Günah kimdədir?!

Toyxanalardan dünyaya çıxarılan muğamlarımız və dünyadan şadlıq saraylarına endirilən mahnılarımız

Ay doğar, ulduz yanar

Yazı var ki, bir saata yazılır, yazı da var ki, bir ilə də yazıb qurtarmaq mümkün olmur. Əgər bu il Nəsiminin 650 illik yubileyi keçirilməsəydi və Sami Yusuf Böyük Britaniyadan gəlib Nəsiminin qəzəlinə bəstələdiyi mahnını Bakıda ifa etməsəydi, bu yazı da başa çatmayan mövzu kimi kənara atılıb yarımçıq qalasıydı. Sami o mahnını Bakıda ifa etməklə Azərbaycan musiqisinin cavab tapılmayan bütün suallarına aydınlıq gətirdi, vurğuları yerbəyer etdi, tariximizin, dilimizin, mədəniyyətimizin, poeziyamızın və musiqimizin mükəmməlliyini kamil sənət nümunəsi kimi ortaya qoydu və bizə də imkan yaratdı ki, yarımçıq mövzuya bütün qüsurlara rəğmən nikbin yekun vura bilək, Azərbaycan musiqisinin ümumbəşəri dəyərini, hədsiz-hüdudsuz imkanlarını bütün mövcud aşınmalara rəğmən dərk edək.

Təsəvvür edin ki, musiqimizin mizan-tərəzisini qurmusunuz. Tərəzinin bir gözündə intibah dövrünü yaşayan muğam, digərində şadlıq saraylarında can verən estrada musiqisidir. Muğamın yüksəlişi barədə ayrı deyəcəyik.

Əvvəlcə ölkənin estrada musiqisinin uzun illər şadlıq saraylarının toy havasında ləngərləyərək tənəzzüllə əsnəməsinin səbəblərini araşdıraq. Zahirən oxuyanlar da, dinləyənlər də gileyli deyillər. Telekanallarda özündən müstəbid müğənnilərin "mənim xalqım” deməkdən dili qabar olub. Xalq da ki, sarayların toy karusellərində ucuz əppək naminə tənəzzül yallısı gedən "manıslar”a çarəsiz çəpik çalır. Məclislərimiz hələ gur və qaydasında keçsə də, yavaş-yavaş şadlıq saraylarının bir qismi cildini dəyişib göbələk kimi mərasim zalı qiyafəsində qəbiristanlıqların ətrafında "bitirlər”.

Müğənnilərə gəldikdə isə heç kim istedadından gileyli deyil. Hamı "əjdaha”dı, hamı "kral”dı, "madonna”dı, danışanda ağızlarına çullu dovşan sığışmır. Xalq da canını dişinə tutub bu üzdəniraq "manıslar”ın zillətinə dözür. Hamı bir-birindən gileylidir və gileylilərin görüş yeri də bezdiyimiz, ölkədə minlərlə ailənin büdcəsini dağıdan şadlıq saraylarıdır...

Fransızsayağı müqəddimə

Qərbdə şadlıq sarayları yerli-dibli yoxdur. Parisdə, Londonda, Berlində belə saray biznesi qurmaq kiminsə ağlına gəlməz. Avropadan tələbəlik dostum Sövdat təəccüblənir və sualıma sualla cavab verir ki, məgər evlənmək üçün ayrıca saray tikməyə ehtiyacmı var? ABŞ da bu məsələdə kaldır, hələ yetişməyib. Amma bu o demək deyil ki, Qərbdə heç kim evlənmir, müğənnilər də acından ölür, küçələrə tökülüşüb dalay-dalayla dilənirlər. Millət evlənir də, boşanır da, çalıb oxuyanlar da gileyli deyil ruzilərindən. Hər kəs bacarığına, istedadına görə baş girləyir. Aylıq çörəyini çıxaran da var, illik qazancı yüz milyon dolları aşan da. Yüz ildən çoxdur ki, avropalı müğənnilər sənətlərinə ayrı cür yanaşırlar. Təfəkkür fərqlidir. Sadəcə, bir nümunə göstərək. Məşhur fransız şansonu Fransua Klod ötən əsrin 70-ci illərində adi restoranlardan şöhrətin zirvəsinə ucalır, Fransanın böyük stadionlarında, məşhur konsert zallarında çıxış edir. Ağlının, istedadının və dinclik bilmədən çalışmağının hesabına onu uzun illər izləyən kasıbçılıqdan qurtularaq məşhurlaşır. Fransua haqqında çəkilən bədii filmdə maraqlı bir səhnə var. O öz gitaraçısından soruşur ki, haçansa həyat onu sındırıb yenidən musiqi karyerasını başladığı restoranların səhnəsinə tullasa, onun aqibətinə şərik çıxıb arxasınca gələcəkmi?

