Prezident İlham
Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin
olunması ilə əlaqədar qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də
Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri
təyin olunması ilə əlaqədar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dedi:
-Mən qərara gəldim ki, sizi
İqtisadiyyat naziri vəzifəsinə təyin edim. Siz müxtəlif vəzifələrdə, o cümlədən
İqtisadiyyat Nazirliyində nazir müavini vəzifəsində
çalışmısınız, Təhsil naziri, Vergilər
naziri kimi fəaliyyət göstərmisiniz. Xüsusilə sizin Vergilər naziri kimi fəaliyyətinizi
qeyd etməliyəm. Aparılan islahatlar nəticəsində
vergilər sistemində şəffaflıq təmin edilir,
biznes dairələri üçün vahid qaydalar tətbiq
olunur.
Azərbaycanda
sahibkarlığın inkişafı üçün vergilər
stimulverici rol oynayır və nəticələr də göz
qabağındadır. Bu il Vergilər Nazirliyi plandan əlavə
təqribən 350 milyon manatdan çox vəsait toplayıb və
əlbəttə ki, bu, şəffaflığın təzahürüdür.
Təbii ki, bu vəsait bizə bu il
çox geniş və ciddi sosial paket icra etmək imkanı
verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün
analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən
faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə,
minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə
görə biz MDB məkanında birinci yerdəyik, amma orta
pensiyanın səviyyəsinə görə
üçüncü yerdəyik. Yəni,
bu, doğrudan da çox böyük sosial təşəbbüsdür.
Əlbəttə, əgər bizim maliyyə
imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik.
Bütün bunları nəzərə
alaraq, mən sizi İqtisadiyyat naziri vəzifəsinə təyin
edirəm. Bu, çox məsuliyyətli vəzifədir. Əlbəttə, Azərbaycan iqtisadiyyatının
bundan sonra qeyri-neft sektoru hesabına inkişafı bizim əsas
prioritetimizdir.
Hələ ulu öndər
Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı
güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir
və bu gün bizim siyasi müstəqilliyimizin təməlində
iqtisadi müstəqillik dayanır. Mən
bunu öz çıxışlarımda dəfələrlə
demişəm. Əgər bizim
iqtisadiyyatımız kənar dairələrdən
asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik.
Bizim siyasi müstəqilliyimizin, o cümlədən
xarici siyasətdə apardığımız prinsipial
mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir.
Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə
nail olmaq üçün çalışmışam,
müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən
siyasi baxımdan heç kimdən, heç bir ölkədən
asılı deyil, prinsipial müstəqil siyasət aparır,
o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin
edir. Azərbaycan xalqının
maraqlarını, dövlət maraqlarını bütün
beynəlxalq tribunalardan müdafiə etmək
üçün əlbəttə ki, bizim iqtisadi
imkanımız olmalıdır.
Biz indi dünyada gedən
proseslərə diqqətlə baxırıq və
görürük ki, hansı ölkələr iqtisadi cəhətdən
başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə
qurumlarından asılıdırsa, o ölkələr
müstəqil siyasət apara bilməz, o ölkələr bir
növ böyük ölkələrin girovuna, alətinə
çevrilir.
O ölkələrin hökumətlərini bəzi hallarda
öz xalqına, öz milli maraqlarına görə istifadə
etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə
davam gətirə bilmir. Bizə də təzyiq
göstərilir və mənim Prezident kimi fəaliyyətimin
bütün dövrlərində göstərilən təzyiqlə
üzləşmişik. Ancaq buna davam gətirə
bilmişik, müqavimət göstərmişik, öz
sözümüzü demişik və heç bir təzyiq,
heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə
təsir edə bilməz. Nə
üçün? İlk növbədə,
biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy
sorğuları göstərir ki, bizim hökumətimizə
ictimai dəstək nə qədər yüksəkdir. O
cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son
hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə
olan inam baxımından biz dünya miqyasında ön
sıralardayıq. Ona görə iqtisadi müstəqillik
bizim üçün əsas vəzifə olaraq qalır.
