Milli Musiqi xəzinəmizdən” adlı layihənin ilk nəşrlərinin təqdimatı

 

Oktyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Milli Musiqi xəzinəmizdən” adlı layihənin ilk nəşrləri - görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun və professor Elmira Nəzirovanın fortepiano üçün əsərlərindən ibarət not məcmuələrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Mədəniyyət NazirliyiMilli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək layihə haqqında məlumat verib. Vurğulayıb ki, Milli Kitabxana sözügedən layihəni Mədəniyyət Nazirliyi ilə birlikdə üç il müddətində ərsəyə gətirib.

Rəhbəri olduğu qurumun bu yöndə gördüyü işlər haqqında danışan K.Tahirov deyib ki, hazırda layihə çərçivəsində 500-dək musiqi əsəri toplanaraq kitabxananın elektron portalında yer alır. Ümumilikdə kitabxananın not məcmuələrinin toplanması və çap edilməsi istiqamətində görülən işlərin davam edəcəyini qeyd edən qurumun rəhbəri belə təqdimatların gələcəkdə də reallaşdırılacağını qeyd edib.

"Bu gün demək olar ki, müxtəlif musiqi janrı haqqında kitabxananın saytından məlumat əldə etmək mümkündür. Bu sahədə tədqiqat işlərinin aparılması, müəyyən faktların toplanması üçün müvafiq elektron portaldan istifadə etmək mümkündür” deyə K.Tahirov vurğulayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək not məcmuələrinin ərsəyə gəlməsini və onların kitabxananın elektron portalında yerləşdirilməsini yüksək qiymətləndirib, bu sahədə zəhməti olan hər kəsə təşəkkür edib.

"Biz bu layihənin təqdimatını Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı çərçivəsində keçirməyi qərara aldıq. Bugünədək Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği istiqamətində bir sıra önəmli tədbirlər həyata keçirilib. Ölkəmizin mədəniyyətinin, ədəbiyyatının xaricdə təbliğ olunmasına həsr olunmuş təqdimatlar gerçəkləşib. Son 10 ildə 676 adda müxtəlif kitabların nəşrinə nail olmuşuq” deyə Ə.Qarayev söyləyib.

Nazir qeyd edib ki, Azərbaycan musiqisinin dünyada təbliğ olunması üçün fəal aparılmalıdır: "Bunun üçün müasir vasitələrdən geniş istifadə olunmalıdır. Ölkəmizin zəngin musiqi ənənələri, bəstəkarlarımızın əsərləri bu vasitələrdən istifadə edilərək təbliğ edilməli, həmçinin musiqi sahəsində tədris prosesi müasirləşdirilməli, müasir formalardan istifadə olunmalıdır”.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi deyib ki, Mədəniyyət NazirliyiMilli Kitabxananın göstərdiyi bu təşəbbüs təqdirəlayiqdir: "Bu işin ərsəyə gəlməsi o deməkdir ki, bizim bu sahədə olan biliyimiz zənginləşəcək. Belə layihələrlə Azərbaycan musiqi mədəniyyəti geniş auditoriyaya çatdırılır. Düşünürəm ki, görülən bütün musiqi məktəbləri üçün çox gözəl ərməğandır”.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Sərdar Fərəcov, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və bir sıra musiqi məktəbinin rəhbərləri çıxış edərək layihənin önəmini vurğulayıb, bu işdə zəhməti olan hər kəsə təşəkkür ediblər.

Tədbir müzakirələrlə davam etdirilib.

 

Azərbaycan.- 2019.-29 oktyabr.- S.11.