Fransua Kloda gitaraçısının verəcəyi cavabdan daha da maraqlısı odur ki, nədən ötən əsrin 70-ci illərinin Qərb ulduzları konsert zallarından restorana, bara geri qayıtmağı faciə, karyeranın sonu kimi qəbul edirdi, amma bizim müğənnilər isə bu gün, aradan yarım əsrdən artıq vaxt ötəndən sonra belə həmin restoranlarda - şadlıq saraylarında oxumağı sənətin zirvəsi sayırlar, bununla öyünürlər?! Hələ bu azmış kimi həya etmədən, arsızcasına özlərini "toylar kralı”, "toylar şahı”, "saray madonnası”, "saray primadonnası” elan edirlər. Ürək bulandıran bu titullardan yana üstəlik, ölüm-dirim savaşına da çıxır, harada gəldi bir-birlərinin leşinə çırpırlar. Bəlkə maraq xətrinə keçmişə dönək, yarım əsr geriyə boylanaq?

Müslümün fəth etdiyi zirvələrin ətəklərində

50 il əvvəl F.Klod öz şöhrətinin zirvəsinə ucalanda onun Müslüm Maqomayev qədər pərəstişkarı yox idi! Müslümün üzünə Avropanın ən məşhur konsert salonlarının qapıları taybatay açılardı, onu SSRİ-dən qoparmaq üçün əldən-ayaqdan gedirdilər, vəd olunası mümkün olan hər şeyi, hətta mümkün olmayanı da boyun olurdular. Amma Müslüm nə Bakıdan, nə də Moskvadan ayrıldı. Biri anam, biri də atamdı dedi. Onu ən ağır təhlükələrdən, risklərdən qoruyan, onun şöhrətinə kölgə salmağa çalışanların hücumlarını dəf edən, Azərbaycanın neftlə Müslüm kimi iki sərvəti var deyərək, qadağalardan sonra Müslümün böyük səhnəyə təkrar çıxışını təmin edən Heydər Əliyev kimi dahi bir siyasətçi var idi. Ulu Öndər onu öz övladı kimi qoruyurdu.

Müslüm eyni zamanda yalnız Ulu Öndərin yox, milyonların sevimlisi idi. Onun pərəstişkarlarının, ona aşiq olanların, ondan yana ağlını itirən gözəllərin sayı-hesabı yox idi. Dünyanın ən fantastik xanımları Müslümə səcdə edər, arxasınca göz yaşları tökərdilər. Mindiyi maşının şüşələrinə, gövdəsinə, hətta təkərlərinə də ona dəlicəsinə pərəstiş edən gözəllərin dodaqlarının pomadası al kəpənəklər kimi qonardı. Müslim dünyanın sevimlisi idi. Fransua Klodun dünyanın estrada səltənətində yeri Müslüm Maqomayevin fəth etdiyi zirvələrin ətəyində idi.

Müslümdən xeyli əvvəl 1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazanmışdı. 60-cı illərdə Vaqif Mustafazadə muğam üstündə sovet caz məktəbinin əsasını qoyur, Azərbaycanın yeni caz musiqisini yaradırdı. Vaqif yeni caz fikrinin təsisçisi oldu, Azərbaycan musiqisinin, muğamının klassik Amerika caz musiqisi ilə sintezini yaratdı. Caz-muğam devizi ilə Azərbaycan Muğam Caz Hərəkatının memarına çevrildi.

Ələkbər Tağıyev bu gün bizdən bütün Şərqin və bir də ermənilərin oğurladığı "Sən gəlməz oldun” mahnısını bəstələyirdi.

50 il əvvəl Azərbaycanda sənətinə hörmət qoyan müğənni toyda oxumağa razılıq verənədək yüz dəfə ölçüb biçər, hər məclisdə çıxış etməyi özünə ar bilərdi. O zaman nə "krallar”, nə "şahlar”, nə də "primadonnalar” var idi. Sadəcə, Müslüm Maqomayev var idi, Rəşid Behbudov var idi, Vaqif Mustafazadə var idi. Onların arxasınca Rübabə, Sara, İslam, Zeynəb, Nəzakət və başqaları gəlirdi. "Krallar”, "madonnalar” olmasa da, hər səhnəyə çıxan müğənninin bir xan duruşu, xanım ləyaqəti vardı.