Buna nail olmaq üçün biz gələcək
illərdə çox böyük səylər göstərməliyik.
Bizim
iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil
edir. Bu, təbiidir. Bu, demək olar ki,
neft-qazla zəngin olan bütün ölkələrdə
müşahidə edilən mənzərədir və bu,
faktdır. Bəzi hallarda bunu mənfi amil
kimi yozurlar. Mən bunu mənfi amil kimi qəbul edə
bilmərəm, çünki məhz neft-qaz sektorunun
inkişafı hesabına biz böyük infrastruktur layihələri
icra etmişik, neft-qaz sektorunun gəlirləri hesabına biz
300 mindən çox köçkünü yerləşdirmişik,
biz ordumuzu gücləndirmişik, biz böyük sosial layihələri
icra etmişik. Əgər bizdə neft-qaz sektoru
olmasaydı, yaxud da ki, bu sektoru inkişaf etdirməsəydik,
biz nəyin hesabına inkişaf edəcəkdik? Guya kimsə bizə gəlib arxa mı duracaqdı?
Hansısa ölkə, yaxud da ki, beynəlxalq
maliyyə qurumu bizə kömək mi göstərəcəkdi?
Biz o illəri yaxşı
xatırlayırıq, mən yaxşı xatırlayıram. 1990-cı illərdə
bizim pulumuz yox idi və biz beynəlxalq maliyyə qurumlarından,
böyük dövlətlərdən bir növ asılı
idik. Onlar da bəzi hallarda bizə diktə
etməyə çalışırdılar. Ona görə iqtisadi müstəqillik mənim siyasətimin
ana xəttini təşkil edir. Bu, bizə
güc verir, inam verir, xalqımız təhlükəsizlik
şəraitində yaşayır və biz ölkə
üçün vacib olan bütün layihələri icra
edirik.
İndiki dövrü mən
şərti olaraq postneft dövrü adlandırardım. Ona görə yox ki, bizim
neftimiz tükənir, əksinə, bizim ehtiyatlarımız
kifayət qədər yüksəkdir, o cümlədən qaz
ehtiyatlarımız 2,6 trilyon kubmetrə bərabərdir.
Yeni kontraktlar imzalanıb, kəşfiyyat işləri
aparılır və neft-qaz sektorumuz bundan sonra da ölkəmizin
həyatında önəmli rol oynayacaq. Ona
görə mən indiki dövrü postneft-qaz dövrü
adlandırıram ki, bizim siyasətimizdə bu sahə kənara
qoyulmalıdır. Bu sahədə nə
lazım idisə gördük, həm Bakı-Tbilisi-Ceyhan neft,
həm Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub
Qaz Dəhlizi tarixi layihələrdir. Bunları
biz görmüşük. İndi bu layihələrin
faydasını biz və gələcək nəsillər
görəcəklər. Ancaq biz iqtisadi
inkişafımızı qeyri-neft sektoru üzərində
qurmalıyıq və burada əlbəttə ki,
aparıcı rol İqtisadiyyat Nazirliyinin üzərinə
düşür. Əminəm ki,
İqtisadiyyat naziri kimi siz bu tapşırıqları yerinə
yetirəcəksiniz.
Bizim iqtisadiyyatımız
dayanıqlı olmalıdır. İndiki iqtisadi
artım templəri məni qane etmir. Düzdür, bunun
obyektiv səbəbləri var. Hazırda neftin
hasilatının bir qədər aşağı düşməsi
nəticəsində ümumi daxili məhsulda müəyyən
dərəcədə yavaşıma var. Ancaq doqquz ayda
ümumi daxili məhsul 2,5 faiz artıb,
amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki,
bu, pis göstərici deyil. Ancaq bizi qane
etmir. Düzdür, kənd təsərrüfatı
7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox
artıb. Bu, çox müsbət
hallardır. Ancaq biz elə etməliyik ki,
bu inkişaf dayanıqlı olsun. Buna nail
olmaq üçün bundan sonra da çox ciddi islahatlar
aparılmalıdır.
