Həsrətin bitdiyi günü gözləyirlər
Zəngilanın
işğalından 26 il keçir
Zəngilana rayon statusu 1930-cu ildə verilmişdi. Rayonun ərazisi 707 kvadratkilometr
idi. Rayonda bir şəhər,
bir şəhər tipli qəsəbə, qəsəbə, 81 kənd
var idi. Əsrarəngiz təbiətə malik olan rayon bura qonaq gələn
hər kəsin marağına səbəb
olur, gözəllikləri
seyr etməkdən doymurdular. Sovetlər birliyində Azərbaycanın
dörd-beş turizm rayonu var idisə,
onlardan biri də Zəngilan idi.
Rayonun bərəkətli düzləri,
dağları, kəndləri,
yaşayış evləri,
səhiyyə, ticarət,
mədəniyyət, idman
obyektləri 26 ildir ki, düşmənin işğalı altındadır. Burada dünyada
ikinci, Avropada birinci olan nadir çinar meşələri
var (hazırda həmin ağaclar erməni qəsbkarları
tərəfindən kəsilir,
məhv edilir). Zəngilanda
67 məktəb, 56 kitabxana,
34 klub, 9 mədəniyyət
evi, 7 xəstəxana dağıdıldı. Ölkə
iqtisadiyyatının vacib
sahələrindən olan
6 iri dəmir yol stansiyası, 2 şərab zavodu, Dağlıq Qarabağın
ən böyük dəmir yol deposu... 26 ildir ki, rayonun yeraltı,
yerüstü sərvətləri
erməni işğalçıları
tərəfindən talan
edilməkdədir.
Düşmənlə üz-üzə dayanan zəngilanlılar müharibə
qasırğasını 1990-cı ildən də əvvəl hiss etməyə
başlamışdılar. Vaxtaşırı ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, sərnişinləri girov
götürürdülər. Elə həmin günlərdən
rayonun sərhəd kəndləri döyüş
zonasına çevrilmişdi.
Yerli əhali "özümüzünkülərdən”
gizləyib saxladıqları
ov tüfəngləri
ilə torpaqlarımızı
qoruyurdular. Ermənilər isə xarici havadarlarının köməyi
ilə mükəmməl
silahlanmışdılar. Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Hərbi işdən az-çox başı çıxanlar
bu reallığı görürdü. Heç
kim inanmırdı
ki, ermənilər yedikləri duz-çörəyi
yadlarından çıxara
bilərlər. Amma sonralar
baş verən hadisələr göstərdi
ki, namərdlər onlara edilən yaxşılıqları unudublar.
İşğal tarixinə
nəzər salaq:
1993-cü il oktyabr ayının sonlarında Zəngilan yaxınlığında vəziyyət
həddən artıq
çətinləşdi. Aramsız hücum
əməliyyatı aparılan
ərazilərdə döyüşlər
səngimək bilmirdi.
O anları xatırlayarkən
insanların mərdliyinin,
doğma torpaqlara bağlılığının, onu son dəqiqəyədək
qorumaq niyyətinin şahidi olursan. Oktyabrın
29-u rayon erməni qəsbkarları
tərəfindən işğal
edildi. 35 min nəfərə yaxın zəngilanlı öz dədə-baba yurdlarından
ayrı düşdü.
Həmin
gün Zəngilanın
tarixinə qara hərflərlə yazıldı.
Üstündən 26 il keçməsinə
baxmayaraq, onların doğma torpaqlara qayıtmaq arzusu nə azalıb, nə də sönüb.
Həmin tarixin
26-cı ilini yaşayan
zəngilanlılar məcburi
köçkünlərə göstərilən dövlət
qayğısını öz
üzərlərində hiss edirlər. Bu qayğının
əsası Ümummilli
Lider Heydər Əliyev tərəfindən
qoyulub. Ümummilli
Liderin prioritet məsələlərdən biri
kimi yanaşdığı
qaçqın və məcburi köçkünlərə
dövlət qayğısı
bu insanların sosial həyatında yeni mərhələnin açılmasına rəvac
verdi. Həmin siyasəti
bu gün davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkənin artan iqtisadi imkanları fonunda qaçqın və məcburi köçkünlərin
yaşayış səviyyəsinin
daha da yaxşılaşdırılması
istiqamətində genişmiqyaslı
layihələr həyata
keçirirlər.