 

Bu gün özlərini kral sayanları, madonna elan edənləri ötən əsrin müğənniləri ilə müqayisə etmək mümkün deyil. Bugünkülər məğlubiyyətlərinə çəpik çalanlar, cılızlıqlarını bütə çevirənlərdir. Özləri qəlp şöhrətin "zirvələr”ində qıy vurduqca həm nüfuzlarını itirir, həm də musiqimizi çılızlaşdıran addımlar atırlar.

Qərbdə və bizdə

Qərb müğənniləri ilə bizimkilərin ifaları müxtəlif olduğu kimi, qazanc yolları da fərqlidir. Qərbdə müğənnilər yalnız oxumaqdan pul qazanmırlar. Onların gəlirləri konsertlərdən, turlardan, reklamdan, albomların, geyimlərin, ətirlərin və hətta köhnə hitlərin satışından formalaşır. Məsələn, Madonna 2008-ci ildə "Confession” adlı konsert turnesindən heç bir müğənninin heç vaxt qazanmadığı məbləği - 260 milyon dollar əldə edib! 2017-ci ildə Qərbdə müğənnilərin qazancı milyonları aşıb. "Forbes” jurnalı 2017-ci ilin iyunundan 2018-ci ilin iyununadək ən çox qazanan 100 məşhurun reytinqini dərc etmişdi. Birinci yerdə 285 milyon dollar qazanan amerikalı boksçu Floyd Meyvezerdir. 239 milyon dollarla Hollivud aktyoru Corc Kluni ikinci, 166,5 milyon dollarla model Kayli Cenner üçüncü yerdə qərar tutub. Bu məbləğlər yalnız bir ilin ərzində qazanılıb. Birinci onluğa 147 milyonluq qazancı ilə teleaparıcı Cudit Çonson, 124 milyon dollarla aktyor Dueyn Conson, 118 milyon dollarla "U2” və 115,5 milyon dollarla "Coldplay” qruplarının musiqiçiləri və 110 milyon dollarla müğənni Ed Şiran daxil olub. Yəni gördüyünüz kimi, məşhurların siyahısında müğənnilər də yer ala biliblər. "Forbes”in 100 nəfərdən ibarət olan reytinq siyahısına 100 və 83,5 milyon dollarlıq gəlirlə iki müğənni - Bruno Mars və Keti Perri də daxil ola biliblər. Bizim qələm əhli üçün o da maraqlı ola bilər ki, 83 və 46 milyon dollarlıq qazancla iki yazıçı Çeyms Patterson və Coan Roulinq də "Forbes”in siyahısına düşən məşhurlardandır.

Bizim "toy şahları”nın qazancları nədənsə qapalı mövzudur. Bu barədə danışmaq ayıb sayılır, xətirlərinə dəymək olmaz. Evlərindəki çəkilişlərdə özlərini "xan” kimi aparırlar, amma puldan, gəlirdən, vergi ödəməkdən danışanda isə dəsmal tutub zülüm-zülüm ağlaşırlar. Bir sözlə, nə qazandıqları bəllidir, nə də ki sənətə verdikləri töhfə.

 

Hər "məşhur”un boğazında sarayların qapısına bağlanan bir zəncir var. Müğənnilər də, bəstəkarlar da sarayların diktəsindən, əsarətindən qurtarmaq iqtidarında deyillər, daha doğrusu, alışıblar, vərdiş ediblər, canbir qəlbdirlər. Amma bu, reallıq deyil, həqiqət fərqlidir.

Müasir Qərb meyarları ilə yanaşsaq, Azərbaycanın musiqi bazarında kommersiya musiqisi ağalıq edir. Belə musiqi tamaşaçını düşündürmür, dərin deyil, Qərbdə diskotekaların, bizdə isə toyların tələbinə cavab verirlər. Əsas odur ki, 60 saniyədə 120 dəfə zərb alətlərinə barmaqlar çırpılsın, ayaqlar durmadan yeri eşsin, heç kim yeməsin, içməsin, diskoteka əhvali-ruhiyyəsi qızışsın və millət dingildəsin! Qərbdə bu qəbildən olan müğənnilər restoranlarda, barlarda ömürlərini çürüdür və heç kimin də ağlına gəlmir ki, onlardan kimsə restoran "kral”ı, bar "madonna”sıdır. Qərbdə karyerasını düşünən musiqiçi ağır zəhmətə qatlaşır, öz yolunu axtarır, üslubunu yaradır və məşhurlaşır, varlanır da.