İslahatlara alternativ yoxdur. Mən yeni
iqtisadi model haqqında öz andiçmə mərasimimdə
fikirlərimi ifadə etmişəm. Əsas
konturlar o vaxt müəyyən olunub. Ondan
sonra aparılan islahatlar, o cümlədən kadr islahatları
bu məqsədi güdür. Kadr
islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə
köhnə təfəkkürlə uğurlara imza ata bilmərik.
Əlbəttə, yeni, savadlı, bilikli,
müasir kadrlar, ilk növbədə, Vətənə
bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən
azad olmalıdırlar və vətənpərvər
olmalıdırlar ki, Vətənin inkişafı
üçün öz səylərini göstərə
bilsinlər.
Əsas vəzifələr
bundan ibarətdir. Deyə bilərəm ki, islahatlar
yaxşı nəticələr verir. Bu
ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi
qeydiyyata alındı. Yəni, bu, nə
deməkdir? Yəni, bu yüz min insan
kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi.
Onlar zərflərdə maaş
alırdılar. Bəzi hallarda onlara yazılan
aşağı maaş reallığı
əks etdirmirdi. Bu, bizim
iqtisadiyyatımızı təhlükə altına qoyur.
Bir də ki, bu insanlar gələcəkdə
pensiyaya çıxacaqlar. Bəs
onların pensiya haqqı nəyin hesabına hesablanacaq?
Ona görə mən, o cümlədən muzdla işləyən
vətəndaşlara da üz tutub deyirəm: bu işlərə
baş qoşmayın. Əgər hansısa sahibkar sizə
tutaq ki, 500 manat maaş verirsə və
onun 250 manatını rəsmi qaydada verirsə, siz buna razı
olmayın. Çünki sabah pensiya
almayacaqsınız. Sosial sığorta problemi
olacaq. Biz indi icbari tibbi sığortaya
keçirik. Orada da problem yaranacaq. Əlbəttə ki, burada nəzarət daha
güclü olmalıdır. Hesab edirəm ki, 100 mindən
çox iş yerinin rəsmiləşdirilməsi ilə bu
iş yerlərini, o cümlədən o sahibkarların fəaliyyətini
biz kölgədən çıxarırıq. Bu iş yerlərinin
80 faizi qeyri-neft sektorunda qeydiyyata alınıb. Hələ
ki, ən azı on minlərlə insan indi demək olar ki, bir növ
kölgə iqtisadiyyatında fəaliyyət göstərir.
Ona görə bu sahə
çox ciddi diqqət tələb edir, çox ciddi
addımlar atılmalıdır. Əminəm ki,
İqtisadiyyat Nazirliyi bu məsələnin öhdəsindən
gələcək. Ümumiyyətlə,
bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru
hesabına davam etdirilməlidir. Buna nail
olmaq üçün son illər böyük işlər
görülüb, sənaye zonaları yaradılıb, orada
xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar
yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir.
Ancaq bütün bu işləri biz, ilk növbədə,
biznesin inkişafı prizmasından həll etməliyik. Biz çox yaxşı bilirik ki, inkişaf etmiş
ölkələrdə ümumi daxili məhsulda əsas rolu
kiçik və orta sahibkarlar oynayır. Bizdə
isə hələ ki, belə deyil. Biz də
çalışmalıyıq elə bir şərait yaradaq
ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi
olan hər bir insan bizneslə məşğul ola
bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad
olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər
gərək kəsilsin. Bəzi hallarda
dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri,
nümayəndələri imkan vermirlər, xüsusilə
bölgələrdə. Əgər indi kimsə
özü üçün bir balaca iş qurursa, gəlib zəli
kimi onun bədənindən yapışırlar, qanını
sorurlar. Belə adamlara qarşı çox ciddi
tədbirlər görüləcəkdir. Hüquq-mühafizə
orqanları artıq məndən çox ciddi
tapşırıq alıblar və siz nazir kimi
çalışmalısınız ki, belə hallara yol verilməsin,
əgər yol verilərsə, dərhal məni məlumatlandırın.