Qaçqın və məcburi köçkünlərin sosial
problemlərinin həlli,
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ilə yanaşı, onların məşğulluq
məsələləri istiqamətində
də kompleks addımlar atılır. Bu kontekstdə Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə qaçqınların
və məcburi köçkünlərin sosial
durumunun, yaşayış
şəraitinin daha da yaxşılaşdırılması
məqsədilə xeyli
sayda tədbirlər həyata keçirilib.
2013-cü ildə ölkə rəhbərinin
birbaşa diqqət və qayğısı nəticəsində Abşeron
rayonunda zəngilanlı
məcburi köçkünlər
üçün də
qəsəbə salındı.
Zəngilanlı 760 ailə həmin
yaşayış massivində
məskunlaşıb. Rayonun icra strukturları, dövlət təşkilatları
da burada fəaliyyət göstərir.
Hazırda 443000 zəngilanlı respublikanın 46 rayon və
şəhərində, əksər
hissəsi isə Bakı və Sumqayıt şəhərlərində
yaşayırlar. Belə
böyük əraziyə
səpələnmiş zəngilanlıların
sosial, kommunal, səhiyyə, təhsil və digər məsələləri ilə
məşğul olmaq,
onların üzləşdikləri
problemləri vaxtında
həll etmək üçün icra strukturları xüsusi iş rejimi ilə işləyirlər.
İndi respublika sənayesinin müxtəlif sahələrində
çalışan xeyli
zəngilanlı var. Sahibkarlıq
fəaliyyəti ilə
məşğul olanların
sayı da ilbəil artır.
Dövlət başçısının ölkədə
iqtisadi inkişafa verdiyi dəstək nəticəsində rayon əhalisinin
çox hissəsinin çalışdığı kənd təsərrüfatının
əkinçilik, bitkiçilik,
ət, süd, yun istehsalı və heyvandarlıq sahələrində uğurlar
əldə edilmişdir. Təkcə barama
istehsalı ilə məşğul olan zəngilanlılar 1022 kiloqramdan
artıq məhsulu
"Şəki-İpək” ASC-yə təhvil vermişlər.
Bu gün
rayonun 33 məktəbi
fəaliyyət göstərir. Onlardan yalnız
biri orta məktəbdir. 5600 şagirdin təlim-tərbiyəsində
870 müəllim çalışır.
Ötən tədris ilində rayondan ali məktəblərə
sənəd verən
472 abituriyentin 273-ü tələbə
adını qazanıb.
Bu, sənəd verənlərin 73 faizlik uğuru deməkdir.
Azərbaycanın qədim yaşayış
məskənlərindən olan Zəngilanın tarixi bu gün
məcburi köçkünlük
şəraitində belə
öyrənilir, araşdırılır. Azərbaycan
Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı”na
uyğun olaraq, Abşeron rayonunun Masazır qəsəbəsində
əsasən Zəngilan
rayonundan olan ailələr üçün
yeni salınmış
şəhərcikdə tarix
muzeyinin fəaliyyəti
də bərpa oldu.
Respublikanın müxtəlif ərazilərinə
səpələnmiş zəngilanlılardan
eksponatlar toplanıldı. Sakinlərin köməyi
nəticəsində muzeyə
xeyli eksponat toplamaq mümkün oldu. Hazırda burada uzaq keçmişdən
bu günümüzə
yol açan, əhalinin həyat tərzi, məişəti
və mədəniyyətini
özündə yaşadan
181 ədəd əsas
fonda daxil
olan eksponat vardır. Eksponatlar 2 geniş və
işıqlı otaqda
yerləşdirilib.
