Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov: “Zirvə görüşü ən yüksək və
mütəşəkkil səviyyədə keçir”
Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham ƏLİYEV dedi:
- Hörmətli Qurbanqulu Məlikquliyeviç, xoş gəlmisiniz.
Sizi Azərbaycan torpağında yenidən görməyimə şadam. Bu yaxınlarda Sizinlə Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşmüşük. Fürsətdən istifadə edib Sizi həmin iclasın gözəl təşkili münasibətilə təbrik etmək və əlbəttə, Aşqabad haqqında təəssüratlarımı bir daha bölüşmək istərdim. Mən Sizin ölkənizdə tez-tez oluram və orada böyük dəyişiklikləri görürəm. Bunu Sizə Aşqabadda da demişdim, indi də demək istəyirəm. Bu, şəhərsalma və şəhərin, onun infrastrukturunun müasir dinamik inkişafı, vətəndaşlar üçün, sakinlər üçün yaxşı şərait yaradılması nümunəsidir.
Əlbəttə, biz gündəlikdəki ikitərəfli məsələlər barədə bir daha fikir mübadiləsi aparmaq imkanını əldən verə bilmərik. Biz müntəzəm olaraq görüşürük. Keçən il Sizin ölkənizə rəsmi səfərimi, bundan əvvəlki görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram. Bu gün biz praktiki olaraq bütün sahələri əhatə edən ikitərəfli inkişafla bağlı mühüm məsələləri müzakirə edəcəyik.
Ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərinin böyük tarixi əsası var. Xalqlarımız çoxəsrlik tarix ərzində həmişə bir-birinə qardaşlıq münasibəti bəsləyib. Biz də bu ənənələri davam etdiririk. Buna görə Sizə bir daha səmimi qəlbdən "Xoş gəlmisiniz!” deyirəm və təşəkkür edirəm ki, Türkmənistan Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə iştirak edir.
***
Prezident Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:
-Hörmətli İlham Heydər oğlu, Türkmənistanın
ünvanına səmimi
ürək sözlərinizə
görə sağ olun. Mən də Sizə
təşəkkür etmək
istərdim ki, məni Qoşulmama Hərəkatının iştirakçısı
olan ölkələrin
XVIII Zirvə Görüşünə
dəvət etmisiniz.
Mən bəri başdan Sizi təbrik etmək istəyirəm.
Zirvə
Görüşü ən
yüksək və mütəşəkkil səviyyədə
keçir. Bu münasibətlə Sizi təbrik edirəm. Əlbəttə, Zirvə Görüşünün
mahiyyəti bütün
dünyada sabitliyin, təhlükəsizliyin və
sülhün möhkəmləndirilməsidir.
Burada bizim iqtisadi münasibətlərimiz və
ən başlıcası,
deyərdim ki, humanitar və beynəlxalq məsələlər
mühüm rol oynayır. Yəqin ki, hər bir dövlətdə məhz onun öz maraqları mühüm rol oynayır. Bu, hərəkat üzvlərinin
bugünkü çıxışlarından
da aydın görünürdü. Hər bir
dövlətin suverenliyi,
ərazi bütövlüyü
yəqin ki, çox böyük əhəmiyyət kəsb
edir. Buna görə bildiyiniz kimi, biz də bitərəf ölkəyik,
Türkmənistan neytraldır.
Biz Sizin qonşularınız,
qardaşlarınızıq. Əlbəttə, biz buna Birləşmiş
Millətlər Təşkilatının
Nizamnaməsi mövqeyindən
də baxırıq ki, heç vaxt qarşıdurma olmasın. Bütün bu məsələləri,
əlbəttə, siyasi,
diplomatik vasitələrlə
həll etmək lazımdır. Buna görə bu gün bəlkə də bütün beynəlxalq arena üçün
çox vacib Zirvə Görüşünün
uğurlu keçirilməsi
münasibətilə Sizi
bir daha təbrik etmək istəyirəm.
Bir söz də demək istərdim və bu, kompliment
deyil. Qədim Xəzərin sahilindəki
Bakı həmişəki
kimi gəncləşir
və gözəlləşir.
Onun özünəməxsus memarlığı
var. İnsan burada gördüklərinə hər
dəfə sevinir.
Buna görə öz adımdan Sizi təbrik etmək istərdim ki, bu gün
müasir Bakı daha da gözəlləşir.
Bizim ikitərəfli münasibətlərimizə gəldikdə, Siz də dediyiniz kimi, siyasət məsələsini, əlbəttə ki, bərabər xatırladıq. İqtisadi məsələlərə gəldikdə, qeyd etmək istərdim ki, onlar yüksələn xətt üzrə inkişaf edir və belə də olmalıdır. Sevindirici haldır ki, enerji təhlükəsizliyi məsələlərində biz eyni mövqedəyik. Ümumiyyətlə, Sizə təşəkkür edirəm ki, bu gün biz nəqliyyat və tranzit dəhlizlərini nəinki regionda, daha geniş miqyasda birlikdə inkişaf etdiririk. Sevindiricidir ki, bizdə bütün bu məsələləri İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələndirir. Buna görə dəvət üçün Sizə bir daha təşəkkür etmək, dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar diləmək, ən xoş arzularımı bildirmək, qardaş Azərbaycan xalqına firavanlıq, xoşbəxtlik arzu etmək istərdim. Bir daha sağ olun.
Prezident İlham
Əliyev: Sağ olun.
Azərbaycan.- 2019.- 26 oktyabr.- S.2.