İslahatların intellektual mərhələsi
başlayır
İlham Əliyev: "Biz XXI əsrdə
yaşayırıq, köhnə təfəkkürlə,
köhnə biliklərlə gələcəyə necə gedə
bilərik?”
Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bir daha ölkədə aparılan islahatların yüksələn xətlə və daha dolğun inkişaf edəcəyini, kadr islahatlarının bütün ciddiliyi ilə aparılacağını vurğulamışdır. Ölkədə son 15 ildə reallaşdırılan islahatların dünyanın diqqət mərkəzində olduğu, Azərbaycanın nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında birinci yerləri tutduğu halda, əlbəttə ki, qazanılan nailiyyətlərlə kifayətlənmək yetərli ola bilərdi.
Xəbər verildiyi kimi, "Doing Business” hesabatında iqtisadi islahatlar baxımından Azərbaycanın biznes mühitinə görə dünya miqyasında 25-ci yerə yüksəldiyini bəyan etmişdir. Bu mötəbər qurum Azərbaycanın adını yenə də hesabatında 20 ən islahatçı ölkənin sırasında çəkmişdir. Bu göstəricilər özlüyündə müharibə vəziyyətində yaşayan ölkənin inanılmaz uğurlara nail olduğunu təsdiq edir. Davos Ümumdünya İqtisadi Forumu yeni hesabatında isə ölkəmizdə aparılan islahatların ardıcıl xarakter daşıdığını bildirmişdir. Dövlət başçısı çıxışında bu hesabatdan irəli gələn bəzi məqamlara diqqət yetirmişdir. Azərbaycanın mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə dünyada 18-ci yerdə, polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə 30-cu yerdə, mülkiyyət hüquqlarının qorunması sahəsində 37-ci yerdə, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə 10-cu yerdə olmasını vurğulayan dövlət başçısı dedi: "Bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik.
Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik”.
Bütün bunlar kifayət idi ki, hökumət qazandığı uğurları sərgiləməklə ötən dövrün yüksək göstəricilərinə nikbin yekun vursun və bütün görülən işlərdən yüksək məmnunluğunu ifadə etsin. Lakin dövlət başçısı bir qədər soyuqqanlı və eyni zamanda islahatlara sadiq lider kimi alqışlarsız ötüşməyə üstünlük vermiş, qarşıda daha çətin və daha mürəkkəb hədəflərin dayandığını bəyan etmişdir: "...biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik. Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır”.
Azərbaycan Prezidenti müşavirədə, həmçinin korrupsiya hallarının geniş vüsət almasını bütün MDB məkanı üçün keçmişdən qalan acı miras olduğunu bildirmişdir. Tarixə nəzər salanda bu mirasın köklərinin həqiqətən də əsrlərin dərinliyinə, Azərbaycanın Rusiyanın tərkibinə qatıldığı illərə gedib çıxdığını görürük. XIX əsrdə korrupsiya Rusiyada elə artmışdı ki, onun mövcudluğunu hakim təbəqə açıq bildirdi. Rusiya imperatoru I Nikolay bir dəfə ürəkağrısı ilə gələcək çar II Aleksandra etiraf etmişdi ki, Rusiyada ikimizdən savayı, deyəsən, hamı oğurlayır. 1845-ci ildə Qafqaz valisi təyin edilən M.S.Voronstovun əsas vəzifəsi rus hərbi administrasiyasını rüşvətdən təmizləmək idi. Gilyarovckiy isə "Mockva və moskvalılar” kitabında məmurların miskin maaş aldıqlarına görə ucdantutma rüşvətə qurşandıqlarını yazırdı. Kimi göyərti ilə, kimi ət, yumurta ilə, kimi də qiymətli hədiyyələrlə, yəni hər kəs vəzifəsinə uyğun rüşvət alırdı. Sovet dönəmində dilə-dişə düşən, korrupsiyada adı hallanan nədənsə mərkəz yox, Qafqaz respublikaları idi. Amma "acı mirasın” kökləri uzaq keçmişdən başlayırdı.
Bu gün Azərbaycanda bu mirasın haradan gəlməsinə fikir vermədən sosial bəla kimi onun fəsadları ilə mübarizə aparılır. Əhalinin sosial durumunun yaxşılaşdırılması, dövlət qulluqçularının və büdcədən maliyyəşən digər qurumların əməkdaşlarının yüksək maaşla, təqaüdlərlə təmin edilməsində məqsədlərdən biri də belə halların qarşısının maksimum alınmasıdır. "ASAN xidmət”in yaradılması, vergidən yayınma hallarının azaldılması üçün vacib yeniliklərin tətbiq edilməsi bu mirasa qarşı mübarizə üsullarındandır.
Korrupsiya hallarının qarşısının alınması üçün dövlət başçısı təkcə hüquq mühafizə orqanlarını yox, bütün aidiyyəti qurumları, o cümlədən hər bir vətəndaşı mübarizəyə səsləyir: "Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”. Beləliklə, biz ölkənin siyasi həyatında islahatlara köklənən yeni təfəkkürün formalaşmasına dövlət başcısının çağırışını eşidirik. Nazirlər Kabinetinin rəhbəri dəyişdirilmiş və onun qarşısında islahatların həyata keçirilməsinin davamlı təmin edilməsi ciddi tapşırıq kimi qoyulmuşdur. İslahatların aparılması, kadr islahatlarının həyata keçirilməsi Baş Nazirin ümdə vəzifəsi kimi müəyyən edilmişdir.
