Parlament
Bakının mərkəzində icazəsiz mitinqin
keçirilməsini kəskin pislədi
Ziyafət
ƏSGƏROV: "Azərbaycan bundan sonra da inkişaf edəcək
və dünyanın ən seçilən dövlətlərindən
biri olacaq”
Oktyabrın 22-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Əvvəlcə deputatlar oktyabrın 19-da Bakının mərkəzində icazəsiz mitinqə cəhd edilməsinə münasibət bildirdilər.
Azərbaycanı
istəməyən qüvvələr qarşıdurma
yaratmağa cəhd göstərdilər
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dedi ki, Azərbaycanı istəməyən, erməni lobbisi tərəfindən maliyyələşən destruktiv bir qrup ictimai sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək, ölkəmizin inkişafına, həyata keçirilən islahatların üstünə kölgə salmaq üçün müəyyən olunmuş yerdə deyil, Bakının tamamilə başqa yerində polislə toqquşma, qarşıdurma yaratmağa cəhd göstərdi. Onun sözlərinə görə, dağıdıcı müxalifət oktyabrın 19-da atılan addımlarla "Sərbəst toplaşmaq haqqında” qanunun 10-a qədər maddəsini və Azərbaycan Konstitusiyasının maddələrini pozub. Bu adamlar barədə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmalı, hər kəs buna öz münasibətini bildirməlidir.
Siyavuş Novruzov qeyd etdi ki, hər birimiz bu dövlətin hansı çətinliklər hesabına yarandığını bilirik. İndi ötən əsrin 90-cı illəri deyil. Hansısa oyunlardan çıxaraq hakimiyyətə gəlmək dövrü keçib. Ölkə rəhbəri İlham Əliyev qətiyyətli siyasət həyata keçirərək Azərbaycan xalqının milli və dövlət maraqlarını əsas götürməklə ölkəmizi beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlər qarşısında, beynəlxalq tribunalarda çox yüksək şəkildə təmsil edir. Təbii ki, bu, Azərbaycanı sevməyənləri narahat edir.
Deputat onu da təəssüflə bildirdi ki, bu qüvvələr dindarlardan da alət kimi istifadə edirlər: "Bunu açıq şəkildə ağalarının qarşısında etiraf edirlər. Mən üzümü dindarlara tutub müraciət edirəm, bəs sizin bunlarla birgə işiniz nədən ibarətdir? Azərbaycanda dini dəyərlərə həmişə ehtiram olub. Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin təşəbbüsü ilə məscidlər tikilərək, təmir olunaraq xalqın istifadəsinə verilir. Bəs bunlar nə edir? Açıq-aydın görünür ki, bunlar hər şeyin üzərinə kölgə salırlar. Hesab edirəm ki, hər kəs bu qeyri-qanuni hərəkətlərə ciddi münasibət bildirməli, mövqeyini ortaya qoymalıdır. Yaradıcı təşkilatlar, ayrı-ayrı tanınan insanlar da bu məsələdə mövqeyini bildirməlidir”.
Bu, mitinq yox, təxribat
törətmək niyyətidir
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dedi ki, destruktiv qrupların oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu: "Qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi qətiyyətli bəyanatlardan, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonra və 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə görüşündən əvvəl təşkil edilməsi heç də təsadüfi deyil. Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunması üçün müvafiq yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Hesab edirəm ki, bu mitinq yox, təxribat törətmək niyyəti ilə edilibdir. Bu, onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərmək istəyindən irəli gəlir”.