Qərbdə musiqi biznesi ilk öncə işgüzar münasibətlərin səlis hazırlanmış modelidir. Musiqiçi öz sənəti, ustalığı, mükəmməlliyi və yeni musiqi ideyaları ilə sənətin heç kimə bəlli olmayan zirvələrini fəth edir. Şöhrət də, pul da bu yoldadır.

Əksər postsovet ölkələrində olduğu kimi, respublikamızda da müğənnilərin böyük bir qismi musiqi biznesinin tələblərini qulaqardına vurur, yalnız toy rəqabətində qladiator kimi ölümünədək vuruşmağı üstün tuturlar. Amma ədalət naminə bizim müğənnilərin həllində aciz olduqları çətinlikləri də demək lazımdır. Hansı müğənnimiz mahnılarını telekanallara sata bilir, ya da disklərini, albomlarını buraxıb pul qazanır, varlanır? Hansı müğənnilərin arxasınca ölkənin konsert salonları qaçıb səhnələrinə dəvət etmək üçün əldən-ayaqdan gedir, hansı müğənnilərimiz ciddi xarici turnelərə çıxa bilirlər? Təəssüf ki, bu sualların çoxunun cavabı yoxdur. Azdan-çoxdan kimin uğuru varsa da, geniş ictimaiyyətə bəlli deyil. Bizdə bu biznesin müasir dünya təcrübəsinə əsaslanan bünövrəsi hələ qoyulmayıb. Üzdə olan, telekanalda zəhlə tökən, internet resurslarında bir-birini aşağılayan müğənnilərin rəqabət üsulları qaydasız döyüşə bənzəyir.

Bizdə musiqiyə pul verməsən də qulaq asa bilərsən: gir internetə, pulsuz köçür və dinlə! Müğənnilərin başqa yolu yoxdur, çünki bazar münasibətləri tam formalaşmayıb. Hamının qazancı əsasən restoran və şadlıq saraylarından asılıdır. Beş-altı zalı olan şadlıq sarayları var ki, bir bölük müğənnini aylıq maaşa otuzdurub, "karusel”də dələ kimi zaldan-zala fırladır. Keçmiş "krallar” və "madannolar” bir toya 5-10 min manata getməyi ayıb sayırdılarsa, dəbdən düşdükcə, müştəriləri azaldıqca saraylar nə versə, ona qane olmaqdan başqa çarələri qalmır. Beləliklə, böyük sənətin qapılarını birdəfəlik üzlərinə bağlayırlar.

 

Ağ qarğalar

Amma elə ifaçılar da var ki, sadəcə, saraylara arxa çöndərsələr də, sənətlərinə daha sıx bağlanırlar. Onlardan ikisi haqqında danışmağa dəyər. Biz bu mövzunu araşdırmağa başlayanda onların heç biri məşhur deyildi. Amma hər ikisi sarayların meyxana ritmlərinə baş əymədi, ölkənin musiqi məkanında inadkarcasına ala qarğa kimi qalmağa üstünlük verdilər. Aysel Quluzadə saray müğənnisinə çevrilməsə də, Bakının məşhur şirkətlərinin korporativ tədbirlərinə dəvət alan müğənniyə çevrildi. Sonra Avstriyada təhsil aldı, ingilis dilini mükəmməlləşdirdi. Biz Aysellə danışanda o bizə feysbukda Avropanın musiqi mərkəzi sayılan Motsartın vətəni Vyanadan yazırdı: "Azərbaycanda dünya mədəniyyətinin etiraf etdiyi sənət əsərləri mövcuddur. Bu o deməkdir ki, musiqi üçün üstündə boy verib ucalmağa münbit mühit var. Vyana da musiqini və sənəti yaşada bilən şəhərdir. Toylarda belə ifa edilən mahnılar darıxdırıcı deyil. Hər yerdə hamı üçün klassik musiqi üst sənət kimi vacibdir. Hətta küçə musiqiçiləri də mükəmməlliyə can atır, tamaşaçını heyrətləndirməyi bacarırlar. Polşanın Krakov şəhərində bir əlil küçədə skripka çubuğu ilə adi mişarda onlarla adamı ifasına heyran qoymuşdu. Gəzdiyim əksər Avropa dövlətlərində gördüyüm odur ki, hər bir müğənni dinləyicilərinin qəlbini fəth etməyə can atır. Avropa şəhərlərində küçə musiqiçiləri leqallaşdırılıb və sizə nə qədər bayağı gəlsə də, bu, yeni istedadları üzə çıxarmağa imkan verir. Dinləyicinin maarifləndirilməsi, gözəl musiqiyə səmtlənməsi vacibdir, bunu telekanallar, elektron KİV etməlidir. Sənət yaradıcılıqdan ibarət olduğu qədər də ifaçını yaşatmaq gücünə qadir olmalıdır. Bu halda milli musiqimiz də zövqlü tərzdə önə çıxacaq”.

