Qlobal sülh missiyasının təminatı İlham Əliyevə həvalə olundu

 

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün ciddi səylər göstərəcək, dayanıqlı inkişafa ədalətin təmin olunmasına mühüm töhfələr verəcək

 

Sivilizasiyalararası əməkdaşlığın mühüm platformasına çevrilən Azərbaycan dünyanın siyasi tarixində yeni səhifə açaraq daha bir ilkə imza atdı. 120 əsas, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən, BMT-dən sonra ikinci ən böyük siyasi dialoq platforması olan Qoşulmama Hərakatının XVIII Zirvə Görüşünə evsahibliyi edən Azərbaycan müstəqillik tarixində ən böyük beynəlxalq siyasi tədbirlərdən birini gerçəkləşdirmiş oldu.

 

30 il sonra yenidən Avropa qitəsində, məhz Azərbaycanda...

 

Oktyabrın 25-də, 58 il öncə - 1961-ci ildə Serbiyanın paytaxtı Belqradda yaradılmış təşkilata sədrlik Azərbaycana keçdi. Elə təşkilatın Avropa qitəsində keçirdiyi sonuncu toplantı da 1989-cu ildə Serbiyanın paytaxtı Belqradda baş tutmuşdu.

Elə bu səbəbdən də yarım əsrdən çoxdur bəşəri dəyərlərin təbliği ilə məşğul olan və dünyanın ən böyük təşkilatlarından biri sayılan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsinin böyük rəmzi mənası da var. Çünki həmin sammitdən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçıları Avropa qitəsində, məhz Odlar Yurdunda yenidən bir araya gəldilər.

Öncə onu vurğulayaq ki, Azərbaycanda Qoşulmama Hərəkatına maraq ilk olaraq Ümummilli Lider Heydər Əliyevin dövründə yaranıb və 1994-cü ildə ölkəmiz hərəkata müşahidəçi üzv olub. 2011-ci ildən isə Azərbaycan Qoşulmama Hərəkatının tamhüquqlu üzvü seçilib. Cəmi 8 il sonra təşkilatın çox mühüm Zirvə Görüşünə evsahibliyi etməsi isə Azərbaycanın bu qurumun ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Ölkəmizin dünyanın yarıdan çox dövlətinin təmsil olunduğu beynəlxalq tədbirə evsahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın xarici siyasətinin Qoşulmama Hərəkatının prinsipləri ilə uyğunluğunun, eyni zamanda artan beynəlxalq nüfuzunun əyani təzahürüdür.

60-a yaxın ölkənin dövlət və hökumət başçılarının, 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi XVIII Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev bunu dəyərləndirərkən vurğuladı ki, təşkilata sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.

Əlbəttə ki, bu qərar dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının cənab İlham Əliyevin tam müstəqil, qətiyyətli siyasətinə verdiyi dəstək kimi qiymətləndirilməlidir. Bu, həm də Azərbaycanın dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni platformada yer aldığını təsdiqləyən reallıqdır.

 

BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur

 

Cənab İlham Əliyev bəyan etdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq, öz prioritetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün ardıcıl səylər göstərəcək. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri ölkəmizin xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür: "Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.

Təşkilatın sədri hesab edir ki, ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir. 2005-ci ildən etibarən Azərbaycanın 90-dan çox ölkəyə humanitartexniki yardımlar göstərdiyini xatırladan Prezident dedi ki, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.

Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır.

Əlavə edək ki, Yer kürəsi əhalisinin təqribən 55 faizi Qoşulmama Hərəkatı ölkələrində yaşayır, eyni zamanda dünyada neft ehtiyatlarının 75 faizindən və qaz ehtiyatlarının 50 faizindən çoxu bu dövlətlərin ərazisində yerləşir.

Cənab İlham Əliyev məhz bu amilləri nəzərə alaraq vurğuladı ki, Azərbaycan hərəkatda sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi çox mühümdür.

 

Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir

 

Azərbaycanın dövlət müstəqilliyinin cəmi 28 yaşının olduğunu xatırladan dövlət başçısı bu qısa müddətdə əldə edilən böyük uğurlardan söz açdı və qeyd etdi ki, ölkəmiz demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun da dərin tarixi kökləri var.

Bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir: "Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur”.

Lakin bir həqiqət var ki, ötən 28 ildə Azərbaycan bu uğurları ərazisinin 20 faizinin işğalda, yəni müharibə şəraitində ola-ola əldə edib. Tarixi torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri 25 ildən artıqdır Ermənistanın işğalı altındadır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, təəssüf ki, həmin qətnamələr həyata keçirilmir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır. Qoşulmama Hərakatının sədri bu ikili standartlar siyasətinə son qoyulmasının vacibliyini vurğuladı.

