26 ilin Zəngilan nisgili

 

Zəngilanın işğalından 26 il keçir

 

... Təbiət də bu müsibətə əvvəldən duyuq düşmüşdü sanki. Yerdəki müharibəyə göydəki savaşla cavab verirdi. Qapqara buludlar buludları qovub, göy üzünü işğal etmişdi. Çaxan ildırımın, şimşəyin işığı silahların işığına qarışmışdı. Göydən yağış, yerdən isə güllə yağırdı...

Atların kişnərtisi, itlərin hürüşməsi, mal-qaranın, ev quşlarının səsi göylərə çatırdı. Ana təbiət daha bir yurdunun - Zəngilanın əsir düşməyinə öz dililə fəryad qoparır, ağlayırdı... Göydən axıtdığı damlalar el-obasını, yurdunu məcbur qoyub gedən əhalinin göz yaşlarına qarışmışdı...

Hamıya şiddətli döyüş getdiyi üçün təcili şəkildə evləri tərk etmək elan olunmuşdu. Araz çayının sahilinə gedib, İrana keçməli, döyüş səngiyəndən sonra iki gün ərzində yenidən rayona qayıdacaqları deyilmişdi. Elə bu inamla da hər kəs evinin qapısını bağlayıb, açarı da özüylə götürmüşdü. Ciblərində evlərinin açarı, ürəklərində ümid Araz çayına pənah gətirmişdilər...

Amma sən demə, o gün zəngilanlıların Zəngilanda keçirdikləri son gün imiş...

O məşum gündən 26 il keçir. 26 ildir zəngilanlılar yurd həsrəti çəkirlər. 26 ildir Zəngilana qayıdacaqları günü gözləyirlər. Və 26 ildir yenidən geri qayıdacaqları ümidilə yaşayırlar...

 

***

 

Bu gün yenə "Zəngilan”dayıq. Amma Masazır qəsəbəsindəki eyniadlı şəhərcikdə... Ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə salınan, 2013-cü ildə açılışı olan bu şəhərcikdə 965 ailə, 3705 sakin məskunlaşıb. Ümumilikdə 970 mənzil var. Şəhərcikdə Zəngilan Rayon İcra Hakimiyyəti, 33 saylı tam orta məktəb, poliklinika, poçt, polis şöbəsi, Mənzil Kommunal İstismar şöbəsi idarəsi, uşaq bağçası, mədəniyyət klubu, market fəaliyyət göstərir.

Zəngilan rayon 33 saylı tam orta məktəbdə 733 şagird təhsil alır. Pedaqoji heyət 51 müəllimdən ibarətdir. Şagird müəllimlərin əksəriyyəti Zəngilan rayonundandır.

 

"Hər şeyimiz var, bircə Zəngilan yoxdur

 

Məktəbin tarix müəllimi Solmaz Əliyeva deyir ki, Zəngilan çox gözəl, mənzərəli, güllük-gülüstanlıq bir rayon idi. Təbiət heç bir gözəlliyini ondan əsirgəməmişdi. Həm barlı-bərəkətli torpağı vardı. Naz-nemət içində yaşayırdılar: "Amma ağlımıza gəlməzdi ki, bu gözəl diyarın ağrı-acılı, qara günləri başlayacaq. 1992-ci ilin dekabrında Şayıflı digər kəndlərimizə ermənilər tərəfindən hücum oldu. qədər əhali qətlə yetirildi. Qaçıb xilas ola bilənlər rayonun mərkəzinə gəldilər, peşə məktəblərində evlərdə məskunlaşdılar. 1993-cü ildən ermənilərin hücumları daha da artdı. Rayonun müdafiəçiləri oktyabr ayına qədər dözə bildilər. Artıq Füzuli, Qubadlı, Cəbrayıl işğal olunmuşdu. Biz xeyli vaxt mühasirədə yaşadıq. Rayondan çıxmaq üçün bircə yol qalmışdı - İran. Bütün rayon od-alova bürünmüşdü. Əksər kəndlər yanırdı. Oktyabrın 27-də xəbər gəldi ki, hamı Araz çayının kənarına getsin. Təlaş içində uşaqlarımızı götürüb çıxdıq evdən. O gün ikinci Xocalı soyqırımı yaşanacaqdı. Ulu Öndər Heydər Əliyev İran rəhbərliyi ilə danışıb razılaşdı, Arazda suyun səviyyəsini aşağı endirdilər. Ondan sonra əhali İrana keçə bildi. Ordan da Bakıya gəldik. Neçə il yataqxanada ağır vəziyyətdə yaşadıq. 2013-cü ildən isə Masazırda Zəngilan şəhərciyində məskunlaşmışıq. Burda hər cür şərait yaradılıb. Hər şeyimiz var, bircə Zəngilan yoxdur. O yurd həsrəti illərdir ürəyimizi parçalayır. O gün dərsdə Məmməd Arazın "Azərbaycan - Dünyam mənim” şeirini keçmişdik. Gördüm uşaqlar kövrəldi. Dedim kövrəlmək yox, vətəni, yurdu sevmək lazımdır. Bu sevgi hər şeydən önəmlidir. Biz bu məhəbbəti uşaqlarda oyada biliriksə, onlar bu sevgidən heç vaxt məhrum olmazlar, ata-baba yurdlarını yadlarından çıxarmazlar”.

