“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub

 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 75 illiyini qeyd edir. Bununla bağlı Rusiyanın "Rossiya-24” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin də müsahibəsinin yer aldığı reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Mariya Bondaryovanın müəllifi olduğu reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya elitasının kadrlar emalatxanası adlandırılır. Yetmiş beş il ərzində bu ali təhsil müəssisəsi beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanması üzrə aparıcı dünya mərkəzi kimi tanınıb. Hazırkı dövlət başçıları, nazirlər, milyarderlər, diplomatlar və məşhur jurnalistlər vaxtilə öz yollarını buradan başlayıblar.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ali təhsil müəssisəsinin mühazirəçilərinin çox böyük nüfuza malik olduğunu bildirərək qeyd edir ki, vaxtilə burada dərs dəyənlər sonradan tanınmış siyasətçilər, diplomatlar, səfirlər kimi öz fəaliyyətlərini davam etdiriblər. Onların arasında Azərbaycan Prezidenti İlham Əliyev də var.

Reportajda vurğulanır ki, valideynləri onu məktəbə tez göndərdiyinə görə Azərbaycanın dövlət başçısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna imtahanları 15 yaşında verib. Bu barədə Prezident İlham Əliyev deyir: "Mən Moskvaya ali məktəbə qəbul olunmağa arayışla gəlmişdim. İlk qış sessiyası qabağı isə 16 yaşım tamam oldu və mən pasport aldım. Əlbəttə, bu, yeniyetməlik çağıdır. Amma mən institutda özümü çox rahat hiss edirdim. Çünki şərait çox müsbət idi, həm qrupdakı uşaqlarla, həm də müəllimlərlə çox yaxşı münasibətlərim yaranmışdı. Həmin illər unudulmazdır. Onlar mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi. Deməliyəm ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində SSRİ səfirliyində işə təyinat alsam da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim, bundan sonra xeyli illər orada işlədim. Yəni, mənim 15 ilim institutla əlaqədar olub. Əlbəttə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ilk forumunun mənim təşəbbüsümlə Bakıda keçirilməsini elə bütün bunlar müəyyənləşdirdi. Hətta yadımdadır, o vaxt zarafat etdim ki, başqa cür ola da bilməz, təkcə ona görə yox ki, həmin vaxt mən yeganə Prezident idim, həm əlifbaya uyğun olaraq istər ölkənin, istərsə soyadımın ilk hərfinə görə belə olmalı idi. Forum Bakıda keçirilməli idi. Çox şadam ki, bu forum artıq ənənəyə çevrilib, məncə artıq 5-ci dəfə keçirilib. Əlbəttə ki, bu, hamımızı birləşdirir. İnstitut müəllimlərimi, dostlarımı fərəhlə xatırlayıram bu yubileydə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna yeni uğurlar arzulayıram. Şadam ki, bu ali məktəbə uzun illərdir mənim mehriban dostum Anatoli Vasilyeviç Torkunov başçılıq edir, İnstitutun inkişafında, dünyanın ən aparıcı ali məktəblərindən biri kimi tanınmasında onun çox böyük xidmətləri var”.

Reportajda deyilir ki, tanınmış məzunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tədbirlərində daim xatırlanır. Jurnalist Mariya Bondaryova ali təhsil müəssisəsində nadir sənədlərin nümayiş olunduğunu deyir. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin tələbə bileti var.

Reportajda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ali təhsil müəssisəsinin Qəyyumlar Şurasının sədr müavini Alişer Usmanov, Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski, tanınmış aparıcı Sergey Brilyovdan müsahibələr yer alıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 75 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirə təbrik məktubu ünvanlayıb. Məktubu ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu oxuyub. Məktubda deyilir ki, hazırda bu İnstitut haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır.

 

Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 2.