Prezident İlham Əliyevin mövqeyi xalqımızın iradəsini ifadə edir

 

Azərbaycanın Prezidenti cənab İlham Əliyev xarici ölkələrə səfərlərində, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində yüksək tribunalardan müqəddəs torpaqlarımızı işğal etmiş mənfur ermənilərə və onların havadarlarına qarşı həmişə qətiyyətli mövqe tutub, cəsarətli, tutarlı cavablar verib. Dövlət başçısının oktyabrın 3-də Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında və oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışları bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Həmin çıxışlar zamanı deyilən sözlər Ermənistanda ciddi təşviş doğurmuş, onlarda şok yaşatmışdır. Azərbaycan Prezidenti Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə həyasızcasına səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə” bəyanatına "Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri ilə cavab verməklə ermənilərə və onların himayədarlarına sarsıdıcı zərbə vurmuşdur.

Ölkəmizdə xalqın vətənpərvərlik əhvali-ruhiyyəsi, torpaqlarımızı işğalçılardan azad etmək istəyi getdikcə güclənir. 2016-cı ilin Aprel döyüşləri bunu sübut etdi. Həmin döyüşlərdə Azərbaycan Ordusu tərəfindən düşmən əsarətində olan minlərlə hektar ərazi, strateji yüksəkliklər azad olundu. Erməni silahlı qüvvələri aldığı ağır zərbələrdən hələ də özünə gələ bilmir. Bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın torpaqlarımızı tezliklə geri qaytarmaq əzmini bir daha nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyevin Rusiya Prezidenti V.Putinlə görüşü, "Valdayklubunun iclasında iştirakı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyimizin dünya liderlərinə və aparıcı siyasi ekspertlərə çatdırması üçün əlverişli məkan oldu. Əgər Nikol Paşinyan öz sərsəm bəyanatını Xankəndidə separatçıların, quldurların qarşısında səsləndirmişdisə, dövlətimizin başçısı onun cavabını dünya liderləri və siyasətçilərinin gözləri qarşısında verdi.

Prezident İlham Əliyev öz tarixi çıxışında həm də torpaqlarımızın 20 faizindən çoxunun ermənilər tərəfindən işğal olunmasına, Ermənistanın işğalçılıq siyasətinin bu gündavam etməsinə, onun beynəlxalq hüquq normalarına hörmətsizliyinə, günahsız insanların həlak olmasına, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin bugünə kimi yerinə yetirilməməsinə və bu zaman ikili standartların tətbiqinə ciddi etirazını bildirmişdir.

Möhtərəm Prezident Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının Zirvə Görüşündə, "Valday” Beynəlxalq Diskussiya Klubunda sərgilədiyi mövqeyi qətiyyətlə davam etdirmişdir. Dövlət başçısı qeyd etdi ki, Ermənistanın faşist cəlladlarının xatirəsini əbədiləşdirmək cəhdləri yolverilməzdir. Ermənistan faşistlərə xidmət edən Qaregin Njdeyə abidə qoymaqla, adına küçə verməklə faşizm ideyalarının dirçəldilməsinə rəvac verir. Beynəlxalq birlik, dünya ölkələri buna qarşı ciddi ölçü götürməlidirlər.

Dövlət başçısı faşist Qaregin Njdeyə abidə ucaldan Ermənistanın terrorçu, işğalçı dövlət olduğunu vurğuladı. Belə ki, Ermənistan sülh istəmir, ölkəmiz isə sülh tərəfdarıdır. Əgər sülh yolu ilə mümkün olmasa, torpaqlarımızı hərbi yolla təcavüzdən azad edəcəyik.

Odur ki, xalqımız dövlət başçısının ermənilərə verdiyi layiqli cavabları alqışlayır və ürəkdən bəyənir.

Son günlər ermənilər Şuşada məşhur Yuxarı Gövhər Ağa məscidini guya "təmir” etdiklərini deyirlər. Əksinə, bu təcavüzkar rejim Azərbaycanın dünya əhəmiyyətli Yuxarı Gövhər Ağa məscidini təmir yox, digər minlərlə tarixi dini abidələrimiz kimi, bərbad bir vəziyyətə - özlərinə sərf edən istiqamətə salaraq, məscidin fasadındakı çoxsaylı daş kitabələri, yazılı abidə nümunələrini silmiş, onun minarələrində hörgüdə işlənmiş "Allah” sözlərini məhv etmişdir. Erməni faşistləri məşhur xəttat və rəssam M.Nəvvab Qarabağinin məscidin içərisində çəkdiyi şəkilləri, onun içərisindəki Quran ayələrini və həyətindəki mədrəsə binasını, Qarabağ xanlığının zadəgan nəslinə mənsub insanların, tanınmış alim və dindarların uyuduğu məscid qəbiristanlığını və Gövhər Ağanın vəqf mülkünə aid olan digər yazılı abidələri də vəhşicəsinə dağıtmış, vandalizmə məruz qoymuşlar.

Bu məsələni də dünya ictimaiyyəti və nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdıraraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz”.

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ məsələsinin həllində ölkəmizin ardıcıl mövqeyini bir daha açıb göstərdi, Ermənistan rəhbərliyinin təcavüzkar siyasətinə qarşı dövlətimizin götürdüyü xəttin bundan sonra da uğurla davam etdiriləcəyini əminliklə bəyan etdi.

 

Əlizadə NƏCƏFOV,

 

Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri,

 

tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 5.