Ümumiyyətlə, cənab İlham Əliyev bütün beynəlxalq toplantılarda olduğu kimi, Qoşulmama Hərəkatının sədri kimi də Bakıda keçirilən Zirvə Görüşündə dünyanın diqqətini bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Azərbaycan Prezidenti bir daha dünyaya bəyan etdi ki, bu münaqişənin həllinə ölkəmizin ərazisinin 20 faizini işğal etmiş Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyada mövcud olan ikili standartlar, təcavüzkara təsir göstərmək, onu sivil normalar çərçivəsində davranmağa məcbur etmək üçün hüquqi mexanizmlərin olmaması və ya qeyri-mükəmməlliyi mane olur. Ancaq gec-tez münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

 

Azərbaycan dayanıqlı inkişafa və ədalətin təmin olunmasına töhfələr verəcək

 

Zirvə Görüşündəki ümumi debatlarda isə hərakatın qarşısında durduğu mühüm vəzifələrdən söz açıldı və Azərbaycanın sədrliyi müddətində görüləcək işlər müzakirə mövzusu oldu.

Azərbaycan Prezidentininiştirak etdiyi debatlarda çıxış edən natiqlər dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğuladılar. Çıxışlarda 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində göstərilən səylərin artırılmasının, iqlim dəyişikliyi, miqrasiya, qaçqın və köçkün problemlərinin həllinin, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının, transmilli cinayətkarlığa qarşı mübarizənin, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasının, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin önəmi vurğulandı, Qoşulmama Hərəkatına üzv dövlətlərin bu sahədə birgə əməkdaşlığının vacibliyi diqqətə çatdırıldı. Eyni zamanda vurğulandı ki, üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi olduqca vacib məsələlərdəndir.

Çıxış edənlər mövcud problemlərin həllində Qoşulmama Hərəkatının kifayət qədər güclü mövqelərə malik olduğunu deyərək 64 il bundan qabaq - 1955-ci ildə qəbul olunan Bandunq prinsiplərinin bu günaktual olması fikrində həmrəylik nümayiş etdirdilər.

Prezident İlham Əliyevin adından Zirvə Görüşündə iştirak edən ölkə liderləri və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə təşkil olunan rəsmi ziyafətdə də dövlət başçısı bir daha Azərbaycanın təşkilata sədrliyi dövründə məqsəd və məramından söz açdı: "Məqsədimiz üzv dövlətlərlə birgə Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemindəki rolununüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, dayanıqlı inkişafa və ədalətin təmin olunmasına töhfələr verməkdir. Ölkəmizin hərəkata sədrliyi dövründə üzv dövlətlər arasında həmrəylik və qarşılıqlı dəstək münasibətlərinin təşviqi prioritetimiz olacaqdır. Biz, həmçinin üzv ölkələr arasında mövcud olan məsələlərin, yarana biləcək problemlərin həllinə kömək göstərməyə çalışacağıq”.

BMT Baş Assambleyasından sonra üzv dövlətlərin sayına görə ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşünü dünya miqyasında ən önəmli hadisə adlandıran cənab İlham Əliyev ölkəmizin Hərəkata sədrliyi dövründə üzv dövlətlər arasında həmrəylik və qarşılıqlı dəstək münasibətlərinin təşviqinin prioritet məsələ olacağını, eləcə də Azərbaycanın üzv ölkələr arasında mövcud olan məsələlərin, yarana biləcək problemlərin həllinə kömək göstərməyə çalışacağını vurğuladı.

 

Azərbaycanın sədrliyi dövrü Hərəkatın tarixində xüsusi yer tutacaq

 

Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda heç bir hərbi bloka qoşulmamış və belə niyyəti olmayan yeganə ölkədir. Ona görə də deyə bilərik ki, ölkəmiz bu qurumda sədrliyi çərçivəsində təşkilatın beynəlxalq münasibətlər sistemində rolununnüfuzunun artmasına şərait yaradacaq.

2019-2022-ci illərdə Qoşulmama Hərakatına sədrlik dövründə Azərbaycanın məqsədi üzv dövlətlərlə birlikdə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolununüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq olacaq.

Azərbaycan təşkilatın üzvləri olan xalqlar arasında həmrəylik və dostluğun möhkəmlənməsinə, bu ölkələr arasında qarşılıqlı ticarətin təşviqinə, müxtəlif sahələrdə təcrübə mübadiləsinə real imkan yaradacaq. Eyni zamanda ölkəmiz qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa, birgə təşəbbüslərin reallaşmasına kömək edəcək.

Bir sözlə, 64 il öncə - 1955-ci ildə Cəvahirləl Nehru, Camal Abdel Nasir kimi liderlərdən başlanan azadlıq, sülh missiyası bu gün Azərbaycan Prezidentinə həvalə olundu. Əminliklə deyə bilərik ki, cənab İlham Əliyev bu tarixi missiyanın da öhdəsindən layiqincə gələcək və Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının tarixində xüsusi yer tutacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 27 oktyabr.- S.1; 4.