinin Azərbaycan iqtisadiyyatının
sürətli inkişafına səbəb olduğunu
vurğulayan R.Hattori nəticədə
ümumi daxili məhsulun
dəfələrlə artdığını, bu göstəricinin bütün
dünya üzrə ən yüksək həddə
çatdığını qeyd edir. Bildirir ki, neftdən əldə edilən gəlir
ölkədə müasir infrastrukturun
inkişafına, nəhəng inşaat və
quruculuq işlərinə yol
açıb. Bakı göydələnlər şəhərinə
- "İkinci Dubay”a çevrilib.
Vurğulayır ki, Azərbaycan həm də böyük idman yarışlarının, beynəlxalq mədəni tədbirlərin təşkil edildiyi mərkəzə dönüb. "Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Formula-1 Azərbaycan Qran Prisi buna ən parlaq misal kimi göstərilir. Qeyd edilir ki, bütün bu uğurlar Bakının Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Tokio, 2025-ci il Dünya sərgisi ilə əlaqədar Osaka ilə rəqabət aparmasına imkan yaradıb.
Azərbaycanda neft hasilatının azalması ilə bağlı narahatlıq keçirənlərə müraciət edən müəllif ölkəmizin həm də böyük qaz yataqları olmasına diqqət yönəltməyi məsləhət görür. Qeyd edir ki, "Şahdəniz” yatağından çıxarılan qazı Gürcüstan vasitəsilə Türkiyəyə ötürən TANAP boru kəmərinə xüsusi diqqət yetirmək lazımdır. Vurğulayır ki, bu sahənin hələ uzun müddət inkişaf edəcəyini mütəxəssislər də təsdiq edirlər.
Bununla yanaşı, R.Hattori ölkə rəhbərliyinin iqtisadiyyatın şaxələndirilməsinə böyük diqqət yetirdiyini də məqaləsində xüsusi vurğulayır. Bildirir ki, Azərbaycan bununla ölkə iqtisadiyyatının neftdən asılılığını aşağı salmağa çalışır. Xarici investisiyaların cəlbi yolu ilə qeyri-neft sektorunun, emal sənayesinin, kənd təsərrüfatının, yüngül sənayenin, nəqliyyat infrastrukturunun inkişafına böyük önəm verilir.
Azərbaycan rəhbərliyinin xidmət sahələrinə, xüsusən nəqliyyat sektorunun inkişafına xüsusi diqqət yetirdiyini qeyd edən müəllif, ölkəmizin "İpək Yolu” üzərində olan qədim ticarət və ötürücü mərkəzlərdən biri olduğunu xatırladır. Bu, Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində mühüm dayaq nöqtəsinə çevirir. Qeyd edir ki, məhz bu ənənələri nəzərə alan Azərbaycanda yeni avtomagistrallar, aeroportlar, dəmir yolu üzərində qurulan "Dəmir İpək yolu”nun inşasına xüsusi diqqət yetirilir. 2017-ci ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti də məhz bu ideyanın reallaşmasına xidmət edir.
Məqalənin sonunda
müəllif bir daha qeyd edir ki,
yuxarıda sadalanan istiqamətlər Azərbaycanın
hələ uzun müddət dinamik inkişafını təmin etməklə,
bu ölkəni bütün
dünyaya daha
yaxından tanıdacaq.
Yazıda Bakı və Azərbaycan
rayonlarının inkişafını, neft
və qaz sənayesinin görüntülərini
əks etdirən fotolara da
geniş yer verilib.
Azərbaycan .- 2019.- 20 oktyabr.- S.4.