TANAP indiyədək Türkiyəyə 2,7 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib

 

13 ildir Gürcüstana və Türkiyəyə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından çıxarılan mavi yanacaq ixrac edilir. Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan qazını ölkəmizin və Gürcüstanın ərazisindən keçirərək Türkiyə sərhədinə çatdırır.

Gürcüstan-Türkiyə sərhədində CQBK-ya daha bir xətt birləşir və qaz onun vasitəsilə Ərzurumadək nəql olunur. Səngəçaldan Ərzurumadək uzanan bu ixrac marşrutu Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır.

"Cənub qaz dəhlizi”nin mühüm hissəsi olan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilərək Türkiyəyə "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı da ixrac edir. Beləliklə, indi Türkiyə Azərbaycandan həm BTƏ kəmərinin daşıdığı, həm də TANAP-ın genişləndirilmiş CQBK-dan qəbul etdiyi "Şahdəniz” qazını alır.

TANAP-la Türkiyəyə ilk qazın nəqli planlaşdırıldığı kimi 2018-ci il iyunun 30-da başlayıb. TANAP-ın baş direktoru Saltuk Düzyolun verdiyi məlumata görə, cari ilin sentyabr ayının sonuna qədər bu kəmərlə Türkiyəyə 2,7 milyard kubmetr qaz daşınıb.

"Şahdəniz-2”dən çıxarılacaq illik 16 milyard kubmetr qazın 6 milyard kubmetrinin Türkiyəyə, 10 milyard kubmetrinin Avropa ölkələrinə ixrac olunacağı planlaşdırılıb. Cari ildə TANAP-la qardaş ölkəyə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.

TANAP bu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazını Avropaya ötürmək üçün də hazır vəziyyətə gətirilib.

Kəmərin səhmlərinin 51 faizi "Cənub qaz dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi "Botaşa, 12 faizi BP şirkətinə məxsusdur.

S.Düzyolun verdiyi məlumata görə, səhmdarlar bu kəmərin işlənilməsindən illik 1,45 milyard dollar həcmində gəlir əldə edəcəklər. Bu gəlirin 58 faizi Azərbaycanın payına düşəcək. TANAP-ın baş direktoru həmçinin bildirib ki, ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 45 faiz qənaətə nail olunub. Layihəyə 6,5 milyard dollar sərmayə yatırılıb.

Xatırladaq ki, TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalayıblar. Layihənin həyata keçirilməsi üçün verilən start uğurla gerçəkləşdirilən mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik işləri ilə davam etdirilib. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda kəmərin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın prezidentləri iştirak ediblər.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ı "Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırıb və onun vaxtında istifadəyə verilməsinin vacib olduğunu vurğulayıb.

Belə ki, TANAP "Cənub qaz dəhlizi”ni yaradan üç kəmərin ən böyüyüdür. TANAP Türkiyənin 20 vilayətindən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərindən keçir. Türkiyə-Yunanıstan sərhədindəki Kipoi məntəqəsində dəhlizin gələn il istifadəyə veriləcək son hissəsinə - TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Bir tərəfdən CQBK-ya, digər tərəfdən TAP-a bağlandığı üçün TANAP-ı "Cənub qaz dəhlizi”nin "birləşdirici halqası” da adlandırırlar.

Bu il Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər NeftQaz Sərgisində Prezident İlham Əliyev demişdir: "2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi "Cənub qaz dəhlizi”nin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, "Cənub qaz dəhlizi” dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını dünya bazarlarına daha böyük həcmdə ixrac etməyə başlamışdır”.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 1; 6.