Eldar İbrahimovun sözlərinə görə, daxili işlər orqanları həmişə olduğu kimi bu dəfə də xalqımızın asayişini qorumaq üçün güc tətbiqinə yol vermədən və xüsusi vasitələrdən istifadə etmədən bütün tədbirləri qanunauyğun formada vaxtında və layiqincə həyata keçirdilər: "Mən bir vətəndaş kimi qanun keşikçilərinə öz təşəkkürümü bildirirəm. Adını müxalifət qoyub xalqına və dövlətinə qənim kəsilən Əli Kərimli və onun kimilər bilməlidirlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır. Onlar başa düşməlidirlər ki, ölkəmizdə çox möhkəm və sarsılmaz xalq-iqtidar birliyi mövcuddur və bu birlik hər hansı bir qanunazidd hərəkətlərə cəhdin qarşısını cəsarətlə alacaq, sabitliyi daim qoruyacaqdır. Qoy onların ağaları da bunu yaxşı anlasınlar ki, bu cür ləyaqətsiz hərəkətlər heç bir fayda verməyəcək”.
"Destruktiv elementlər bir daha qara niyyətlərinin
olduğunu ortaya qoydular. Onlar Azərbaycanın beynəlxalq əlaqələrinə
zərbə vurmaq, ölkəmizin imicini beynəlxalq formada dəyişdirmək
istəyirlər. Lakin onlar bu istəklərini
heç zaman yerinə yetirə bilməyəcəklər”.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov bildirdi. Qeyd etdi ki, Azərbaycan
dünyada qəbul olunan siyasət həyata keçirir:
"Ölkəmizin həyata keçirdiyi siyasət regiona
inkişaf gətirir. Həmin qüvvələr
Azərbaycan Prezidentinin islahatlarına zərbə vurmaq istəyirlər.
Hesab edirəm ki, hamımız bu hadisələri seyr edərək
bir daha başa düşdük ki, ölkə rəhbərinin
həyata keçirdiyi siyasət xalqın siyasətidir və
heç kim bunun qarşısını ala
bilməz”.
Azərbaycanda Prezident-xalq birliyi, vətəndaş
həmrəyliyi var
"Oktyabrın 19-da icazəsiz aksiya keçirənlərin
arasında hansı qüvvələrin dayandığı, məqsədləri
məlumdur. Bu qüvvələr qanundan kənar, qanunazidd fəaliyyət
həyata keçirmək istədilər. Arxasında
erməni maliyyəsi dayanan, Ermənistanın maraqlarına
xidmət edənlərin sifarişini yerinə yetirən
insanların iştirakı ilə aksiya keçirmək istədilər.
Bunların özü çox şey deyir”.
Bu fikirləri isə Milli Məclis Sədrinin müavini
Bahar Muradova söylədi. Bildirdi ki, həmin qüvvələrin
məqsədi Azərbaycandakı islahatları dayandırmaq,
dövləti sarsıtmaq, qanuni hökuməti devirmək idi:
"Haqqında danışdığımız qruplara baxaq və
onların hərəkətlərinin nəticələri barədə
fikirlərimizi korrektə edək. Onların bu
cür məqsədlərə çatmaq üçün
heç bir imkanı yoxdur. Onlardan bunu
hansısa kütlə, təbəqə də gözləmir.
Söhbət ondan gedir ki, gənclərimizin bir
çoxu 1990-cı illəri görməmişlər. Onların təsəvvüründəki Azərbaycan
bugünkü Azərbaycandır. Onların
hansısa xaosun, anarxiyanın bu millətə, bu dövlətə
nə verə biləcəyi barədə tam təsəvvürləri
yoxdur”.
Bahar
Muradova qeyd etdi ki, həmin adamlar bu qanunsuz aksiyanı
keçirməyə cəhd etməklə 1990-cı illər
haqqında təsəvvürü olmayan gənclərə,
geniş əhali kütləsinə bir daha xatırlatdılar
ki, qanundankənar hərəkətlər nəyə gətirib
çıxara bilər: "Öz maraqlarını,
ambisiyalarını xalqın, dövlətin maraqlarından
üstün tutmağın nəyə başa gələ biləcəyini
göstərdilər. Yalan məlumatlar
yaymağa, polisi hədəfə çevirməyə yönələn
səylər nəyə gətirib çıxara bilər,
bunu göstərdilər. Ona görə də
düşünürəm ki, Azərbaycan dövləti hər
zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini
hüquqi müstəvidə verməklə yanaşı,
öz yoluna davam edəcək. Eyni zamanda
Ermənistanı gücdən salan siyasətini davam etdirəcək
və Azərbaycanı dünyada nüfuz sahibi edən siyasətini
xalqla birlikdə aparacaq. Bu gün Azərbaycanda
Prezident-xalq birliyi, vətəndaşların mütləq əksəriyyətinin
həmrəyliyi var. Bu həmrəylik oktyabrın 20-də Heydər
Əliyev Mərkəzinin qarşısındakı aksiyada
özünü göstərdi. Azərbaycana
məhz belə aksiyalar yaraşır”.
