Xarici turistlərin Azərbaycana rahat gəlib-getmələri üçün
hər cür şərait
yaradılıb
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Biz ölkələrimizə xaricdən turistlərin cəlb edilməsi və ölkələrimiz arasında turist axınını təşviq etmək üçün səylərimizi artırmalıyıq. 2019-cu ilin doqquz ayında Azərbaycana ümumilikdə 2 milyon 400 min turist səfər edib ki, onlardan 330 mini türkdilli ölkələrin payına düşür. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 285 min idi”.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər ölkəmizdə turizm iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Dövlət başçısının fərman və sərəncamlarının icrası və turizmin inkişafına dair dövlət proqramlarının qəbulu bu sahədə dünya standartlarına uyğun irəliləyişə və inkişafa zəmin yaratmışdır. Ölkəmizdə turizmin əksər növləri - kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni-sosial, çimərlik, kommersiya, idman, dini və s. inkişafı üçün geniş imkanlar mövcuddur. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb.
Dediklərimizi bu günlərdə Avropadan dünyanın hər tərəfinə yayılan xoş xəbər də sübut edir. Belə ki, Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan "Lufthansa” Bakını ayın şəhəri elan edib. Dövlət Turizm Agentliyindən bildirilib ki, aviaşirkət Azərbaycan paytaxtını gecə mənzərəsi hər zaman hərəkətdə olan, bərq vuran şəhərə bənzədib.
Şirkətin təqdimatında Bakı Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi, Dənizkənarı bulvar ərazisi insanları bir-birinə yaxınlaşdıran və mehribanlaşdıran məkan kimi qeyd olunub.
Həmçinin aviaşirkət öz səhifəsində İçərişəhəri bir labirintə bənzədib. Təqdimatda yeni və qədim memarlıq abidələrinin Bakıya xüsusi gözəllik verdiyi, Şərqlə Qərbin sintezini yaratdığı vurğulanıb. Heydər Əliyev Mərkəzi Azərbaycanın müasirləşməsinin simvolu kimi dəyərləndirilib. Avropa ilə Asiya arasında yerləşən Bakını məşhurlaşan meqapolis adlandıran "Lufthansa” öz müştərilərini Azərbaycana gəlməyə dəvət edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xaricdən turistlərin cəlb edilməsi vacibdir. Odur ki, bu sahənin inkişafı üçün bütün mümkün variantlardan günün tələbləri səviyyəsində istifadə olunur, yeni layihələr həyata keçirilir. Məsələn, bu günlərdə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən ölkədə macəra turizminin inkişafı, dağçılıq və ekstremal idman növlərinə marağın artırılması məqsədilə yeni layihənin icrasına başlanılıb. Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Vətənimdə qarış-qarış” layihəsi çərçivəsində macəra turizminə marağı olanların təlimatlandırılması, turizmin bu növü üçün müəyyən regionlarda yeni marşrutların yaradılması, turistlərin təhlükəsiz hərəkətinin təmini məqsədilə həmin ərazilərdə istiqamətləndirici nişan və məlumat lövhələrinin yerləşdirilməsi nəzərdə tutulur. İsmayıllı rayonundan başlayan layihə çərçivəsində Sulut kəndi ərazisindəki Fit dağında yerləşən XVII-XVIII əsrlərə aid "Buzxana” və "Qırxotaq əfsanəsi” abidələrinin marşrutu üzrə istiqamətləndirici nişan və məlumat lövhələri yerləşdirilib.
Layihənin respublikanın digər regionlarında da həyata keçirilməsi nəzərdə tutulur. Hazırda macəra turizmi üçün əlverişli bölgələrdə yeni marşrutların müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır. Bundan əlavə, ölkəmizdə turizmin inkişafına çox böyük təkan verəcək yeni viza növünün tətbiqi nəzərdə tutulur. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Dövlət Miqrasiya Xidməti (DMX) arasında ciddi müzakirələr aparılır.
NRYTN yanında İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli bildirib ki, hazırda rəhbərlik etdiyi qurum bu istiqamətdə iş aparır: "Azərbaycanda startapların dəstəklənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq, bir sıra dövlət müəssisələri, o cümlədən NRYTN yanında İnnovasiyalar Agentliyi publik hüquqi şəxsi yaradılıb. Agentliyin məqsədi yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərmək, habelə onların transferini təşkil etmək, innovasiyayönümlü elmi tədqiqatları dəstəkləmək, innovativ layihələri (o cümlədən startapları) təşviq etmək, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirmək, innovasiya təşəbbüskarlığını təbliğ etməkdir”.
Onun sözlərinə görə, agentlik makroiqtisadi miqyasda ölkədə yeni iş yerləri açacaq, yeni dəyər və məhsul yaradacaq yerli sahibkarlarla yanaşı əcnəbi sərmayəçiləri də Azərbaycana yatırıma təşviq edib onlarla iş aparacaq: "Belə ki, xaricdən gələcək yeni istedadların, sahibkarların ölkənin ekosisteminə daxil olmağın sadələşdirilmiş prosesini təmin etmək məqsədi ilə dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycana gəlməsinə və Azərbaycandan getməsinə, orada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verəcək rəsmi sənəd - "Start-up Visa” - layihəsinin üzərində işlər aparılır. Odur ki, süni intellekt, blokçeyn texnologiyaları, əşyaların interneti, maliyyə texnologiyaları, startaplar və s. bu kimi innovativ sahələrdə bir startapınız varsa və yaxud da buna hazırlaşırsınızsa, Azərbaycanda işinizə davam etmək şansınız yüksəkdir”.
Xatırladaq ki, bir sıra ölkələrdə - Latviya, Litva, Estoniya, Fransa, Danimarka, İrlandiya, İtaliya, İsveç, Niderland, Çilidə bu cür vizalardan istifadə olunmaqdadır. 2014-cü ildə açılmış İtaliyanın "Startap Visa”sına 2019-cu ilin birinci rübünün sonuna qədər 434 müraciət olub, onlardan 230-u təsdiqlənib. Estoniyada isə "Start-up Visa” 2017-ci ildən açılıb və ilk 6 ayda artıq 400 belə vizaya müraciət edilib. Onlardan 113 müəssisənin müraciəti təsdiqlənib. Litvada da "Start-up Visa” 2017-ci ildən açılıb. 2018-ci ildə bu viza üçün 178 xarici şirkət müraciət edib ki, bu da 2017-ci illə müqayisədə 41 faiz çoxdur.
Müşahidələrdən görünür ki, gələcəkdə Azərbaycan inkişaf etmiş turizm ölkələri sırasında ən diqqətçəkən ölkələrdən olacaq.
Rəhman SALMANLI
Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 7.