Belə yaramaz məmurlara qarşı ən
ciddi sanksiyalar və tədbirlər görüləcəkdir.
Ona görə biz sahibkarlara nəfəs verməliyik
ki, onlar rahat işləsinlər. Vergidən başqa
heç bir ödəniş ola bilməz.
Eyni zamanda, haqsız rəqabət,
bu da bizim üçün böyük yaradır. Buna təkan
verən dövlət məmurlarıdır, hansıların
ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə
edərək rəqibləri sıradan çıxarırlar,
bəzi hallarda şərləyirlər. Elə
şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini
satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən.
Mən bilirəm, sizə nazir kimi, xüsusilə
Vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə
çalışırdılar ki, bizim biznesimizə dəymə.
Mən bilirəm ki, siz onların
qarşısında çox mətanətlə
çıxış etmişiniz. Mən
bunu həmişə dəstəkləmişəm və sizə
həmişə dəstək olmuşam. Demişəm
ki, heç kimə baxmadan bütün işlər ən
yüksək səviyyədə görülməlidir.
Heç kim heç bir imtiyaza sahib ola bilməz.
Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə
xidmət etmək və pozuntulara yol verməmək.
Ona görə sizin
qarşınızda çox böyük vəzifələr
dayanır. Ölkə iqtisadiyyatının dayanıqlı
inkişafı bizim üçün hazırda əsas prioritet
məsələdir. Dediyim kimi, bu, imkan verəcək
ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq.
Nazir Mikayıl
Cabbarov:
Mmöhtərəm cənab Prezident, Sizə dərin təşəkkürümü
bildirirəm. İlk növbədə, göstərdiyiniz
etimada görə təşəkkür edirəm. Məsuliyyətimi tam şəkildə dərk edirəm.
Sizin rəhbərliyinizlə indiyə qədər
gördüyümüz işlərdə əldə etdiyimiz
nailiyyətlər Sizin dəstəyinizin, həmkarlarımın
gərgin işinin nəticəsidir. Olan
çatışmazlıqlar isə mənim üzərimə
düşən məsuliyyətdir.
Fəaliyyətimizə
verdiyiniz qiymət mənim üçün ən böyük
şərəfdir. Sizin rəhbərliyinizlə, həmkar
nazirlik və dövlət təsisatlarımızla birlikdə
biz ölkəmizin dayanıqlı və davamlı
inkişafının, iqtisadi inkişafının təmin
edilməsi üçün Sizin
tapşırdığınız prinsiplər əsas
götürülməklə fəaliyyət göstərəcəyik.
Söz verirəm ki, bu məqsədlər
üçün səylərimi əsirgəməyəcəyəm.
İqtisadiyyatımızın
rəqabətliliyini daim artırmağı, iqtisadi müstəqilliyimizi
daim möhkəmləndirməyi, iqtisadiyyatı inkişaf
etdirməyi əsas vəzifəm kimi qəbul edirəm. İnanıram
ki, iqtisadiyyatı inkişaf etdirmək dövlət və vətəndaşların
gəlirlərinin və imkanlarının
artırılmasının yeganə yoludur. Sizin kimi siyasi liderin, möhtərəm cənab
Prezident, hökumətində yer tutmaq mənim
üçün ən böyük şərəfdir. Bir daha yüksək etimadınıza görə Sizə
dərin təşəkkürümü bildirmək istəyirəm.
Prezident İlham Əliyev: Sağ
olun. Sizə uğurlar arzulayıram. Əminəm ki, nəticələr yaxşı
olacaq.
Azərbaycan.- 2019.- 24 oktyabr.- S.2.