Ə.Kərimli vaxtilə Elçibəyə
necə xəyanət edibsə, bu gün də dövlətə
o cür xəyanət edir
Milli Məclis Sədrinin birinci müavini Ziyafət
Əsgərov da bu məsələyə münasibətini
bildirdi. Qeyd
etdi ki, ümumiyyətlə, özünü müxalifət
adlandıran şəxslərin 1990-cı illərdən indiyə
qədər xəyanət xronikasına baxanda adamı dəhşət
bürüyür: "Ötən illər ərzində
doğrudanmı bu insanlarda bir qram olsun belə inkişaf
yoxdur. Onlarda nə dövlətçilik, nə
mütaliə, nə də dünyagörüşü var.
Sual olunur? Bu illər ərzində siz nə
işlə məşğul olmusunuz?”
Ziyafət
Əsgərov dedi ki, Azərbaycan artıq kosmik dövlətdir:
"Ölkəmiz 2011-ci ildə BMT-nin Təhlükəsizlik
Şurasının üzvü seçilib, Olimpiya səviyyəsində
Avropa, İslam Həmrəylik Oyunlarını keçirib,
çox böyük beynəlxalq humanitar, siyasi tədbirlərə
evsahibliyi edib. Oktyabrın 25-26-da Azərbaycanda
böyük beynəlxalq tədbir keçiriləcək.
Vacib idimi ki, belə bir ərəfədə
"28 May” metrosunun yanında qarışıqlıq
yaradasınız? Bu dövlətə,
dövlətçiliyə nifrət haradan gəlir? Axı siz də Azərbaycan vətəndaşısınız.
Mən başa düşürəm ki, sizin
sifarişçiləriniz var. Amma siz Azərbaycan vətəndaşısınız.
Demək Azərbaycana nə qədər pisdirsə,
sizə o qədər də yaxşıdır”.
Ziyafət
Əsgərov bildirdi ki, Azərbaycan bundan sonra da inkişaf edəcək
və dünyanın ən seçilən dövlətlərindən
biri olacaq: "Onlar qəsdlə belə hərəkətlər
edirlər ki, iğtişaşlar olsun,
qarışıqlıq yaransın. Əli Kərimli
vaxtilə Elçibəyə necə xəyanət edibsə,
bu gün də dövlətə o cür xəyanət edir.
Onlar bilirlər ki, metronun 200 metr ərazisində
mitinq keçirmək olmaz. Çünki həmin
ərazi qorunan ərazi hesab olunur. Amma buna
baxmayaraq çağırış edir ki, gəlin orada
qarşıdurma yaradıb, hakimiyyətin üzərinə gedək.
Sən kimsən axı hakimiyyətin
üstünə gedəsən? Avropadan
bununla bağlı səslər gəlir. Əvvəla
bizimlə diktə ilə danışmasınlar. Siz gedib İspaniya, Belçika və digər ölkələrdə
baş verən biabırçılıqları
araşdırın, sonra gəlib bizdən nəyisə
soruşarsınız. Biz ölkə rəhbərini,
müstəqilliyimizi göz bəbəyimiz kimi
qoruyacağıq”.
Deputatlardan
Fərəc Quliyev, İlham Məmmədov, Kamilə
Əliyeva və Tahir Kərimli də bu məsələ ilə
bağlı fikirlərini bildirdilər.
