Ermənistanın
zəif, Azərbaycanın güclü
iqtisadiyyatı var
"Elm həftəsi” çərçivəsində UNEC-in Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin "Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri” mövzusunda ilk tədbiri təşkil olunub.
Rektor, professor Ədalət Muradov bildirib ki, tədbirdə UNEC Ermənistan iqtisadiyyatının araşdırma mərkəzinin apardığı təhlillərin nəticələri açıqlanacaq və bu istiqamətdə müzakirələr aparılacaq. Əsas məqsəd Ermənistanın mövcud iqtisadi durumunu və gələcək iqtisadi vəziyyətini araşdırmaq və müvafiq dövlət qurumlarını və ictimaiyyəti bu barədə məlumatlandırmaqdır. Ermənistan iqtisadiyyatının Azərbaycan iqtisadiyyatından müqayisəolunmaz dərəcədə zəif olduğunu bildirən Ədalət Muradov Azərbaycan Prezidenti cənab
İlham Əliyevin bütün dünyaya bəyan etdiyi "Qarabağ Azərbaycandır!” tezisinin tədqiqatlarda əsas tutulacağını diqqətə çatdırıb.
UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Mehdiyev Ermənistan iqtisadiyyatı ilə bağlı araşdırmaların aparılması ideyasını alqışladığını bildirib. Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) tikintisinə diqqəti çəkən məruzəçi, ölkə enerjisinin 40%-ni təmin edən AES-in istismar müddətinin başa çatdığını, lakin ermənilərin süni şəkildə bu stansiyanın fəaliyyətini davam etdirməyə çalışdıqlarını bildirib. Q.Mehdiyev Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın digər rayonlarının işğalı nəticəsində regionda reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı beynəlxalq layihələrdən kənarda qaldığını, kredit ödəmə qabiliyyəti olmadığı üçün iqtisadi əməkdaşlıq edə bilmədiyini bildirən professor Ermənistan iqtisadiyyatının 75%-nin Rusiyanın payına düşdüyünü deyib.
Çıxışdan sonra mövzu ilə bağlı suallar səsləndirilib. UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadənin Ermənistana xarici dövlətlər tərəfindən göstərilən maddi və sosial yardımların ÜDM-dəki payı, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlının Ermənistan dövlətinin xarici borcu və ödəmə mexanizmləri, professor Şahlar Əsgərovun təhsilin və elmin iqtisadiyyatdakı rolu, UNEC-in müəllimi Nazim Cəfərovun Dağlıq Qarabağ münaqişəsinin Ermənistan iqtisadiyyatına təsiri və digər məsələlərlə bağlı iştirakçıların sualları cavablandırılıb.
Milli Məclisin deputatı Flora Qasımova Ermənistan iqtisadiyyatının araşdırılmasının vacibliyindən danışıb. UNEC-in böyük elmi potensialı ilə bu istiqamətdə böyük töhfələr veriləcəyini və ictimaiyyətə həqiqətlərin çatdırılacağını vurğulayıb.
Tədbir müzakirələrlə davam edib. Universitetin Humanitar fənlər kafedrasının müdiri, professor Vəkil Həsənov ermənilərin Azərbaycana qarşı soyqırımı və işğalçılıq siyasətindən danışıb, "Trend” İnformasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev Ermənistan əhalisinin orta əmək haqqının məbləğini, işsizlik faizini və Rusiyadan hər il əldə etdiyi gəlirləri, UNEC-in prorektoru, professor Sakit Yaqubov işğalçı ölkənin bəzi iqtisadi göstəricilərini açıqlayıb.
Müzakirələrdən sonra təkliflər səsləndirilib.
Rektor Ədalət Muradov UNEC Eksterndə iqtisadçı tədqiqatçılar üçün erməni dilinin distant tədrisinə başlanılacağını, Ermənistan iqtisadiyyatında baş verənləri müzakirə etmək məqsədilə UNEC-də Debat klubun yaradılacağını, Ermənistan iqtisadiyyatı ilə bağlı rus, ingilis və erməni dillərində məlumat bazasının formalaşdırılacağını və tədqiqatçıların həmin bazadan sərbəst istifadəsinin təmin ediləcəyini bildirib. Rektor həmçinin Ermənistan iqtisadiyyatı ilə bağlı beynəlxalq tədbirlərdə UNEC-in Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin tədqiqatçılarının təmsil olunmasının vacibliyini diqqətə çatdırıb.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 4.