Yeni əsrin yeni liderindən dünyaya sülh
çağırışı
Qoşulmama Hərəkatına sədrliyin Prezident İlham Əliyevə
həvalə olunması Azərbaycanın qlobal
miqyasda artan nüfuzunun göstəricisidir
Ən qüdrətli dövrünü yaşayan Azərbaycanın siyasi dövlətçilik tarixinə daha bir şanlı səhifə yazıldı. Cənubi Qafqazın lideri Azərbaycan BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisata - 120 əsas, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə yüksək səviyyədə ev-sahibliyi ilə sədrliyi qəbul etdi.
Qoşulmama Hərəkatının Zirvə Görüşünün Azərbaycanda keçirilməsi müstəqillik tarixində ən böyük siyasi tədbir idi. Zirvə görüşündə 160 nümayəndə heyəti dövlət və hökumət başçısı, parlamentin sədri, xarici işlər naziri və digər yüksək səviyyələrdə təmsil olunurdu. Həmçinin BMT Baş katibinin müavini, BMT Baş Assambleyasının prezidenti toplantıda iştirak etmək üçün Azərbaycana səfər etdi. Hərəkatın Zirvə toplantısı dünya dövlətləri ilə Azərbaycanın ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti dünya dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə 20-dən artıq görüş keçirdi.
2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz böyük diplomatik uğur idisə, Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə həvalə olunması qlobal miqyasda artan nüfuzun göstəricisidir desək, yanılmarıq.
Ümumiyyətlə, Bakı Zirvə Görüşü dünya miqyaslı tədbir olaraq 2 gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisə kimi yaddaşlara yazıldı. Bu sammitdə beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlər müzakirə edildi və ölkəmiz növbəti dəfə dünyanın aparıcı KİV-inin diqqət mərkəzində oldu.
Bu, əlbəttə ki, Prezident İlham Əliyevin son 16 ildə nümayiş etdirdiyi prinsipial, çevik və qətiyyətli siyasətin təntənəsidir, uğurlu xarici diplomatiyanın bəhrəsidir.
Əgər üçüncü minilliyin başlanğıcında Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən qurtararaq yeni inkişaf mərhələsinə çıxardısa, cənab İlham Əliyev müasir Azərbaycanı dünyada söz sahibinə, etibarlı tərəfdaşa və modern dövlətə çevirdi. Dövrün çağırışlarının tələblərini nəzərə alan, yürütdüyü uğurlu daxili siyasətlə xalqı öz ətrafında sıx birləşdirən, humanist siyasəti ilə bağışlamağı bacaran, bütün beynəlxalq toplantılarda dünyaya sülh mesajı verən və ən islahatçı Prezident kimi tanınan cənab İlham Əliyevə daha bir mühüm vəzifə - barışdırıcı sülh missiyası həvalə olundu.
Bu qərar dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının cənab İlham Əliyevin tam müstəqil, qətiyyətli siyasətinə verdiyi dəstək kimi qiymətləndirilməlidir. Bu həm də bir daha təsdiq edir ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni platformada yer alır.
Çoxşaxəli və uğurlu siyasi fəaliyyətinin nəticəsi olaraq beynəlxalq sahədə böyük nüfuza sahib olan Azərbaycan Prezidenti 3 il müddətində Qoşulmama Hərəkatına sədrlik edəcək və əminliklə deyə bilərik ki, cənab İlham Əliyev bu tarixi missiyasının da öhdəsindən layiqincə gələcək. Cənab Prezident mötəbər beynəlxalq təşkilatların - BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.
Əlbəttə ki, yarım əsrdən çoxdur bəşəri dəyərlərin təbliği ilə məşğul olan və dünyanın ən böyük təşkilatlarından biri sayılan Qoşulmama Hərəkatının Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmiz adına böyük uğurdur və eyni zamanda çox əhəmiyyətlidir. Bu həm ölkəmizin dünyada artan nüfuzunun göstəricisi, həm inkişafa, təşkilatçılığa verilən qiymətdir. Cənab Prezident də Zirvə görüşündəki çıxışında bütün sahələrdəki uğurlarımızı səsləndirməklə Azərbaycanın bəşəri ideyalara sadiqliyini, insanlığa hörmətini ifadə etdi.
60-a yaxın ölkənin dövlət və hökumət başçılarının, 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev hər zaman olduğu kimi, dünya birliyini ədalətə, sülhə çağırdı. Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün ikili standartlara son qoyulmasının vacibliyini qəti şəkildə vurğuladı.
Cənab İlham Əliyevin "Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir” ifadəsi Azərbaycan xalqının fikrini əks etdirməklə təcavüzkarlığa qəti etiraz, dünya dövlətlərinə, beynəlxalq təşkilatlara isə ədaləti bərpa etmək üçün bir mesaj idi.
Zirvə görüşü Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirdilər və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğuladılar.
Oktyabrın 26-da qəbul edilən Yekun sənədə ilk dəfə olaraq mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayaraq təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə "işğalçı” ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə, 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.
Yekunda qəbul olunan Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olundu: "Biz dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.
Bir sözlə, Zirvə görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması sahəsində nümayiş etdirdiyi liderliyini yüksək qiymətləndirir.
Prezident İlham Əliyev sədrlik dövrü üçün əsas prioritetləri də açıqladı və qeyd etdi ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən "Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Azərbaycan hər zaman olduğu kimi, bu prinsiplərə sadiq qalacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 29 oktyabr.- S.1; 7.