Daha sonra gündəlikdəki məsələlərin
müzakirəsi başladı. İlk olaraq Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvünün təyin edilməsi haqqında məsələ
müzakirəyə çıxarıldı. Milli Məclis Rövzət Afət oğlu
Qasımovun Mərkəzi Seçki Komissiyasının
üzvü təyin edilməsinə müsbət münasibət
bildirdi. Deputatlar, həmçinin
H.M.İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama
Palatasının auditoru təyin edilməsi haqqında məsələnin
lehinə səs verdilər.
Daha sonra iclasda
"Azərbaycan Respublikası Hökuməti ilə Polşa
Respublikası Hökuməti arasında məxfi məlumatın
mübadiləsi və qarşılıqlı mühafizəsi
haqqında” sazişin təsdiq edilməsi barədə” və
"Uşaqların cinsi istismardan və cinsi
zorakılıqdan müdafiəsi haqqında” Avropa
Şurası Konvensiyasının təsdiq edilməsi barədə”
qanun layihələri təsdiq olundu.
Bir sıra qanunlara dəyişikliklər
təsdiq olundu
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə
"Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
qanun layihəsini müzakirəyə təqdim etdi. Qeyd olundu ki,
mövcud büdcə qaydası ilə müəyyən
edilmiş icmal büdcə xərclərinin yuxarı həddi
növbəti ildə qarşıya qoyulmuş yeni vəzifələrin,
xüsusilə də sosialyönlü təşəbbüslərin
həyata keçirilməsi üçün kifayət etmir.
Bu səbəbdən icmal büdcə xərclərinin
yuxarı həddinin artırılması zərurəti yaranmışdır.
Bununla əlaqədar olaraq icmal büdcə xərclərinin
yuxarı həddinin hesablanması qaydası ilə
bağlı "Büdcə sistemi haqqında” qanunda
müvafiq dəyişiklik edilməklə icmal büdcənin
yuxarı həddinin hesablanması zamanı növbəti il
üçün proqnozlaşdırılan inflyasiyanın nəzərə
alınması təklif edilir. Qanunda müvafiq dəyişiklik
edilməklə icmal büdcənin yuxarı həddi növbəti
il üçün
proqnozlaşdırılan inflyasiya nəzərə alınaraq
hesablanacaq.
Qısa müzakirədən sonra qanun layihəsi qəbul
edildi.
"Yerin
təki haqqında”, "İstehsalat və məişət
tullantıları haqqında”, "Qaz təchizatı
haqqında”, "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar
investisiya layihələrinin xüsusi maliyyələşmə
əsasında həyata keçirilməsi haqqında” və
"Energetika haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə qanun
layihəsi haqqında (üçüncü oxunuş) Milli Məclis
Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya
komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi.
Qanun layihəsi qəbul edildi.
İclasda "Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının dövriyyəsi
haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə
də üçüncü oxunuşda müzakirə edildi. Layihə ilə
bağlı məlumatı parlamentin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli verdi. Qeyd edək
ki, qanun layihəsi Azərbaycan ərazisində narkomaniya və
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
mübarizə sahəsində hüquqi məsələləri
tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi,
müvafiq hüquqi normaların dəyişən şəraitə
və tələblərə
uyğunlaşdırılması məqsədi ilə
hazırlanmışdır.
Qanun layihəsi səsə qoyularaq təsdiq edildi.
Milli Məclis
Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədri
Ziyafət Əsgərov "Hərbi qulluqçuların
dövlət icbari şəxsi sığortası haqqında”
və "Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə layihəni üçüncü oxunuşda
müzakirəyə təqdim etdi. Layihə "Hərbi vəzifə
və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi
barədə 2018-ci il 12 oktyabr tarixli qanunun
icrası məqsədilə hazırlanıb. Bəzi
qurumlar var ki, onlar silahlı birləşmələrə aid
edilmir, lakin onlarda hərbi xidmət nəzərdə tutulub.
Layihə belə qurumların hərbi
qulluqçularının dövlət icbari sığortası
və pensiya təminatının əvvəlki qaydada da
saxlanılmasına xidmət edir.
