Neftçi çörəyi

 

Neft Daşları - 70

 

Neft Daşları bənzərsiz şəhərdir. Təkcə ona görə yox ki, polad dirəklər üstündə qərar tutub, dənizin ortasında estakadalarla sağa-sola doğru şaxələnir. Həm də ona görə ki, bu şəhərdəki binalarda ailələr üçün mənzillər deyil, işçilər üçün yaşayış otaqları yerləşir.

Neft Daşlarında məktəb də, uşaq bağçası da yoxdur. Çünki neftçilər buraya əmək növbələrinə gəlirlər. Əsasən bir həftəlik günləri bitəndən sonra isə sahilə, ev-eşiklərinə dönürlər. Yeddi gün istirahət edib yenidən Xəzərin qoynuna üz tuturlar. Təkcə bu faktın özü çətin neftçi peşəsinin göstəricilərindən biridir.

Hər ayın 15 gününü açıq dənizin qoynunda yaşamaq, ekstremal şəraitdə işləmək asan məsələ deyil. Odur ki, neftçinin növbə çəkdiyi dövrdə necə qidalanması, istirahət saatlarını necə keçirməsi vacib şərtdir. Təsadüfi deyil ki, bu sahəyə diqqət getdikcə daha da artırılır. Xüsusilə son illərdə neftçinin məişətinin, istirahətinin, müalicəsinin yüksək səviyyədə olması üçün çoxsaylı tədbirlər həyata keçirilib.

Neft Daşlarına bələd olmayanlar bəlkə də düşünə bilərlər ki, burada çalışanlara çörək sahildən gətirilir və yolda boyatlaşır. Yaxud onlar quru yeməklərlə, soyuq qəlyanaltılarla dolanırlar. Əsla belə deyil!

Neft Daşlarının özünün çörək zavodu var! Burada bişirilən birinci növ () çörək və kəpəkli kərpic çörək öz dadına və keyfiyyətinə görə paytaxtda, yaxud hansısa bölgədə bişirilən çörəklərdən geri qalmır.

Zavodun 8 işçisi var. Yarım aydan bir dəyişən növbədə 4 nəfər olurlar. Onların da ikisi gecə, ikisi gündüz işləyir. Beləliklə, dəniz şəhəri heç vaxt çörəksiz qalmır.

"Xəzər İaşə” MMC-nin Neft Daşlarında yerləşən 1 nömrəli yeməkxanasının işçisi Şakir Vəliyev deyir:

- Zavodda bir sutka ərzində 6 kisə unun çörəyi bişirilir. İşimizi dəqiq qururuq. Həmişə ehtiyatda un saxlayır və onu dəniz havasının rütubətindən qoruyuruq.

"Neft Daşları” NQÇİ-nin bir çox işçisi stasionar dəniz özüllərində çalışır. Söhbətdən məlum olur ki, onlara çörək gəmi ilə, vertolyot meydançası olan özüllərə isə hava yolu ilə göndərilir. Bəzən Xəzərdə elə tufan qopur ki... Ona görə özüllərə də hər ehtimala qarşı un verilir ki, ehtiyat saxlasınlar.

Demə, 2585, 602, 620 və 1887 nömrəli özüllərin hər birinin öz aşpazı da var. Yeri gəlmişkən, stasionar dəniz özüllərinin hamısında soyuducu, elektrik sobası və elektrik samovarı, mətbəxdə istifadə olunan digər əşyalar var. Odur ki, neftçilər təzə yeməkdən, isti çaydan korluq çəkmirlər.

Neft Daşlarının özündə isə geniş, təmiz və işıqlı yeməkxana fəaliyyət göstərir. Neftçilər burada məmnuniyyətlə həm səhər yeməyi yeyir, həm də naharşam edirlər. Yəni yeməklərin dadı-tamı evdə bişirilənlərdən heç də fərqlənmir. Neftçilərin halal süfrəsində onlarla birlikdə çörək kəsərkən bunun əyani şahidi olduq.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 26 oktyabr.- S.7.