Aysel Bakıda ona təklif olunduğu kimi, cana yaxın - melodik meyxana tipli mahnılarla önə çıxmaqdan imtina etdi. Fərqli bir yol seçdi, bir neçə filmə bəyənilən mahnılar bəstələdi, amma yuxusuz gecələrinin dəyəri ödənilmədi, o da əməyini yanlış yerdə yanlış insanlara sərf etdiyinə təəssüfləndi. İtaliyada, Macarıstanda, Slovakiyada və Polşada məhdud çərçivədə kiçik, amma uğurlu konsertlər verib, Vyanada isə tələbə yoldaşlarının və xüsusən də serblərin ulduzuna çevrildi: "Gələcəyimlə bağlı əminəm ki, mənə hər şeyin ən yaxşısı nəsib olacaq. Mənim ölkəm əxlaqı, mədəniyyəti, insanları ilə birlikdə ən gözəl sevgilərə layiqdir. Harada olsam, atdığım istənilən addım, qazandığım istənilən uğur vətənimə sevgimin çalarlarından gözəl naxışlar düzəcək.

Mən Üzeyir bəy kimi dahinin möhtəşəm kölgəsində çiçək kimi boy verib uğura sahib olmaq üçün çox istəyimi qurban verərdim. Lakin sarayların meyxana küylü dalanlarına heç vaxt dönən deyiləm”.

 

Haqqında danışmaq istədiyimiz ikinci müğənni isə Nahidə Babaşlıdır. Onu bir dəfə bizim telekanallardan birində aparıcının ədalı və etik çərçivələrə sığmayan davranışından diksindiyini gördüm. Aparıcı bütsayağı yuxarıdan-aşağı deyirdi ki, Nahidə, sən niyə bizim verilişlərə gəlmirsən, o isə ev uşaqlarına məxsus utancaq tərzdə cavab verdi ki, çağırılanda gəlir. Yəni dialoq elə qurulmuşdu ki, aparıcı guya yerin-göyün ağası, Nahidə də səcdəyə gəlməyə məhkum edilən günahkar bəndədir.

Bir neçə ay sonra Nahidəni Türkiyənin TRT kanalında "Gənc səs” adlı verilişi aparan gördüm. TRT bir saatdan artıq gedən verilişi başdan-ayağa ona həvalə etmişdi. Oxudu və danışdı, bütün Türkiyənin sevimli müğənnisinə çevrildi. İndi "Youtube”da mahnılarına 20-50 milyonu aşan baxışlar var. Yəni dünyanın ən məşhur müğənniləri ona həsəd apara bilər! Bakıda hansı kanalın Nahidəyə efirinin bir saatını etibar etdiyini xatırlaya bilmirəm.

Əssalamü əleyküm, "Youtube”!

Lakin estrada musiqisinin durumuna görə bədbin saray əhvali-ruhiyyəsinə köklənmək o qədər də düzgün olmazdı. "Youtube” şadlıq sarayı deyil, burada meyarları yalnız tamaşaçılar təyin edir, xoşlarına gələn ifaları bəyənir, "layk” edərək səs verirlər. Bu minvalla dünyanın əksər müğənniləri milyonlarla səs yığır, ağlasığmaz tamaşaçı rəğbətini qazanırlar. Etiraf etmək lazımdır ki, sarayların diktəsindən çıxmağa cəhd edən, yaradıcılıqlarına fərqli yanaşan musiqiçilərin yeni nəsli yetişməkdədir. Bu nəslin nümayəndələri saraylarda oxusalar da, toylara getsələr də sənətlərini fərqli qaydada təqdim etməyə cəhd edirlər. "Youtube”da onların mahnıları rekordlar qırır, milyonlarla tamaşaçının rəğbətini qazana bilir.