Bu qanun layihəsi də təsdiq olundu.
Deputatlar "Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” layihəyə də (üçüncü
oxunuş) müsbət münasibət bildirdilər. Qanun layihəsi
lisenziya və icazə verən orqanlara yeni səlahiyyətin
verilməsi məqsədilə hazırlanıb.
İclasda
"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi
ilə əlaqədar "Azərbaycan Respublikasının
orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”,
"Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
qanun layihələri də üçüncü oxunuşda təsdiq
edildi.
Müzakirə olunan növbəti məsələ
"Azərbaycan Respublikası vətəndaşlarının
qanunvericilik təşəbbüsü hüququndan istifadə
etməsi qaydası haqqında” qanun layihəsi
(üçüncü oxunuş) oldu. Parlamentin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli qanun layihəsi üzərində ikinci oxunuşdan
sonra görülən işlər barədə məlumat verdi.
Qanun layihəsi qəbul edildi.
Komitə
sədri Aqiyə Naxçıvanlı "İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil
haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər
təhsil haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə (ikinci
oxunuş) və "Kinematoqrafiya haqqında”, "Kütləvi
informasiya vasitələri haqqında”, "Nəşriyyat
işi haqqında”, "Televiziya və radio yayımı
haqqında”, "İctimai televiziya və radio yayımı
haqqında”, "Telekommunikasiya haqqında” və "Teatr və
teatr fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə (ikinci oxunuş) qanun layihələrini müzakirəyə
təqdim etdi. Qanun layihələri
"Uşaqların zərərli informasiyadan qorunması
haqqında” 2018-ci il 30 oktyabr tarixli qanuna
uyğunlaşdırma məqsədilə hazırlanıb.
Qısa müzakirələrdən sonra hər iki qanun
layihəsi təsdiq olundu.
"Uşaqların zərərli informasiyadan
qorunması haqqında” 2018-ci il 30 oktyabr tarixli qanunun icrası
məqsədilə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında layihə də (ikinci oxunuş) təsdiq
olundu.
Övladlığa götürmə
prosesi təkmilləşdirilir
İclasda
Azərbaycan Respublikasının Ailə Məcəlləsində
dəyişiklik edilməsi haqqında, Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında və Azərbaycan
Respublikasının Mülki Məcəlləsində,
"Uşaq hüquqları haqqında” və "Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə qanun layihələri birinci oxunuşda
müzakirəyə çıxarıldı.
Qanun layihələri
övladlığa götürmə sahəsində idarəetmə
mexanizminin, valideyn himayəsindən məhrum olmuş və
övladlığa götürülən uşaqların,
habelə övladlığa götürməyi arzu edən
şəxslərin uçotunun təkmilləşdirilməsi,
övladlığa götürmə prosesində şəffaflığın
təmin edilməsi, övladlığa
götürülmüş uşaqların yeni ailələrdə
yaşaması və inkişafı prosesinə nəzarətin
gücləndirilməsi, övladlığa götürmə
ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi,
övladlığa götürmə sahəsində xidmətlərin
elektron qaydada aparılması və mülki hüquq pozuntusunun
tənzimlənməsi məsələlərini nəzərdə
tutur.
Müzakirələrdən sonra qanun layihələri qəbul
edildi.
Gündəlikdə
olan Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində
xidmətə görə” medalının təsis edilməsi
ilə əlaqədar "Azərbaycan Respublikasının
orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi”
(birinci oxunuş), "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında” və "Azərbaycan
Respublikasının Hərbi-Dəniz bayraqları haqqında”
və "Azərbaycan Respublikası Dövlət
bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə qanunun layihələri (birinci oxunuş) də qəbul
edildi.
İclasda
son olaraq "Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” və "Azərbaycan
Respublikasının Əmək Məcəlləsində və
"Məşğulluq haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
qanun layihələri birinci oxunuşda müzakirə edildi. Hər iki qanun layihəsinə müsbət
münasibət bildirildi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 23 oktyabr.- S. 1; 3.