Azərbaycanın beynəlxalq nüfuzunun növbəti
təntənəsi
İlham Əliyevdən dünyaya
çağırış: İkili standartlar siyasətinə
son qoyulmalıdır
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib
Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.
AZƏRTAC xəbər verir ki, "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə iştirak edən Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonu, Oman Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haeni, Liviyanın Baş Naziri Faiz Saracı, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Olini, Banqladeşin Baş Naziri xanım Şeyx Hasinanı, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı, Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidunu, Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinhi, Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogonu, Sudanın Prezidenti Abdul-Fattah Al-Burhanı, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli Sədri Milorad Dodiki, Cibutinin Prezidenti İsmail Ömər Qellehi, Qananın Prezidenti Nana Akufo-Addonu, Əlcəzairin Prezidenti Abdelkader Bensalahı, Namibiyanın Prezidenti Haqe Qotfrid Qeynqobu, Venesuelanın Prezidenti Nikolas Maduronu, Esvatininin Kralı III Msvatini, Əfqanıstanın Prezidenti Məhəmməd Əşrəf Qanini, Kubanın Prezidenti Migel Diaz-Kaneli, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovu, İranın Prezidenti Həsən Ruhanini, Pakistanın Prezidenti Arif Alvini qarşıladı.
Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Zirvə Görüşünü açaraq təşkilata üzv bəzi ölkələrin dünyasını dəyişən keçmiş dövlət və hökumət başçılarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.
Nikolas Maduro çıxışında Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür etdi. Maduro Venesuelanın sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini dedi və növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan etdi.
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verildi.
Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə nitq söylədi.
Azərbaycan
Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün bütün iştirakçılarını səmimiyyətlə salamlayır və hər birinizə "Xoş gəlmisiniz!” deyirəm.
2016-2019-cu illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyinə görə Venesuela Bolivar Respublikasına təşəkkürümü bildirirəm.
Qoşulmama Hərəkatı
bəşəri dəyərlərin təbliğinə xidmət
edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi
və ərazi bütövlüyünə sadiqliyini
nümayiş etdirir. Qoşulmama Hərəkatı
özündə 120 ölkəni birləşdirməklə
BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin
təmsil olunduğu ən böyük siyasi təsisatdır.
Azərbaycan 2011-ci ildə
Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qoşulmama
Hərəkatında olduğu qısa müddət ərzində
ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini
qətiyyətlə müdafiə etməkdə böyük
nüfuz qazanmışdır.
Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm.
Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.
Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.
Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın "77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir.
Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.
Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır.
Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir. Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar. Buna görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər.
Xanımlar və cənablar, hörmətli qonaqlar.
Azərbaycanın dövlət müstəqilliyinin cəmi 28 yaşı var. Bir həftə öncə - oktyabrın 18-də müstəqilliyimizin bərpa olunması gününü qeyd etdik. Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür.
Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınmışdır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır.
Bu ikili standartlar siyasətinə
son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı,
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament
Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar
Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunmasını tələb edən qətnamə və qərarlar
qəbul etmişlər. Fürsətdən
istifadə edərək Qoşulmama Hərəkatının
indiyə qədər qəbul olunmuş sənədlərində
münaqişənin BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllinə dəstək ifadə etdiklərinə görə
üzv dövlətlərə təşəkkürümü
bildirirəm.
Azərbaycanın işğal
olunmuş ərazilərində bütün tarixi abidələr,
məscidlər, məzarlıqlar Ermənistan tərəfindən
dağıdılmış, muzeylər və maddi-mənəvi
sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli
surətdə işğal olunmuş ərazilərdə Azərbaycan
izini itirməyə çalışaraq bütün toponimləri
erməniləşdirir. Ermənistan, həmçinin
işğal olunmuş ərazilərdə beynəlxalq
humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma
siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə
məşğul olur.
2016-cı ilin aprel ayında Ermənistanın
törətdiyi hərbi təxribat nəticəsində
aralarında bir uşaq olmaqla altı azərbaycanlı
mülki şəxs həlak olmuş, 26-sı
yaralanmışdır, yüzlərlə ev
dağıdılmışdır. Qarabağ əzəli
Azərbaycan torpağıdır və münaqişə
yalnız Azərbaycanın suverenliyi və ərazi
bütövlüyü çərçivəsində həll
olunmalıdır.
Azərbaycan müstəqil
xarici siyasət yeridir. Bu siyasət milli maraqlara, ədalətə
əsaslanır və bizə çoxlu dostlar
qazandırmışdır. 2011-ci ildə
Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə
seçilməsi buna bariz nümunədir. Təhlükəsizlik
Şurasına üzvlük müddətində Azərbaycan
beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə,
ədalətin təmin edilməsinə mühüm töhfələr
vermiş və beynəlxalq siyasi proseslərin fəal
iştirakçısına çevrilmişdir.