Muzeyin dəhlizində rayonun inzibati xəritəsi, kəndlərin, sosial müəssisələrin, ecazkar
təbiət nümunələrinin
şəkilləri asılıb. Bu şəkillər vasitəsilə
sanki Zəngilana səyahət edir, rayon barədə qiyabi təəssürata malik olursan. Burada, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı siyasət
və respublikamızın
inkişafında əvəzsiz
xidmətlərini əks
etdirən fotoqalereya da var. Ölkə rəhbərinin qaçqınların
və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılmasına
xidmət edən sərəncam və fərmanlar da stenddə əksini tapıb. Burada, həmçinin 117 hektar çinar meşəsi, açıq
səma altında sərgilənən daş
heykəllər muzeyi barədə fotolar, video çarxlar nümayiş olunur.
Tariximizin unudulmamasında gənc nəslin üzərinə
böyük məsuliyyət
düşür. Rayon təhsil
şöbəsi ilə
tarix muzeyi birlikdə xüsusi proqram da hazırlayıb.
Muzeyin kollektivi rayon məktəblərində
açıq dərslər
təşkil edir, Zəngilanın keçmişi
və bu günü barədə informasiyalarla şagirdlərin
yaddaşlarını zənginləşdirirlər.
Əsas məsələlərdən biri
də rayon sakinlərinin
sağlamlığının qorunmasıdır. "Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı”nda
bu sahəyə geniş yer verilmiş, uğurlu nəticələr əldə
edilmişdir. Zəngilan Rayon Mərkəzi Poliklinikası
və bir həkim məntəqəsi
insanların sağlamlığına
xidmət göstərirlər.
Rayon icra hakimiyyətində vətənpərvərlik ruhunun gənclər arasında yüksəldilməsi sahəsində aparılacaq işlərlə bağlı xüsusi proqram hazırlanıb. Buna uyğun olaraq vaxtaşırı gənclərlə görüşlər keçirilir. Zəngilanlı gənclərin idmana marağı böyükdür. 599 idmançının qazandığı uğurlar buna sübutdur. Səyavuş Bayramov beşqat Avropa çempionu, Əməkdar məşqçidir. Keçmiş idmançı bu gün karatenin sirlərini gənclərə öyrədir. Xasay Məmmədov, İmdad Tanrıverdiyev, Asiman Qurbanlı, Elşən İbrahimov və digərləri Avropa və dünya çempionatlarında fərqlənmiş, Azərbaycan bayrağını ən yüksək zirvədə dalğalandırmışlar.
Gələcəyimiz olan gənclik böyük enerji, axtarış, həyata yeni baxış deməkdir. Onlar adət-ənənələrimizin daşıyıcısı, milli-mənəvi dəyərlərimizin gələcəyə nizamlanmış yaşam qüvvəsidir. Bu gün Azərbaycanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, zəngilanlı gənclərin problemləri araşdırılır, yerindəcə həmin məsələlərin həlli yolları axtarılır.
Bir halı da xüsusi vurğulamaq yerinə düşər. Respublikamızda gənclər arasında bağlanan nikahın ən az pozulması məhz Zəngilan rayonuna aiddir. Bu da ailənin onlar üçün müqəddəs olduğunu sübut edən göstəricidir.
Dövlətimizin uğurlu daxili və xarici siyasəti, problemin həlli istiqamətində atılan addımlar ümid verir ki, öz vətənində məcburi köçkün həyatı yaşayan insanların ata-baba torpaqlarına qayıdacaqları günə az qalıb. Zəngilanlılar əmindirlər ki, dövlət başçısının yürütdüyü siyasət nəticəsində doğma yurdları işğaldan azad ediləcək. Onlar Zəngilana qayıdaraq yenidən qurub-yaradacaq, firavan həyata başlayacaqlar. Zəngilanlıların payızda boy verən bahar arzuları çiçək açacaq.
Akif ƏLİYEV
Azərbaycan.- 2019.-29 oktyabr.-
S.10.