Ümumiyyətlə, müğənnilər bir mahnıya milyon səs yığa bilirlərsə, ifalarını uğurlu sayırlar. Azərbaycanda milyon səs yığan müğənnilərin sayı-hesabı yoxdur. Amma nümunə üçün biz 10-30 milyon arasında səs toplayanları seçdik. 10 milyon səs o deməkdir ki, artıq mahnıya ölkədən kənarda daha çox adam qulaq asır.

Damlanın "Bilirmisən”i 12,2 milyon, Vasif Əzimovun "Dərdimi dinlə” mahnısı 19,8 milyon, Zamiq Hüseynovun "Kaman”ı 23,9 milyon, Asif Məhərrəmovun "Gecə, gecə”si 13,1 milyon baxış toplayıb. Talib Talenin "Balım” mahnısına 16 milyon, "Bilirsən ki” ifasına 25 milyon nəfər qulaq asıb.

Baxışların sayı 30 milyonu keçən ifaçılar da var. Səbnəm Tovuzlunun "Xəstəyəm”inə 36,7 milyon, gənc müğənni Nahidə Babaşlının ifa etdiyi "Ay yüzlüm”ə 52,8 milyon, "Anlasana” mahnısına 43 milyon nəfər baxıb. Azərbaycanda o qədər dəbdə olmayan Üzeyir Mehdizadə "Youtube”un qəhrəmanına çevrilib. Onun "Yaxsı olar” mahnısına 101 milyon, "Gül balam, ağlama, həmişə yaxşı olar”a da bir o qədər adam baxıb. "Əlvida keçmişim” mahnısı isə 30 milyon dəfədən artıq dinlənilib. Lakin məsələ orasındadır ki, "Youtube”da 20-30, ya da 100 milyon dinləyicinin qulaq asdığı mahnıların heç də hamısı milli estrada musiqisinin simasını təqdim etmək gücünə qadir deyil. "Youtube”da səs yığan mahnıları süzgəcdən keçirəndə görürük ki, dəyərlər dəyişir və nədənsə sözləri və musiqisi dərin olmayan mahnılara da 10 milyonlarla insan baxır!

"Youtube”da azərbaycanlı müğənnilərin uğur qazanmasının səbəblərini araşdıranda yeni məqamlar üzə çıxır. Bizim müğənnilərin mahnılarına yazılan şərhlərdən aydın olur ki, 10 milyonlarla səs yalnız müğənniyə verilən qiymətdən ibarət deyil. Bu rəylərdə müxtəlif ölkələrdəki dinləyicilərin Azərbaycan xalqına, mədəniyyətinə, dilimizin zənginliyi və gözəlliyinə qədərsiz rəğbəti, sonsuz sevgisi də hiss olunur. Belə deyək, musiqimizin Azərbaycan brendi deyilən bir siması formalaşır. Bizim musiqi mədəniyyətimizlə bağlı qardaş xalqların içində bir yanğı, ecazkar sevgi var.

Bu şərhlərdə aydın sezilir: "Türkiyədən bütün aşiqlərə salam olsun!”, "Elə içdən oxuyursunuz ki, Allah səsinizi qorusun”, "Məni səsinin qanadlarına alıb da uzaqlara aparan azərbaycanlı qardaşlarıma eşq olsun”!

Azərbaycan dəyişir, gözəlləşir və mükəmməlləşir. Bu da bizə xüsusi diqqətin artmasına səbəb olur. Biz inkişaf etdikcə ölkəmizə, mədəniyyətimizə və dilimizə bağlananların da sayı getdikcə bütün dünyada artır. Yəni bu baxışlar sırf bir müğənninin istedadı ilə bağlı deyil. Bütün kommentlərdən ana xətt kimi musiqi qədər də ölkəmizə rəğbət və sevgilər boy verib ucalır. Bəzən bir mahnıya yazılan kommentlərin sayı 30 minə çatır! Bizə kimlər qulaq asmır ki! Bu şərhlər Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan gəlir. Özbəkistan və Türkiyədən, Şamdan, İraq türkmənlərindən gəlir. Bizim mahnılara Moskvada, Dağıstanda, Tatarıstanda da qulaq asanlar kifayət qədərdir.