 

"Dedim görsən ermənilər bura girdi, bizi öldür, əsir düşməyək”

 

Azərbaycan dili, ədəbiyyat müəllimi işləyən Gülnarə Hacıyeva isə 1992-ci il dekabrın 10-da Zəngilanın bir neçə kəndi ermənilər tərəfindən işğal olunan zaman həmin hadisələrin iştirakçısı olub: "Uşaqlıqda 1941-45-ci il müharibəsinə aid filmlərə baxanda təsəvvürümüzə gətirməzdik ki, özümüz vaxtsa eyni hadisələrin içində olarıq. Yoldaşım Tariyel Salmanov həkimdir. Dekabrın 10-u səhər evə zəng gəldi ki, kəndin yuxarısında atışma olub. Tez xəstəxanaya getdi. Mən evdə tək qaldım. O vaxt çox ailə həyətində "akoptikmişdi. Kəndin özündə də hərbçilərimiz böyük blendajlar salmışdılar. Biz də həyətdə "akop” düzəltmişdik. Həkim tapşırmışdı ki, atışma olanda gedin ora girin. Tariyel evdən çıxandan bir az sonra dəhşətli atışma başladı. Bir neçə ailə yığışdıq bizim həyətdəki "akopa”. Elə bir vəziyyət idi, güllə elə yağırdı ki, başımızı "akopdan çıxara bilmirdik görək nə baş verir. Xeyli atışmadan sonra bir qonşu gəlib xəbər verdi ki, ermənilər körpünü keçib giriblər kəndə. Neçə ailəni öldürüb, evləri yandırıblar. Bizim isə xəbərimiz olmayıb. Həkim arxamızca maşın göndərsə də, gülləyə necə tutublarsa, həyətə girə bilməyib. Yoldaşım tapşırmışdı ki, belə vəziyyətdə avtomatımı evdə qoyma. Evdən çıxanda yoldaşımın avtomatını, buşlatını, bir də patrondaşını belimə bağladım. Avtomatı qonşumuz Akifə verdim ki, bizi qorusun. Dedim görsən ermənilər bura girdi, bizi öldür, əsir düşməyək. Neçə saat orda qaldıq bilmirəm. Bizim həyətin qarşısından çay axırdı. Çayın o tərəfi dağ idi. Ermənilər o dağdan, meşənin içindən kəndə güllə atırdılar. Əsgərlərimiz bizi o atışmanın içindən sürünə-sürünə, başqa bir yolla çıxarıb apardılar. Kənd camaatını yığdılar böyük "akopa”. Şayıflıda ehtiyat vaqon da saxlamışdılar ki, lazım olsa, camaatı çıxarsınlar. Amma qaçhaqaç elə qəfil düşdü ki, heç nə edə bilmədilər. Sonra əsgərlərimiz əhalini alma bağlarının içilə kənddən çıxardılar. Həmin gün neçə kənd işğal olundu, yandırıldı, çoxlu şəhid verdik. Cavanların çoxunu Yazı düzündə dəfn etdik. Evindən sağ çıxa bilməyənləri isə elə öz həyətlərində basdırdıq. İndi hərdən bəziləri deyirlər ki, torpaqlarını qoyub qaçdılar. Bu söz adamı yandırıb yaxır. Səhər yuxudan durub görürdük ki, həyət qəlpələrlə doludu. Camaat qorunmaq üçün pəncərələrin qabağına torpaqla doldurulmuş kisələr yığırdı. Başından bir az yer saxlayırdılar ki, içəri işıq düşsün. Vətən sevgisi o qədər yüksək idi ki, o dəhşətli vəziyyətdə yaşayırdıq, evimizi qoyub getmirdik. Son ana qədər də çıxmadıq. Hətta İrana keçəndə də hamı bir neçə gün sonra geri qayıdacağına inanırdı. Amma artıq 26 ildir Zəngilan yoxdur...

