Dünyanın gözü də, özü də İçəri şəhərdədir

 

Bakının rəmzi yadigarlarından ən yaddaqalanı İçəri şəhərdir. Demək olar ki, dünyanın gözü bu qədim-qala şəhərinə dikilib. Ölkəmizə gələn turistlərin də ilk növbədə bu ulu məkanı ziyarət etmələri təsadüfi deyil. Çünki burada "zamanlar görüşür və ayrılır”.

Bakının "döyünən ürəyi” daim əcnəbi qonaqlarla dolu olub. Bu gün də elədir. İçərişəhər xarici turistlərin diqqətini özünə çəkməkdədir.

Dünyanın əmin-amanlıq baxımından ən təhlükəsiz ölkələrindən biri kimi tanınan Azərbaycan son illər turizmin inkişafında da yüksək yerlərdədir. Bunun bariz nümunələrindən biri də ölkəyə turist axınıdır ki, o da İçəri şəhərdə hər gün öz təsdiqini tapmaqdadır. Dünya şəhərləri üzrə tərtib edilən təhlükəsizlik reytinqində Bakının öncül yer tutması da İçəri şəhərin qonaqlı-qaralı günlərinin əsas səbəblərindəndir. İçəri şəhərdən xoş təəssüratlarla ayrılan əcnəbi növbəti ildə dostu, qonşusu, həmfikri ilə bura gəlir. Şəkildən də göründüyü kimi, paytaxt Bakının əcnəbi qonaqları arasında ərəb, alman, ingilis, fransız, fars və digərləri İçərişəhəri heyranlıqla gəzib-dolaşır və burada qardaşlaşırlar.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 23 oktyabr.- S. 7.