Qafqaz regionu beynəlxalq təhdidlər şəraitində iqtisadiyyatın inkişafı baxımından ən fəal regionlardan biridir

 

"Proteksionizm riski, ticarət müharibələri, Brexit ilə bağlı ehtimal edilən sərt ssenari, Yaxın Şərqdə mövcud problemlər kimi yeni beynəlxalq təhdidlər şəraitində iqtisadiyyatın inkişafı baxımından ən fəal regionlardan biri Qafqaz regionudur”.

Nyu York Universiteti yanında Leonard Stern Biznes Məktəbinin iqtisadiyyat üzrə professoru Nuriel Rubini bu fikirləri Tbilisidə Gürcüstan hökuməti, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf NazirliyiXarici İşlər Nazirliyi tərəfindən təşkil edilmiş İpək Yolu Forumunun ("Silk Road Forum-2019”) rəsmi açılış mərasimində söyləyib. Onun sözlərinə görə, hazırda kapitalın inteqrasiyası, nəqliyyat və enerji layihələrinin birgə reallaşdırılması dünya iqtisadiyyatının inkişafında böyük rol oynayır və bu mənada Gürcüstan bir sıra ölkələrlə, o cümlədən qonşu dövlətlərlə əməkdaşlığın yaxşı nümunəsidir.

Qeyd edək ki, forumda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər təmsil edirlər.

Forumun ilk günündə ticarət, süni intellekt, nəqliyyat və energetika ilə bağlı məsələlərin geniş spektri ayrı-ayrı qruplarda müzakirə olunacaq, tədbirin ikinci günü isə Gürcüstanda özəl sektorun vəziyyəti və investisiya imkanları mövzusuna həsr edilib.

Forum çərçivəsində aktual məsələlər üzrə müxtəlif paralel tədbirlər də keçiriləcək.

 

Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 6.