İlham Əliyev diplomatiyasının növbəti təntənəsi

 

158 ölkə və beynəlxalq təşkilatın nümayəndəsi, 60-a yaxın ölkənin dövlət və hökumət başçısının iştirakı ilə Azərbaycan müstəqillik tarixində ən böyük beynəlxalq siyasi tədbirlərdən birinə evsahibliyi edir

 

30 ildən sonra yenidən Avropa qitəsində

 

Son onillikdə qlobal tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli platformasına çevrilən Azərbaycan bu gün müstəqillik tarixində ən böyük beynəlxalq siyasi tədbirlərdən birinə - Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə evsahibliyi edir və təşkilata sədrlik Venesuela Bolivar Respublikasından ölkəmizə keçir. Azərbaycan 120 əsas üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatın birləşdiyi Qoşulmama Hərəkatına 3 il (2019-2022-ci illər) müddətində sədrlik edəcək.

Təşkilatın XVIII Zirvə Görüşünün məhz Bakıda keçirilməsinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Serbiyanın paytaxtı Belqradda keçirilən sammitdən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən evsahibliyi edir. Bununla da 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olan Azərbaycan təşkilatın ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirir.

Ötən ilin aprelində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər konfransı zamanı Prezident İlham Əliyev bu təşkilatın fəaliyyətini dəyərləndirərkən bildirmişdir ki, yarım əsrdən çoxdur bəşəri dəyərlərin təbliği ilə məşğul olan və dünyanın ən böyük təşkilatlarından biri sayılan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Hərəkat beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir.

Göründüyü kimi, oktyabrın 25-26-da baş tutacaq toplantıda ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq. Həmçinin Zirvə görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

"Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusuna həsr olunacaq Zirvə görüşündə 4 yekun sənədin qəbulu da gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Evsahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənəddir. İlk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.

 

Çoxtərəfli platformanın məqsəd və "Bandunq prinsipləri”

 

Hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə Belqradda keçirilmiş sammitdə yaradılan Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. 137 dövlətin bir araya gəldiyi hərəkat BMT-nin Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. Hərəkat BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir.

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan hərəkat qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Təşkilata üzv olan hər bir dövlət qurumun prinsiplərinə bağlılığını bildirməlidir. Üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib. Yeni dünya sisteminin reallıqlarına uyğunlaşdırılan fəaliyyətilə insan yaşayan bütün qitələrdə, bölgələrdə təmsilçi üzvü olan Hərəkatın prinsipləri də ədalətlidir.

10 əsas müddəa içərisində - dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək; digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinmək; böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək; digər ölkələrin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək; qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək; ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi məqsədlər əslində Qoşulmama Hərəkatının mahiyyətini müfəssəl izah edən məqamlardır.

Bir sözlə, oktyabrda keçiriləcək XVIII Zirvə Görüşü, Venesueladan sədrliyin ölkəmizə keçməsi həm Azərbaycana, həm də onun Prezidentinin müstəqil siyasətinə verilən ən yüksək qiymətdir. Hərəkata sədrlik dövrü isə Azərbaycan dövləti üçün yeni hədəflərin müəyyənləşməsində əsas istiqamət və mühüm istinad olacaq desək, yanılmarıq.

Göründüyü kimi, Qoşulmama Hərəkatının əsas prinsiplərində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə, eləcə də beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunmasının vacibliyi vurğulanır.

Müasir dünyada yeni reallıqlar və müxtəlif ciddi çağırışlarla üzləşdiyimiz şəraitdə fundamental "Bandunq prinsipləri” xüsusi əhəmiyyət kəsb edir.

Ölkələr arasında münasibətlərin nizamlanmasının əsası olan bu prinsiplər heç vaxt indiki qədər aktual olmayıb, yeni çağırışların öhdəsindən yalnız dostluq, əməkdaşlıq və həmrəylik yolu ilə gəlmək olar, bu, bütün dünyada sülhü və sabitliyi təmin edə bilər.

2012-ci ildən etibarən Qoşulmama Hərəkatının qəbul etdiyi bütün sənədlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstək Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu prinsiplər əsasında həllinə çağırış ifadə olunur.

 

Qoşulmama Hərəkatına Azərbaycanın töhfəsi

 

Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqaz regionunda heç bir hərbi bloka qoşulmamış və belə niyyəti olmayan yeganə ölkədir. Ona görə də əminliklə deyə bilərik ki, ölkəmiz bu qurumda sədrliyi çərçivəsində təşkilatın beynəlxalq münasibətlər sistemində rolununnüfuzunun artmasına şərait yaradacaq.

Azərbaycan təşkilatın üzvləri olan xalqlar arasında həmrəylik və dostluğun möhkəmlənməsinə, bu ölkələr arasında qarşılıqlı ticarətin təşviqinə, müxtəlif sahələrdə təcrübə mübadiləsinə real imkan yaratmış olacaq. Eyni zamanda ölkəmiz qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa, birgə təşəbbüslərin reallaşmasına kömək edəcək.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakı şəhərində keçirilməsi ilə bağlı fevral ayında imzaladığı sərəncamda da qeyd edilir ki, hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın məqsədi üzv dövlətlərlə birlikdə hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolununüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq olacaq.

Onu da vurğulamalıyıq ki, Azərbaycana bu hərəkata rəhbərliyin həvalə olunması, yəni bu qərarın qəbulunda nüfuz və qətiyyət amili əsas götürülüb. Çünki Prezident İlham Əliyevin son 16 ildə həyata keçirdiyi tam müstəqil siyasət Azərbaycanı etibarlı və məsuliyyətli tərəfdaşa çevirib. Bu da cənab İlham Əliyevin diplomatiyası üçün böyük qələbədir və dünya bu zəfəri aydın görür.

Bir sözlə, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə evsahibliyi üçün Azərbaycan paytaxtının seçilməsi və təşkilata sədrliyin ölkəmizə verilməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin, uğurlu diplomatiyasının növbəti təntənəsidir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 25 oktyabr.- S.1; 5.