Azərbaycanda aparılan islahatlart beynəlxalq Avropa standartlarına uyğundur

 

Strasburqda Avropa Şurasına üzv dövlətlərin, eləcə tərəfdaş, müşahidəçi qismində iştirak edən ölkələrin parlament sədrlərinin konfransı çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov AŞPA-nın sədri Lilian Mori Paskye ilə görüşüb.

Görüşdə Azərbaycanla Avropa Şurası arasında münasibətlər geniş müzakirə edilib və perspektivlərə dair fikir mübadiləsi aparılıb.

Lilian Mori Paskye bir neçə gün əvvəl “Lanzarot konvensiyası” kimi tanınan “Uşaqların cinsi istismardancinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının Milli Məclisdə ratifikasiya edilməsini alqışlayaraq Oqtay Əsədova təşəkkürünü bildirib. Bu konvensiyanın ölkəmiz və Avropa Şurası arasında əlaqələrin daha da inkişaf etdirilməsində önəmli rol oynayacağını vurğulayıb.

Milli Məclisin Sədri ölkəmizdə aparılan islahatlar haqqında Lilian Mori Paskyeni ətraflı məlumatlandırıb. Bildirib ki, bu islahatlar Avropa və beynəlxalq standartlara uyğundur. Azərbaycandakı ictimai-siyasi vəziyyətə toxunan Oqtay Əsədov qeyd edib ki, ölkəmizdə Avropada da bölüşülən hüquqlar, azadlıqlar təmin edilir. Müxtəlif destruktiv qüvvələr təxribatlar vasitəsilə münasibətlərimizə xələl gətirmək istəsələr də, buna nail olmayacaqlar və əməkdaşlığımız daha da möhkəmlənəcək.

Görüşdə AŞPA-nın sədri Lilian Mori Paskye dialoqun, əlaqələrin genişləndirilməsinə töhfə verməyə və yardım etməyə həmişə hazır olduğunu bildirib.

 

Azərbaycan.- 2019.- 26 oktyabr.- S.4.