Azərbaycan Varnada Turizm Forumunda təmsil olunub
Azərbaycanın turizm potensialı və mədəniyyətinin Bolqarıstanda təbliğinin davamı olaraq Bolqarıstanın Turizm Nazirliyi, Varna Bələdiyyəsi və Varna Turizm Palatası tərəfindən cari ilin 27-29 sentyabr tarixində Bolqarıstanın Varna şəhərində təşkil olunmuş 10-cu Qara Dəniz Turizm Forumunda Bolqarıstanın 16 bələdiyyəsi və bir sıra xarici ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunub.
Səfirlikdən APA-ya verilən məlumata görə, "Yerli mənsubiyyət və qlobal turizm” adı altında baş tutmuş bu forumda Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin turizm potensialı haqqında təqdimat keçirilib. Forum çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan milli stendlə təmsil olunub. Təqdimat zamanı Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, ənənələri, mətbəxi, eləcə də ölkədə keçirilmiş mötəbər beynəlxalq tədbirlərdən bəhs edilib, turizm infrastrukturu, mövcud turizm marşrutları və turistlər üçün yaradılmış şərait barədə tədbir iştirakçılarına məlumat verilib. Milli stenddə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunub, ölkənin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanıb.
Tədbirin açılışında iştirak edən Bolqarıstan Turizm nazirinin müavini Milko Teofilov və Varna merinin müavini Kosta Bazitov Azərbaycan stendini ziyarət edib, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıb.
Tədbirin sonunda forumda fəal iştiraka
görə Azərbaycan Respublikasının Bolqarıstan
Respublikasındakı səfirliyi diplomla təltif
edilib.
Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 7.