"Youtube”da diqqətçəkən tendensiyalardan biri də odur ki, artıq başqa xalqların müğənniləri Azərbaycan mahnılarını oxumağı sevirlər. Bizim bəstələrə Türkiyədə necə qulaq asırlarsa, Orta Asiya respublikalarında da elə böyük sevgi ilə dinləyirlər. Özbəkistanda isə özünə hörmət qoyan hər bir müğənni azərbaycanca oxumağı borc bilir. Eləsi də var ki, ümumiyyətlə, repertuarında Azərbaycan mahnıları üstünlük təşkil edir. Özbək müğənnilərindən Leylanın repertuarında Azərbaycan dilində mahnılar var. Sevinc Muminova unutduğumuz "Kölgəm qədər yaxınsan” mahnısını özbək ləhcəsində özünəməxsus tərzdə elə gözəl ifa edir ki, heyran qalmamaq mümkün deyil.

Daşkənddən musiqi müəlliməsi Firuzə Kurbanbayeva şərhlərin birində yazır ki, uşaqlıqdan Azərbaycan mahnılarına qulaq asıblar, bu mahnıları seviblər, ruhlarına hopdurublar. Ən böyük arzusu da Fikrət Əmirovun əsərlərinin konsertini öz məktəblərində ifa etməkdir.

Rus müğənnilərindən Stas Pyexa, Filipp Kirkorov, Nikolay Baskov və başqaları azərbaycanca oxuyurlar. Azərbaycan dilində yəhudilər də, ukraynalılar da oxuyur. İfaları da zəif deyil, əksinə, elə bizimki qədər güclüdür. Moskvada elə restoranlar var ki, orada Azərbaycan dilində oxumasalar olmur.

Digər bir tərəfdən, türkdilli ölkələrin müğənniləri azərbaycanlı müğənnilərlə birlikdə kliplər çəkdirir, hətta çəkilişlər üçün Bakıya gəlirlər. Artıq paytaxtımızı hamı dünyanın ən gözəl şəhərlərindən biri kimi tanıyır. İndi hamı anlayır ki, Bakı nağıl kimi şəhərdir, burda çəkilən klip də təbii ki, tamaşaçını cəlb edəcək. Yəni Azərbaycan mahnılarının Şərq ölkələrində özünəməxsus yeri yalnız musiqimizin gücü ilə yox, həm də dilimizin gözəlliyi, Bakının paytaxt kimi möhtəşəm bir şəhərə çevrilməsi ilə bağlıdır. Bundan savayı, türkdilli xalqların arasında Azərbaycan dili gözəlliyi, şirinliyi və məlahəti ilə hamını valeh edir. Bunu qazaxlar da, özbəklər də, türkmənlər, qırğızlar da etiraf edirlər. "Youtube”da rekordlar qıran bəzi mahnılarımız dinləyiciləri öz ölkələrində olmayan ritmlərə görə cəzb edirlər.

Birinci xanımın nəcibliyi

İndi də bir neçə kəlmə muğamın yüksəlişindən deyək. Ölkənin birinci xanımı Mehriban Əliyevanın fədakar əməyi sayəsində muğam sənəti sərbəst inkişaf edir, muğam ifaçıları ötən əsrdəki nüfuzunu və ləyaqətlərini bu gün də qoruyub saxlayır və inkişafdan qalmırlar. Muğam elə möhtəşəm musiqi janrıdır ki, onun fəlsəfi tutumu, bədii-estetik gücü heç vaxt sarayların tələbləri səviyyəsinə enməyəcək.

Əgər muğam estrada mahnıları sayağı şadlıq saraylarının ümidinə qalsaydı, bu gün bəlkə də bir janr kimi musiqi tariximizdən silinib gedərdi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva muğamı xalqımızın milli ruhu kimi göylərə qaldırdı. Onun gərgin əməyi sayəsində 2003-cü ildə UNESKO muğamın bədii dəyərini etiraf etdi, "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil etdi. Birinci xanımın qəyyumluğu ilə "Muğam televiziya müsabiqələri”nin keçirilməsi, Bakıda, rayonlarda və hətta cəbhə bölgələrində muğam mərkəzlərinin yaradılması Azərbaycan muğamını həmişə ucaldığı ənginliklərdən daha yüksəyə qaldırdı, pərvazlandırdı, musiqi mədəniyyətimizin şah əsəri titulunu muğama qaytardı. Muğamlarımızın qorunması istiqamətində ən zəruri addımlar atıldı. Dövlət başçısı dəfələrlə etiraf edib ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır, məhəbbətlə onu qoruyur: "Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi”. İlham Əliyev muğamı həm ədəbiyyatımızı, həm musiqimizi, həm də Azərbaycan dilinin saflığını qoruyan müqəddəs sənət növü kimi dəyərləndirir.

