Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib

 

Oktyabrın 22-də Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların paytaxtın polis orqanlarında vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr edilmiş tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu deyib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb. O deyib ki, ümumilikdə kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, xidməti borca sədaqətə görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov nazirliyə 45 əməkdaşın dəvət edildiyini bildirib və namizədlərin siyahısını elan edib. Daha sonra iddiaçılar orta rəis heyətinə aid müxtəlif vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün əməkdaşlar Daxili İşlər nazirinin müvafiq əmrləri ilə "polis leytenantı” xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin olunurlar.

Tədbirə yekun vuran Daxili İşlər naziri gənc zabitləri təbrik edərək onlara tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur. O, vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, ölkə Prezidentinin rəhbərliyi altında hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında, dövlət başçımızın qeyd etdiyi kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Vilayət Eyvazov gənc zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Nazir əmin olduğunu bildirib ki, onlar bu istiqamətdə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

Gənc zabitlər adından çıxış edən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı Haldun Muradlı gənclərə göstərilən xüsusi diqqətə və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib, göstərilən yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlarına söz verib.

 

Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 5.