Kadrların - insan resurslarının düzgün seçilib təyin edilməsi və irəli çəkilməsi dövlət quruculuğunun ana xəttini təyin edir. Ulu Öndər hələ ötən əsrin 70-ci illərindən başlayaraq minlərlə savadlı, bilikli orta məktəb məzunlarını keçmiş Sovet İttifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumağa göndərəndə kadr potensialını düşünürdü. Onlardan Rusiyada qalıb böyük vəzifələrə yüksələnlər də oldu, vətənə qayıdıb respublika iqtisadiyyatında önəmli rol oynayanlar da.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin kadr məsələsini önə çəkməsi günün tələbindən irəli gəlir: "Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”.
İndi bütün dünyada insan resurslarının idarə olunması, yeni kadrların, xüsusi istedadların və intellektual mülkiyyət sahiblərinin üzə çıxarılıb irəli çəkilməsi ən vacib və ən ciddi məsələdir. Böyük korporasiyalar və nəhəng şirkətlər hətta bu məsələdə iqtisadi kəşfiyyat aparır, dünyanın istənilən nöqtəsindən onlara lazım olan mütəxəssisləri çağırır və onlara yaradıcılıq üçün istənilən şəraiti yaradırlar. Biz ölkə iqtisadiyyatının müxtəlif sahələrini inkişaf etdiririk, aqrar sektor diqqət mərkəzindədir. Bunlar hamısı islahatların tərkib hissəsidir. Bu baxımdan dövlət başçısının israrla yeni kadrlara önəm verdiyini anlamaq üçün bir neçə faktı nəzərdən keçirmək yerinə düşərdi.
Dünyada
30 yaşınadək milyarder olan ən gənc, uğurlu
və istedadlı iş adamlarından biri Kayli Cennerdir.
O, ən gənc milyarderdir. Gənc
qadının qəfil varlanmasını qısqanclıqla
qarşılayanlar olsa da,
fakt faktlığında qalır. Onun milyardı valideynlərindən qalan miras yox,
əlinin qabarı, intellektinin bəhəridir.
Mark Zukerberq, Evan Şpiqel də
artıq 30 yaşlarında milyarder idilər.
Larri Peyc, Bill Qeyts isə 31
yaşında milyarder olublar.
Lakin burada fikir veriləsi ciddi bir məqam ondan ibarətdir
ki, bu milyarderlərin əksəriyyəti
sərvətlərini sənayedə və aqrar
sektorda qazanmayıblar. Serqey Brin
ABŞ-a Rusiyadan köçüb,
2004-cü ildə varidatı
27 milyard dollar idi. O,
"Alphabet” texnoloji nəhəngin
prezidentidir. Elizabet
Holms "Theranos”un yaradıcısı
və baş direktorudur. 2014-ci ildə
qanın analizi startapına görə 30
milyarda sahib idi.
Bu il Eduardo Saverinin sərvəti 36 yaşında 131 milyard
dollar olub. Gəlir mənbəyi "Facebook”dur. Patrik Kollison 30 yaşında 2,1 milyardın sahibi idi. Onlayn ödəmələr
şirkətini yaradıb.
Bobbi Merfi 27 yaşında
milyarder olub. "Snapchat” sosial
şəbəkələrinin yaradıcısıdır. Mark Zukerberqin 64,2 milyardı var. "Facebook”
yaradıcılarından biri
və baş direktorudur. Yəni son illərin qazanc
mənbələri virtual aləm,
sosial şəbəkələr
və yeni texnologiyalarla bağlıdır.
Axı bizdə də belə mütəxəssislər
yetişir və təəssüf ki, onların bir qismini göz qırpımında ölkədən
çəkib aparırlar.
Ulu Öndərin bir ifadəsi yada düşür: "Azərbaycanın neft kimi sərvəti var”. Bu gün
islahatların məzmununu
dərinləşdirən, intellektual tutumuna güc verən Prezident İlham Əliyevin kadr islahatlarını dövlətin
iqtisadi siyasətinin bünövrəsi kimi dəyərləndirməsi ölkə
iqtisadiyyatının bütün
sahələrində özünü
göstərir. Söhbət istedadların yetişdirilib
üzə çıxarılmasından
gedir.
Yeni kadrların hazırlanması
ilə yanaşı, intellektual mülkiyyətin
qorunması, onun müdafiəsi proqramlarının
da hazırlanması vacibdir. Bu, çətin bir işdir, amma vacibdir. Ona görə vacibdir ki, dövlət
başçısının dediyi kimi: "Biz XXI əsrdə yaşayırıq,
köhnə təfəkkürlə,
köhnə biliklərlə
gələcəyə necə
gedə bilərik?”
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.- 27 oktyabr.-
S.1; 7.