İslahatların əsas hədəfləri dəyişmir:
qeyri-neft sektorunun
inkişafı, məşğulluğun artırılması,
şəffaflığın təmin olunması
Bu günlər ölkənin gündəmini zəbt edən mövzu, təbii ki, Prezident İlham Əliyevin həyata keçirdiyi son kadr və struktur islahatlarıdır. Əslində, bu islahatları dövlət başçısı zaman-zaman həmişə aparmışdır. Amma etiraf edək ki, onlar indiki qədər radikal və sürətli xarakter daşıması ilə yox, əsasən təmkinliyi ilə fərqlənmişdir. Yəni əvvəlki islahatlarda daha çox gələcəyə hesablanmış məqsədlər hədəflənmişdisə, indikində konkret və təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyi önə çəkilir.
Bugünkü islahatları əvvəlkindən fərqləndirən digər cəhətsə onlara, əsasən, yeni gənc kadrlarla başlanmasına qərar verilməsidir. "Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik.
Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar ilk növbədə
vətənə bağlı
olmalıdırlar, hər
hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər
olmalıdırlar ki, vətənin inkişafı
üçün öz
səylərini göstərə
bilsinlər” deyən dövlət başçısı
oktyabrın 15-də keçirdiyi
iqtisadi müşavirədə
bu barədə açıqladığı fikirlərini
yeni nazirləri qəbul edərkən bir daha səsləndirmiş
və həmin qərarda israrlı olduğunu vurğulamışdır.
Son günlərin kadr islahatları isə Prezidentin bu bəyanatının nə vaxt reallaşacağını gözləməyə, necə deyərlər, macal vermədi. Baş Nazir postuna peşəkar iqtisadçı Əli Əsədovun gətirilməsi ilə başlanan yeni kadr islahatları sözügedən sahənin digər sınaqdan çıxmış kadrı Şahin Mustafayevin Baş Nazirin müavini təyin olunması ilə davam etdi. Növbəti mərhələdə isə dövlət başçısının islahatçı gənc kadr kimi bir çox sahələrdə ümid və gözləntilərini doğrultmuş Mikayıl Cabbarov İqtisadi İnkişaf naziri təyin olundu.
Bütün bu dəyişikliklər, o cümlədən Prezidentin 23 oktyabr 2019-cu il tarixli fərmanı ilə funksiyaları və strukturu xeyli genişləndirilən İqtisadiyyat Nazirliyinə (indi bu nazirliyin tərkibinə əvvəlki strukturlarından savayı, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətləri də daxildir) M.Cabbarovun gətirilməsi bir daha təsdiqlədi ki, dövlət başçısı islahatların yeni mərhələsində yeni kadrlara stavka edir və bu da təsadüfi deyil. Bunacan Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə, eləcə də bir sıra digər dövlət və hökumət qurumlarına gənc kadrların təyin olunmalarının ötən qısa müddətdə özünü doğrultması növbəti dəfə Prezidentin doğru qərar qəbul etmək bacarığından və praqmatik iş üsulundan xəbər verir.
Bu baxımdan artıq yeniləşməyə başlayan hökumətin Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün şansları çoxdur. Götürək cari ilin 9 ayı üzrə ölkənin sosial-iqtisadi sahədə əldə etdiyi göstəriciləri. Bu dövrdə Azərbaycanda istehsal ÜDM-də 2,5, o cümlədən kənd təsərrüfatında 7,1, qeyri-neft sektorunda 3,5 faiz artmışdır. Qeyri-neft sənaye məhsulları istehsalında isə artım daha çox olmuşdur - 15 faizdən artıq. Sosial sahəyə gəldikdə, burada da öyünüləsi nəticələr az deyil. Təkcə onu xatırladaq ki, son sosial paketlərin icrası nəticəsində 4,2 milyon nəfər Azərbaycan vətəndaşının əməkhaqqı, pensiya, sosial müavinət və digər sosial ödənişləri artmışdır. Bir neçə ay ərzində minimum əməkhaqqı və pensiyaların məbləğinin müvafiq olaraq təxminən iki dəfə və 70 faiz artırılması heç bir ölkənin tarixində hər deyəndə rast gəlinən sosial hadisə deyil. İndi Azərbaycan MDB-də minimum pensiya məbləğinin alıcılıq qabiliyyətinə görə birinci, orta aylıq məbləğinə görə isə üçüncüdür.
Sosial məsələlərdən bəhs edərkən məşğulluq, daha doğrusu, bu sahə üzrə ölkədə həyata keçirilən tədbirləri xatırlatmamaq insafsızlıq olardı. Çünki yeni iş yerlərinin açılması sarıdan Azərbaycanda günü bugün də o qədər tədbirlər görülür ki, indi iş axtarıb tapmayanlar ilk növbədə özlərindən küsməlidirlər. Ola bilsin, kimsə yalnız öz ixtisası üzrə işləmək istəyir və onu tapmır. Bu, mümkündür. Lakin belələri üçün də əlac var - məşğulluq mərkəzləri onları tələbat olan peşə üzrə kurslara göndərir və sonra da işlə təmin edir. Qaldı maaşların iş axtaranları qane edib-etməməsinə, bu sahədə də, qeyd etdiyimiz kimi, dövlət minimum əməkhaqqını artırmaqla tədbirlər görür, özü də davamlı.