Azərbaycan BMT Təhlükəsizlik
Şurasının mandatı əsasında təsis
edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara
da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ
yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq
keçirilən görüşlərinə ev
sahibliyi edir. Dünyada 200-ə qədər
ölkə vardır. Bu ölkələr
arasında qeyd etdiyim görüşlər üçün
Azərbaycanın seçilməsi bizim
yürütdüyümüz müstəqil xarici siyasətə
olan hörmətin göstəricisidir.
Hörmətli qonaqlar,
müstəqilliyimizin ilk illəri Azərbaycan
üçün çox keşməkeşli olmuşdur. Xəyanətkar,
satqın, qorxaq, səriştəsiz Azərbaycan Xalq Cəbhəsi
hakimiyyəti illərində ölkəmiz böyük bəlalara
düçar olmuşdur. Azərbaycanda vətəndaş
müharibəsi başlamışdır. Yalnız
1993-cü ildə Azərbaycan xalqının tələbi ilə
Prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi
ölkəmizi daha böyük faciələrdən xilas etdi.
Azərbaycan demokratik, dayanıqlı inkişaf
yoluna qədəm qoydu, ölkədə sabitlik və əmin-amanlıq
bərqərar oldu.
Azərbaycan demokratiya, insan
hüquqları və azadlıqları kimi dəyərlərə
sadiqdir. Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə
müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda
demokratik respublika qurulmuş, qadınlara səsvermə
hüququ verilmişdir. Bu sahədə biz
hətta əksər Qərb ölkələrini də
qabaqlamışıq. Demokratik inkişaf
Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və
azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin
olunur.
Son 15 il ərzində
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf
etmiş, ümumi daxili məhsul üç dəfədən
çox artmışdır. Azərbaycana 270
milyard dollardan artıq sərmayə qoyulmuşdur ki, bunun da
yarısı xarici sərmayədir. Azərbaycanın
xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil
edir. Bu göstəriciyə görə biz
dünyada 9-cu yerdəyik. Azərbaycanda
yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə bu il minimum əməkhaqqı və sosial
müavinətlər iki dəfə, minimum pensiya 70 faiz
artmışdır. 280 mindən çox
insanı əhatə edən 68 min ailə ünvanlı sosial
yardımdan faydalanır və hər bir ailə təxminən
140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım
alır. Son 15 il ərzində Azərbaycanda
3200-dən çox məktəb və 640-dan çox xəstəxana
və tibb müəssisəsi tikilmiş və ya təmir
edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi
100 faizə yaxındır. Üç
yüz mindən çox məcburi köçkün pulsuz evlər
və mənzillərlə təmin edilmişdir. Məcburi köçkün ailələrinə orta
hesabla 180 ABŞ dolları ekvivalentində aylıq müavinət
verilir.
Azərbaycanın əldə
etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir
olunur.
Dünya Bankının 2020-ci il üzrə
"Doing Business” hesabatında Azərbaycan ən
islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında
hökumətin uzunmüddətli strategiyasına görə
Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin
islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.
Azərbaycan kosmik ölkədir. Hazırda
ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə
edən üç peykimiz var. Əhalimizin 80 faizi internet
istifadəçisidir.
Azərbaycanda enerji təhlükəsizliyi
təmin edilmişdir. Yenə də Davos Ümumdünya
İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm
ki, elektrik enerjisinin əlçatanlıq əmsalına
görə Azərbaycan dünyada ikinci yerdədir. Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin
enerji təchizatçısıdır. Asiya
və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan
açıq dənizə çıxışı olmayan
ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin
təşəbbüskarı və
icraçısıdır. Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin
fəal iştirakçısı olaraq hazırda digər
mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb
layihələri üzərində
çalışırıq. Beləliklə,
Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli
beynəlxalq əməkdaşlığa öz dəyərli
töhfəsini verir.
İqlim dəyişikliyi
qlobal təhlükədir. Azərbaycan onun fəsadlarına
qarşı mübarizə üzrə beynəlxalq səyləri
dəstəkləyir. Azərbaycan Paris Sazişini
ratifikasiya etmiş, baza ili – 1990-cı illə
müqayisədə 2030-cu ilə istilik effekti yaradan
qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı
hədəf kimi götürmüşdür. Elektrik
enerjisinin istehsalı üçün Azərbaycanda ancaq
ekoloji təmiz qaz və su elektrik stansiyalarından istifadə
olunur.
Azərbaycan zəngin
tolerantlıq, multikulturalizm ənənələrinə
malikdir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.
On bir il əvvəl İslam Əməkdaşlıq
Təşkilatına və Avropa Şurasına üzv ölkələrin
iştirakı ilə başladığımız
"Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən
də dəstəklənir. BMT-nin Baş katibi Antonio
Quterreş "Bakı Prosesi”ni 2008-ci ildən
bəri mədəniyyətlər arasında dialoqun təbliğinin
ön cəbhəsi kimi dəyərləndirmişdir. "Bakı Prosesi”nin məntiqi davamı olaraq təsis
edilmiş və iki ildən bir ölkəmizdə keçirilən
mədəniyyətlərarası dialoq üzrə
Ümumdünya Forumu artıq BMT Baş Assambleyasının qətnamələri
ilə mədəniyyətlərarası dialoqun təşviq
olunması üçün əsas qlobal platforma kimi
tanınmışdır.