Əslində, estrada musiqisinin də vəzifəsi ana dilini qorumaq, onu ünsiyyətin bərq vuran mükəmməl alətinə çevirməkdir. Dilimizin zənginliyi istənilən fikri, istənilən poetik metaforanı kamil və gözəl ifadə etməyə imkan verir. Muğamın dilimizin inkişafında, milli qürurun, milli mənliyin formalaşmasında oynadığı rolu estrada musiqisi də davam etdirə bilərdi. Amma təəssüf ki, bunun əvəzinə bəzən də elə olur ki, şit və hərdən də əxlaq meyarları ilə uzlaşmayan estrada mahnıları dilimizin saflığına, mənəviyyatımıza mənfi təsir edir. Belə müğənnilərin, bəstəkar və şairlərin adlarını onlar üçün reklam olduğuna görə sadalamırıq. Amma bircə onu qeyd edək ki, nə yazsalar, bəstələsələr də, nə oxusalar da adları Azərbaycan musiqisi tarixinə düşməmiş silinəcək və unudulacaq.

İncəsənətin, ədəbiyyatın, musiqinin missiyası milli ruhumuzu, mədəniyyətimizi və əxlaqımızı cilalamaq, daha yüksək səviyyəyə qaldırmaqdır. Təəssüf ki, dili "mənim xalqım” deməkdən qabar olan "krallar”, "primadonnalar” və "toy şahları” istəsələr də bunu bacarmayacaqlar, aciz qalacaqlar. Çünki hamısı şadlıq saraylarının küllüklərinə alışıblar.

 

Epiloq əvəzi

Bir daha yazının əvvəlinə, Sami Yusufun "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə yazdığı mahnıya qayıtmağa zərurət var. Belə ki, o mahnının arxasında Azərbaycan dövlətinin Nəsiminin anadan olmasının 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına ciddi hazırlıq dayanır. Sami Yusuf da öz xalqına, tarixinə və mədəniyyətinə bağlı insan kimi, bu tapşırığın öhdəsindən ləyaqətlə gəldi, dahiyanə əsər yarada bildi.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva dünyaca məşhur Azərbaycanəsilli müğənni və bəstəkar Sami Yusufla görüşdü, ona "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim etdi. Birinci vitse-prezident Sami Yusufun II Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalındakı iştirakını yüksək dəyərləndirdi, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladı. Bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğuladı.

İndi şadlıq saraylarından qopa bilməyən, konsert zallarından diksinib qaçan müğənnilər nə fikirləşirlərsə, maraqlı deyil. Maraqlısı odur ki, Sami Yusuf yaratdığı əsərlə Azərbaycan musiqisinin möhtəşəmliyini, əzəmətini ortaya qoydu və bir daha sübut etdi ki, Azərbaycan musiqisi bütün dünyanı riqqətə gətirmək gücünə qadirdir. Bu yenilməz bir qüvvədir. Onun qarşısında toyxana musiqisi, bayağı havalar acizdir.

Azərbaycan musiqisi elə bir müqəddəs və möhtəşəm qüvvəyə malikdir ki, göbələk kimi paytaxtı bürüyən şadlıq sarayları və onların yeritdiyi qaydalar bu musiqinin yönümünü və istiqamətini dəyişməkdə acizdir. Onların tələbləri, səhnəyə çıxardıqları musiqilər, düşünən, dərk edən beyindən daha çox ayaqların sərxoş ritmlərinə hesablanmış "bəstə” və "ifaları” ölü doğulur, elə həmin sarayların içində də ömürlərini başa vururlar.

Müslim Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova kimi dahiləri yetişdirən xalq və onun incəsənəti heç vaxt sarayların girovuna çevrilməyəcək. Bu birmənalıdır.

Bahadur İMANQULİYEV

Azərbaycan.-2019.- 20 oktyabr.- S.10-11.