Üstəlik, bu sahədə islahatlar aparılır. Məsələn, məhz həmin islahatlar nəticəsində
təkcə cari ilin 9 ayı ərzində ölkə üzrə 100 mindən çox əmək müqaviləsi qeydə alınmışdır. Yeri gəlmişkən
qeyd edək ki, Prezident bu
məsələyə çox
ciddi və fərqli yanaşır.
Mikayıl Cabbarovu yeni vəzifəyə təyin etməsi ilə bağlı qərar qəbul edən dövlət başçısı sözügedən
faktla əlaqədar demişdir: "Bu nə deməkdir? Yəni bu 100 min insan
kölgə iqtisadiyyatında
fəaliyyət göstərirdi.
Onlar zərflərdə
maaş alırdılar. Bəzi hallarda onlara yazılan aşağı
maaş reallığı əks etdirmirdi. Bu, bizim
iqtisadiyyatımızı təhlükə
altına qoyur. Bir də ki, insanlar
gələcəkdə pensiyaya
çıxacaqlar. Bəs onların
pensiya haqqı nəyin hesabına hesablanacaq?” Göründüyü
kimi, Prezident yeni iş yerlərinin
açılması ilə
yanaşı, mövcud
olanların leqallaşdırılıb
rəsmiləşdirilməsini də müvafiq qurumların yeni rəhbərləri qarşısında
bütün sərtliyi
ilə qoyur.
Dövlət başçısının
yeniləşən hökumətdən
qətiyyət və sərtliklə tələb
etdiyi vəzifələrdən
biri də sahibkarların, ümumiyyətlə,
özəl sektorun fəaliyyətinə yersiz
müdaxilələrin kökünün
kəsilməsi üçün
tədbirlər görülməsinin
vacibliyidir: "Biz də
çalışmalıyıq elə bir şərait
yaradaq ki, hər bir istedadlı
insan, biznesə meyilli, həvəsi olan hər bir
insan bizneslə məşğul ola
bilsin, məmur təzyiqindən, müdaxiləsindən
azad olsun. Sahibkarlara yönəlmiş
o çirkin əllər
gərək kəsilsin”
deyən Prezident həmin əllərin kimə məxsus olduğunu da açıqlayır: "...Bəzi
hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri
imkan vermirlər, xüsusilə bölgələrdə.
Əgər kimsə özü üçün
bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən
yapışırlar, qanını
sorurlar”. İnanmaq çətindir ki, ranqından asılı olmayaraq hansısa məmur indən sonra özəl sektora göz qoysun, sahibkarın cibinə əl uzatsın, xüsusən də Prezident yeni kadrlardan belələrinə qarşı
ciddi tədbirlər görməyi tələb
edirsə: "Belə
adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir.
Hüquq
mühafizə orqanları
artıq məndən
çox ciddi tapşırıq alıblar”.
Amma dövlət başçısı
sözügedən məsələdə
bununla da kifayətlənməyəcəyini bəyan edərək hökumətə məmurlar
tərəfindən yaradılan
inhisarçılığa qarşı mübarizəni
gücləndirməyi tapşırır. Prezident bəzi
dövlət məmurları
tərəfindən yaradılan
haqsız rəqabəti
böyük yara adlandıraraq onların biznes maraqları naminə rəqiblərini
sıxışdırmalarını dözülməz hal kimi qiymətləndirir və belə halların qarşısının
alınması üçün
sərt tədbirlər
görüləcəyini vurğulayır.
Bütün bunlar bir daha
göstərir ki, ilk baxışdan kadr yerdəyişmələri kimi
görünən son hadisələr,
əslində, ölkənin
lap yaxın gələcəkdə
sosial-iqtisadi həyatının
bütün sahələrini
əhatə edəcək
köklü islahatlardır. Ötən
il dövlət
başçısının andiçmə mərasimində
anonsu verilən və o gündən başlayaraq davam edən, son günlərsə
daha ardıcıl və sürətli xarakter alan həmin
islahatların davam edəcəyi hətta bu yeniliklərə qərəzli yanaşanlarda
da şübhə yeri qoymur. Yeniliklər və
islahatlarsa bütün
hallarda inkişaf etmək, irəli getmək, zamanla ayaqlaşmaq deməkdir, xüsusən də ona alternativ olmayanda.
Raqif MƏMMƏDLİ
Azərbaycan.- 2019.- 25 oktyabr.- S.1; 6.