Azərbaycan xalçaları dünyanın ən
aparıcı muzeylərində nümayiş
etdirilir
Oktyabrın 28-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı Qəbələ filialının açılışını bildirən lenti kəsdi.
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov bildirdi ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər öz bəhrəsini verir.
Qeyd olundu ki, bu sahənin inkişafına xüsusi diqqət və qayğı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Hazırda dövlət səviyyəsində bu fabriklərin yerli istehsal hesabına xammalla təmin olunması diqqət mərkəzindədir. Bu fabriklərin açılması xüsusilə qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu sırada təbii ki, Qəbələdəki xalça fabriki də fərqlənir. Müəssisədə əsasən Şamaxı, Ağdaş, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar, Qəbələ, Qax, Zaqatala və Oğuz rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında "Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Qəbələ filialı toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Qəbələ şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları "Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Xalça-satış salonunda "Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Dövlətimizin başçısı toxunuşu başa çatan xalçanı kəsdi.
Sonra filialın kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV dedi:
- Mən sizi ürəkdən salamlayıram. Sizi yeni xalça fabrikinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl müəssisədə indi 50-dən çox iş yeri yaradılıb. Gələcəkdə iş yerlərinin sayı daha da çox olacaq. Əsas məsələ ondadır ki, burada qadınlar üçün iş yerləri yaradılır. Yəni, qadınları işlə təmin etmək üçün xüsusi tədbirlər görülür ki, Azərbaycanda iş yerləri daha da sürətlə açılsın, daha geniş əhalini əhatə etsin.
Burada iş şəraiti də, əməkhaqqı da yaxşıdır. Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün biz çox böyük işlər görürük. Bu məqsədlə "Azərxalça” müəssisəsi yaradılıbdır və mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Onlardan 10-u istifadəyə verilib, o cümlədən biri Qəbələ şəhərində. Növbəti illərdə isə 20-dən çox fabrik fəaliyyətə başlayacaq. Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq.
Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın. Buna nail olmaq üçün, əlbəttə ki, belə fabriklərin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gənc nəsil bu gözəl sənətə gələcək və bizim peşəkar mütəxəssislərimiz öz təcrübələrini bölüşərək bunu gənc nəslə də ötürəcəklər. Beləliklə, xalça sənəti yaşayacaq, necə ki, əsrlərboyu yaşayıb.
Eyni zamanda, xalça ixracyönümlü məhsuldur. Bu xalçalar xaricə satılmaqla ölkəmizə valyuta gələcək. Biz indi Sumqayıt şəhərində böyük əyirici-boyaq müəssisəsini yaradırıq. Ölkə üzrə yun tədarük mərkəzləri yaradılır. Bizim öz boyalarımız, öz iplərimiz olacaq və idxaldan asılılıq aradan qaldırılacaq.
Ona görə "Azərxalça”nın yaradılması, görün, nə qədər böyük, gözəl hadisələrə təkan verdi. Həm iş yerləri yaradılır, biz sənətimizi yaşadırıq, gənc nəsli yetişdiririk, həm də bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir və nəticədə Azərbaycan daha da güclənir, ölkəmizin uğurlu inkişafı təmin edilir.
Qəbələ rayonuna çox böyük diqqət göstərilir. Son illər ərzində burada bir çox önəmli müəssisələrin, obyektlərin açılışı olub. Təsadüfi deyil ki, mən son 16 il ərzində Qəbələyə 13 dəfə səfər etmişəm, şəhərin, rayonun inkişafı ilə bağlı göstərişlər verilib və gözəl açılışlarda iştirak etmişəm.
Qəbələ Azərbaycanın Bakıdan sonra ikinci turizm məskənidir. Turizmin inkişafı sürətlə davam edir, 9 otel, 9 istirahət mərkəzi yaradılıb. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qəbələdə beynəlxalq aeroport tikilib. Baxmayaraq ki, sovet vaxtında Qəbələdə aeroport yox idi, indi beynəlxalq uçuşlar təşkil edilir. İcra başçısı mənə məlumat verdi ki, bu il təkcə otellərdə 150 min qonaq istirahət edib. Fərdi evlərdə də bəlkə o qədər qonaq istirahət edib. Bu, vətəndaşlara da böyük maddi dəstəkdir. İmkanı olan vətəndaşlar öz evlərinin bir hissəsini kirayəyə verirlər, pul qazanırlar. Kəndlilər də öz məhsullarını satırlar. Ona görə turizmin inkişafı əhalinin çox böyük bir hissəsini əhatə edir.
Əlbəttə, Qəbələdə sosial
infrastruktur da icra edilir. O cümlədən
biz bu gün içməli su-kanalizasiya
layihəsini icra etdik. Bundan sonra Qəbələ
ən yüksək standartlara cavab verən içməli su ilə təmin
ediləcəkdir. Şəhər sakinləri bundan faydalanır. "ASAN xidmət” mərkəzi yaradılmışdır ki,
bu da vətəndaşlara
çox böyük rahatlıq verir. Heydər Əliyev adına böyük
Konqres Mərkəzi yaradılıb və orada beynəlxalq tədbirlər, musiqi festivalları keçirilir.
Yəni, Qəbələdə
hərtərəfli inkişaf
təmin edilir, iş yerləri, yeni müəssisələr,
konserv zavodu, iki böyük heyvandarlıq müəssisəsi,
bu gün tanış olduğum, Azərbaycanın
tələbatının böyük
hissəsini öz üzərinə götürən
gülyetişdirmə mərkəzi
və bu xalça müəssisəsi.
Ona görə Qəbələnin
timsalında biz ölkəmizin
uğurlu inkişafını
görürük.
Şəhər də gündən-günə
gözəlləşir, abadlaşır. Həm tarixi
abidələr qorunur,
həm yeni obyektlər göz oxşayır. Belə də
olmalıdır. Çünki Qəbələ dünyanın
ən qədim yaşayış yerlərindən
biridir. Qəbələ qədim Qafqaz
Albaniyası dövlətinin
paytaxtı olmuşdur.
Bu şəhərin çox böyük tarixi var. Biz indi Qəbələnin tarixi simasını saxlamaqla şəhərə, rayona
yeni nəfəs veririk. Yeni inkişaf konsepsiyası
icra edilir. Hər dəfə Qəbələdə
olanda mən gördüyüm bu inkişafı qiymətləndirirəm
və buna sevinirəm.
Sizə gələcəkdə yeni
uğurlar arzulayıram. Arzu edirəm
ki, bu müəssisədə
yaxşı işləyəsiniz,
həm ailə büdcənizə töhfə
verəsiniz və həm də burada gözəl sənətimizi yaşadasınız.
Xalçaçılar: Çox sağ olun, cənab Prezident.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.-29 oktyabr.- S.3.