İgidlər ölmür, itmir, Əbədiyaşardılar

 

"İtkin oğullar” silsiləsindən Milli Qəhrəman Riad Əhmədova bu şeiri yazdım, verdim küləklər ona aparsın.

 

İtkin qəhrəmanların

Hər yerdə öz payı var.

Onların öz günəşi,

Öz ulduzu, ayı var.

Riad Fikrət oğlunun

Döyüşən alayı var.

Onlar barışmayıbdı

Atəşkəslə, filanla, -

Barış adlı yalanla...

Onlar bizi hər zaman,

İzləyirlər, baxırlar.

Zülmət ayaq açanda

Şimşək olub çaxırlar.

Kəndlərimiz yananda

Yağış olub yağırlar.

Dağ seli olur hərdən,

Hərdən boz duman olur.

İtkin qəhrəmanlarım;

Yaşadan ümid olur,

Təntimiş güman olur,

İtkin qəhrəmanlarım.

Riad, Riad, ay Riad...

Salmışıq haray, Riad,

Səsimə ver hay Riad...

Qızlarının gözləri

Yerdən, göydən, dağlardan

Gəlməyini gözləyir,

Sevgilin, anan, bacın

Hər bir anı izləyir.

Yollarını gözləyir.

Hardasan, harda, Riad...

yaman ləngidin sən

Qanlı yollarda, Riad?

Bilirəm, qəhrəmanım,

Bu döyüş bitməyincə

Geri dönən deyilsən.

Sən bu günsən, sabahsan,

Heç vaxt dünən deyilsən.

İtkin qəhrəmanlarım,

Allah qorusun sizi;

Sizi gözləyənlərin

Sevinsin könlü, gözü.

Ümid qaranlığına,

Güman qaranlığına,

İtkin qəhrəmanlarım,

Siz gətirin gündüzü,

Allah qorusun sizi.

Sən Milli Qəhrəmansan,

Sən ümidsən, inamsan

Şanlı, canlı əfsanə!

İtkin vətən torpağın

Sənə tapşırdıq, sənə!

Torpaqlar qayıdanda

Bilirəm gələcəksən!

Sən dünənsən, bu günsən

Sən ölməz gələcəksən!

O vaxt vətən deyəcək:

- Qəhrəman övladlarım!

Bunu da başardılar!

İgidlər ölmür, itmir,

Əbədiyaşardılar.

 

28.07.2006

 

Fikrət Qoca

 

Azərbaycan.- 2019.- 24 oktyabr.-S.8.