120 dövlət Ermənistanı işğalçı ölkə kimi tanıdı

 

Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və ardıcıl mövqeyi bu gün artıq sözügedən konfliktlə əlaqədar regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxarmaqdadır.

Bunu şərtləndirən ilk səbəblərdən biri budur ki, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası nəticəsində Ermənistanın işğalçı siyasəti ifşa edilib. Buna paralel olaraq Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi nəticələr əldə olunub. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bölgədə reallıqların yaranması üzə çıxıb.

Bu günlərdə Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə də Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa olunmasına nail oldu.

Azərbaycan xalqı uzun tarixi zamandan bəri erməni terroruna, işğalçılığına məruz qalsa da, dünyanın supergücləri işğalı dövlət səviyyəsində dəstəkləyən Ermənistana qarşı konkret addımlar atmayıblar. Əksinə, təcavüzkar dövləti himayə etməklə onların əməllərinə göz yumublar.

Bu günlərdə Bakıda baş tutmuş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə çıxışı zamanı Prezident İlham Əliyev bu xüsusda bildirib: "...Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu.

Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür... 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır”.

Ümumiyyətlə, Azərbaycan Qoşulmama Hərəkatının müxtəlifsəviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğu qısa müddət ərzində ölkəmizin rəhbərliyinin məqsədyönlü siyasəti ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb. Bu təşkilatın daxili prosedur və sənədlərində də Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub.

Zirvə görüşündə qəbul olunan Yekun sənəddə dövlət və hökumət başçıları nasist hərəkatının, neonasizminVaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllər ucadılması, nasist keçmişi, nasist hərəkatı və neonasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüşnasist hərəkatının iştirakçıları ilə birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınadılar. Bu, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi tezislərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisidir.

Bu gün birmənalı qəbul olunan həqiqətdir ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bundan əlavə, ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə Ermənistanın təcridini daha da dərinləşdirə bilib.

Eyni zamanda Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırıb. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, ikili standartlar sayəsində deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir.

İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 15 il keçsə də, Yerevanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda verməyib.

Ötən illərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 27 oktyabr.- S.7.