İstehlakçıların etibarlı elektrik
enerjisi ilə təchizatı istiqamətində
silsilə tədbirlər görülür
Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq "Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
"Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov bildirdi ki, yarımstansiyada 110/35/10 kV-luq 40 MVA gücündə iki yeni transformator quraşdırılıb, bununla da yarımstansiyanın gücü artırılaraq 80 MVA-ya çatdırılıb. Yarımstansiyanın yenidən qurulması ilə 110 kV-luq qidalandırıcı elektrik verilişi xətlərinin əlaqələnmə sxemlərinin dəyişdirilməsi mümkün olub. Bununla da "Şəki” Elektrik Stansiyası, "Ağsu” və "Ağdaş” qovşaq yarımstansiyaları arasında 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin etibarlılığı artırılıb.
Qəbələ rayonunda 21375 abonent, o cümlədən 20112 əhali və 1263 qeyri-əhali abonenti və bir sıra istehsal və infrastruktur obyektlərinin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, 110, 35 və 10 kV-luq yeni paylayıcı qurğular inşa olunub və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.
Qeyd edildi ki, indi istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu məqsədlə əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, qəza açılmalarının minimuma endirilməsi, kənd təsərrüfatının inkişafı məqsədilə suvarma sistemlərinin elektrik enerjisi ilə təminatı üçün ilkin profilaktik tədbirlərin görülməsi, qeyri-neft sektorunun, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan yeni texnologiyaların tətbiqi və maddi-texniki bazanın müasirləşdirilməsi başlıca prioritetlərdəndir.
Vurğulandı ki, dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq, regionlardakı istehlakçıların elektrik enerjisi təchizatı Bakı şəhərindəki səviyyəyə çatdırılmalıdır və bu istiqamətdə silsilə tədbirlər davam etdirilir. Hazırda ölkəmizin bütün ərazilərində perspektiv inkişaf nəzərə alınmaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsinə yönələn tədbirlər geniş vüsət alıb. Paylayıcı elektrik şəbəkələrində informasiya-kommunikasiya texnologiyalarının və ən müasir standartlara cavab verən idarəetmənin geniş tətbiqi də maksimum diqqətdə saxlanılır.
Prezident İlham Əliyev "Qəbələ” elektrik yarımstansiyasını, eyni zamanda, 110/35/10 kilovoltluq "Ağdaş” elektrik yarımstansiyasını işə saldı.
Qeyd edək
ki, 2005-ci ildə istifadəyə verilən
"Ağdaş”
yarımstansiyasının istismar müddəti
bitdiyindən artan tələbatı
qarşılaya bilmirdi və onun yenidən qurulması zərurətə çevrilmişdi. Yarımstansiya tam yenidən qurularaq gücü 41 MVA-dan 50 MVA-ya çatdırılıb, 110 kV-luq açıq paylayıcı qurğu inşa edilib, avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşulub.
Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi və
şəbəkə ilə əlaqələndirilməsi, Ağdaş və Ucar
rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin
yaradılması bu rayonlarda
elektrik enerjisinin
dayanıqlılığına və
etibarlılığına xidmət edəcək. Ümumilikdə,
son vaxtlarda Ağdaşda 195 kilometr müxtəlif
gərginlikli elektrik veriliş
xətti çəkilib, 3600 ədəd dayaq
quraşdırılıb.
Azərbaycan.- 2019.-29 oktyabr.- S.2.