Zəngilandakı çinar meşələri Avropada birinci, dünyada ikinci idi. Mən evdə də, məktəbdə də Zəngilanın təbiətindən, bulaqlarından, dörd çayından danışıram. Hansısa rayona gedəndə Şayıflı ilə müqayisə edib deyirəm ki, bura kəndimizin yanında heç nədi. Kənd dağlarla əhatə olunmuşdu, Oxçu çayı ordan axırdı. Yaşıllığı, havası əvəzsiz idi. Hamı bir-birilə isti münasibətdə idi, mehribançılıq, yüksək mədəniyyət vardı. Qonşuluq necə gözəl qurulmuşdu. İndi böyük-kiçik, qız-qadına münasibəti, qonşuluğu bilmirlər. Nə qədər meyvə, tərəvəz yeyirik, amma Zəngilandakının dadını vermir. Hansı zəngilanlını dindirsən, deyir torpağıma geri qayıtmaq istəyirəm. Hamımız o ümidlə yaşayırıq”.

 

"Evdən rezin çəkələklə çıxdım”

 

İngilis dili müəllimi Hicran Qasımova Mincivanda yaşasa da, Qaragöl kəndində işləyirdi. Hər gün Yerevan-Qafan qatarıyla işə gedib gəlirdi: "Demə, günorta dərsdə olanda ermənilər kəndlərə giriblər, biz bilməmişik. Dərsdən sonra yenə qatarla qayıdıb evə gəldim. Axşam həyətdən səs-küy gəldi. Çıxdıq gördük əmim oğlu Vahiddir. Kəndləri işğal olunmuşdu. O vaxt neçə kənddən qohum-əqrəba tökülüb gəlmişdi bizə. 1993-cü il oktyabrın 27-si səhər idi. Evdə adam çox olduğundan anam toy qazanı asmışdı ki, nahar hazırlasın. Birdən xəbər gəldi ki, ermənilər rayona girib, təcili hamı evdən çıxsın. Bircə onu bildik ki, uşaqların əynini qalın geyindirib yığdıq maşına. Mən özüm evdən rezin çəkələklə çıxdım. Bir neçə də qalın adyal götürdük. Evdən başqa heç nə çıxarmadıq. O an adamın gözü dünya malında olmur. Elə deyirdik canımızı qurtaraq. Çünki Xocalı soyqırımından sonra camaatın içində xof qalmışdı. O gün hamı yığışdı Arazın sərhədinə. Səhərə qədər gözlədik. Dövlət səviyyəsində razılıq əldə olunandan sonra İrandan maşınlar, traktorlar gəldi, camaatı sərhədin o tayına keçirdilər. O vaxtdan bəri sərhədin bu tayına həsrət qalmışıq. Atamızın qəbrinin üstünə gedə bilmirik. Bu hisslər sözlə izah olunmur, onu yaşayanlar bilir. Böyüklərimiz "vətən” deyə-deyə öldü. İnşallah bizlər ölmədən o torpaqları görərik. Hər vəchlə vətəni yaşatmağa, unutdurmamağa çalışırıq. Şagirdlərə Zəngilanın zənginliyi haqqında çox danışırıq. Adət-ənənələrimizi, hətta ləhcəmizi də unutmuruq. Uşaqlarımız da o ləhcəylə danışır. Bu gün eşitsək ki, torpaq alınıb, durmadan geri dönərik”.