Hörmətli qonaqlar, əminəm
ki, Zirvə Görüşü çərçivəsində
aparılacaq müzakirələr Qoşulmama Hərəkatının
gündəliyində duran hədəflərin həyata
keçirilməsinə xidmət göstərəcəkdir. Azərbaycan Hərəkata
sədrlik edəcəyi müddətdə öz prioritetlərini
üzv dövlətlərlə birgə həyata keçirmək
üçün ardıcıl səylər göstərəcəkdir.
Mən Zirvə
Görüşünün işinə uğurlar arzulayır
və bir daha hamınıza "Xoş gəlmisiniz!” deyirəm.
Diqqətinizə görə təşəkkür
edirəm.
***
Sonra Zirvə
Görüşü Prezident İlham Əliyevin sədrliyi ilə
davam etdi.
Zirvə
Görüşünün gündəliyi qəbul edildi,
Büro üzvləri seçildi, xüsusi qonaq olan dövlətlərin
və təşkilatların siyahısı təsdiqləndi.
Daha sonra BMT Baş Assambleyasının
prezidenti Ticani Məhəmməd-Bande
çıxış etdi.
BMT Baş katibinin siyasi və
sülh quruculuğu məsələləri üzrə
müavini xanım Rozmari DiKarlo çıxış etdi və
Baş katib Antonio Quterreşin müraciətini oxudu.
Zirvə Görüşü
"77-lər qrupu” təşkilatının sədri Riyad Mənsurun
və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun
çıxışları ilə davam etdi.
Çıxışlarda
Qoşulmama Hərəkatının qarşısında
mühüm vəzifələrin durduğu bildirildi,
dünyada sülhün və təhlükəsizliyin təmin
olunmasının vacibliyi vurğulandı.
Çıxışlardan
sonra Prezident İlham Əliyev Qoşulmama Hərəkatının
dövlət və hökumət
başçılarının sessiyasını bağlı
elan etdi.
Fasilədən sonra Prezident İlham
Əliyevin sədrliyi ilə davam edən Zirvə
Görüşündə Pakistan Prezidenti Arif Alvi, İran
Prezidenti Həsən Ruhani, Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədov, Malayziyanın Baş Naziri Mahathir Bin
Mohamad, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf
Qani, Kuba Prezidenti Migel Diaz-Kanel, Cibuti Prezidenti İsmail Ömər
Qelleh, Prezident Vladimir Putinin Zirvə Görüşünə
ünvanladığı müraciəti səsləndirən
Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey
Verşinin, Əlcəzair Prezidenti Abdelkader Bensalah, Esvatininin
Kralı III Msvati, Qana Prezidenti Nana Akufo-Addo, Namibiya Prezidenti
Haqe Qotfrid Qeynqob, Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema
Mbasogo, Sudan Prezidenti Abdul-Fattah Al-Burhan, Hindistanın
vitse-prezidenti Muppavarapu Venkaiah Naidu, Vyetnamın vitse-prezidenti
xanım Danq Thi Nqok Thinh, Banqladeşin Baş Naziri xanım
Şeyx Hasina, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Oli və
Liviyanın Baş Naziri Faiz Sarac çıxış etdilər.
Zirvə
Görüşünün yüksək səviyyədə təşkilinə
və qonaqpərvərliyə görə Prezident İlham
Əliyevə təşəkkür edən natiqlər
Qoşulmama Hərəkatının qarşısında
mühüm vəzifələrin durduğunu deyərək
dünyada sülhün və təhlükəsizliyin təmin
olunmasının vacibliyini vurğuladılar. Çıxışlarda
terrorçuluqla mübarizə, münaqişələrin həlli
ilə bağlı beynəlxalq əməkdaşlığın
daha da möhkəmləndirilməsi, beynəlxalq hüquq və
öhdəliklərin yerinə yetirilməsi, kütləvi
qırğın silahlarının yayılmasının
qarşısının alınması, qaçqınlar
problemi, yoxsulluğun azaldılması, ətraf mühitin
qorunması, üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin
genişləndirilməsi və digər məsələlərlə
bağlı fikirlər diqqətə
çatdırıldı. Çıxış edənlər
mövcud problemlərin həllində Qoşulmama Hərəkatının
kifayət qədər güclü mövqelərə malik
olduğunu deyərək 60 il bundan qabaq qəbul
olunan Bandunq prinsiplərinin bu gün də aktual olması
fikrində həmrəylik nümayiş etdirdilər.
Qeyd edək ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.
Azərbaycan Respublikası 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.
Oktyabrın 26-da başa çatacaq Bakı Zirvə Görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.
Beləliklə, Azərbaycan
Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına
sədrlik edəcək.
Azərbaycan.-
2019.- 26 oktyabr.- S.1-2.