 

"Qapını bağlayıb, açarı qoydum çörəyin arasına”

 

Zəngilan Rayon İcra Hakimiyyətinin əməkdaşı İman Məmmədov rayonu tərk edəndə 15 yaşı vardı. Amma hər şeyi yaxşı xatırlayır: "Hələ Şayıflı hadisəsi olanda əsgərlərimizə kömək etməyə getdim. Döyüşə girməyə qoymadılar ki, uşaqsan. Amma silahları daşımağıma icazə verdilər. Onda danışırdılar ki, erməni dəstələrinin içində zəncilər də var, bunu görmüşdülər. Körpünün üstündə şprislər də tapmışdılar. Onları müayinə edəndə məlum olmuşdu ki, kəndə hücumdan öncə narkotik maddə vurublarmış...

Bəzən deyirlər, insan öləndə gözəlləşir. Həmin il Zəngilan həmişəkindən də gözəl idi. Güllü-gülüstan idi. Həm də bolluq vardı. Amma həmin gün yurdun növrağı pozuldu, təbiətdə ağlayırdı sanki. Heyvanların səsləri hər yeri bürümüşdü. Hər tərəf qaranlıq zülmət idi, işıq gələn bir yer yox idi, çünki işıq olan yeri ermənilər dərhal vururdu. Başımızın üstündən qradlar uçurdu. Bircə ona imkanımız çatdı ki, əynimizə qalın paltar götürüb, qaçıb mindik maşınlara. Hətta Arazın qırağında da camaatı sakit buraxmırdılar, atırdılar. Hava yağışlı idi deyə, hamının ayağı palçıq olmuşdu. Payızın sazağında soyuq çay daşlarının üstündə oturub ah-nalə çəkirdilər. İran da sərhədi keçməyə icazə vermirdi. Ulu Öndər Heydər Əliyev razılıq əldə etməsəydi, Arazın suyunun azaldılması ilə bağlı göstəriş verilməsəydi, İrana keçə bilməzdik və ikinci Xocalı faciəsi yaşanacaqdı. Kişilər də məhz qadınların, uşaqların əsir düşməsindən qorxurdular. Bir gecədə başı ağaran var idi. Səhəri gün əhalini texnikalar vasitəsilə çayın o tayına keçirdilər. İrana girəndə də hamı ümid edirdi ki, bu, müvəqqətidi, yenidən geri qayıdacağıq. Amma belə olmadı... Ermənilər tək o gözəlliyi, torpaqlarımızı yox, mənim kimi minlərlə yeniyetmənin gəncliyini əlindən aldı və imkan vermədilər ki, normal gənclik yaşayaq. Nə çətinliklə təhsilimizi başa vurduq. Ölənə qədər yadımızdan çıxmayacaq zərbə aldıq.

Heç yadımdan çıxmır, evdən çıxanda qapını bağlayıb, açarı qoydum çörəyin arasına, atdım itin qabağına ki, heç kim tapmasın. Uşaq ağlıdı da... Sağ olsun dövlətimiz, bizim üçün hər cür şərait yaradıb. Amma hamı vətən həsrətilə yanır. Nə vaxta qədər Zəngilanı yuxuda görəcəyik? Mən mütəmadi olaraq zəngilanlıların arasındayam. Hamı torpaq eşqilə yaşayır. Hamı ümid edir ki, Prezident İlham Əliyev bu münaqişəni sülh yolu ilə həll edəcək. Əks təqdirdə isə biz Ali Baş Komandanın əmrini gözləyirik, döyüşə hazırıq. İnanırıq ki, nə yolla olur-olsun ata-baba yurdumuz erməni tapdağından xilas olacaq”.

26 il əvvəlin bu günü Zəngilan işğal olunub. 26 ildir zəngilanlılar ev-eşiklərinin ermənilər tərəfindən dağıdıldığını, yandırıldığını bilirlər. Amma bu 26 ildə bir dəfə olsun Zəngilandakı evlərinin açarlarını tullamayıblar. Hələ də ən dəyərli əşya kimi qoruyub saxlayırlar. Zəngilanda divarları uçurulmuş, bəlkə, hətta yerli-dibli sökülmüş evlərinin qapısını yenidən açmaq ümidilə...

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.-29 oktyabr.- S.10.