Regionlar tərəqqi, yüksəliş yolundadır

 

Prezident İlham Əliyev hər bir bölgənin mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması ilə bağlı ciddi tapşırıq verdi

 

 

"Vətəndaşlara xidmət etmək bizim borcumuzdur. Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir”.

Fəaliyyətini xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində quran Prezident İlham Əliyevin Qəbələ və Ağdaş rayonlarına səfəri, yeni sosialiqtisadi obyektlərin açılışı zamanı söylədiyi fikirləri bir daha təsdiq etdi ki, dövlət başçısı hər zaman verdiyi tapşırıqların icrası ilə yerində maraqlanır, vətəndaşlarla birbaşa təmaslara üstünlük verir, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyir və tez bir zamanda həlli üçün tapşırıqlar verir.

Əlbəttə ki, dövlət başçısının bu fəaliyyəti xalqın Prezidentinə olan etimadını, inamını daha da artırır. Elə Prezidentə güc verən də vətəndaşın inamı, dəstəyidir. Cənab İlham Əliyevin söylədiyi kimi, xalqa güvənən dövlət başçısı bu dəstəkdən güc alır.

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü dövlət proqramının icrası uğurla davam etdirilir. Bu sənədin tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Dövlət başçısının bölgələrə çoxsaylı səfərləri və vətəndaşlarla söhbətləri bu sahədə çox gözəl bir təcrübə yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz insanların təklifləri əsasında reallaşır.

Dördüncü dövlət proqramında kənd təsərrüfatı və sənaye istehsalı xüsusi yer tutur. Çünki həyata keçirilən infrastruktur layihələrinin böyük hissəsi başa çatdığı üçün iqtisadiyyatın real sektorunun, kənd təsərrüfatının inkişafı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir.

Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması bu sahəyə necə diqqət göstərildiyini bir daha təsdiqləyir.

Prezidentin Qəbələ və Ağdaş rayonlarına səfəri zamanı fəaliyyətə başlayan müəssisələr və açılan yeni obyektlər də deyilənləri bir daha təsdiqləyir. Dövlət başçısı bu səfəri zamanı Qəbələnin Vəndam qəsəbəsində yaradılmış dekorativ gülçülük istixanası ilə tanış oldu, rayonda 110/35/10 kilovoltluq "Qəbələ” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istismarı, şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi, "Azərxalça” ASC-nin Qəbələ filialının, həmçinin rayonun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yollarının açılışı mərasimlərinə qatıldı. Ağdaş rayonunda isə yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun açılışı, şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, "Biyan Products” MMC-yə məxsus Biyan Sənaye Parkının açılışı, Telekommunikasiya Qovşağında "Şəbəkə” Xidmət Mərkəzinin istifadəyə verilməsi mərasimlərində iştirak etdi.

Beləliklə, dövlət başçısı Qəbələ və Ağdaşda 9 yeni obyektin açılışını edərək öz xeyir-duasını verdi. Əlbəttə ki, açılan hər bir yeni obyekt regionlarda yerlərinin çoxalmasını, əhalinin məşğulluğunun artmasını şərtləndirir. Bu səfər zamanı da Prezident regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması ilə bağlı göstərişlərini verdi.

Bütün bunlar təsdiq edir ki, cənab İlham Əliyevin vaxtilə irəli sürdüyü təşəbbüslər bu gün uğurlu nəticələr verir. Azərbaycanın qeyri-neft sektorundakı inkişafını şərtəndirən mühüm sənaye kompleksləri, fabrik və zavodların işə düşməsi ölkəmizə böyük dividendlər qazandırır. Qeyri-neft sənayesində 15 faizlik artım isə həqiqətən də rekord göstəricidir.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası da göstərir ki, regionlarda ənənəvi sahələrin inkişafı ilə bağlı tapşırıqlara uyğun olaraq, zəruri işlər görülür. Dövlətin regionların inkişafı istiqamətində həyata keçirdiyi layihələr bölgələrin simasını büsbütün dəyişərək gözəlləşdirir.

İlkin hesablamalara görə, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir.

Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi işlər və xalqın hakimiyyətə inamının getdikcə artması beynəlxalq reytinq təşkilatlarının, Dünya Bankının, Dünya İqtisadi Forumunun hazırladıqları hesabatlarda da öz əksini tapır.

Prezident son səfəri zamanı da bu məsələyə toxunaraq qeyd etdi ki, əldə edilən uğurların beynəlxalq təşkilatlar tərəfindən dünyaya çatdırılması həqiqətən də Azərbaycan adına şərəfdir: "Dünya Bankının, Davos Ümumdünya Forumunun hesabatlarında göstərilir ki, elektrik enerjisinə əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Baxın görün dünyada nə qədər inkişaf etmiş ölkələr var. Onların arasında, bütün dünya ölkələri arasında biz ikinci yerdəyik. Xalqın hökumətə inamına görə indi biz birinci onluqdayıq. Bu, nəyi göstərir? Bunu biz demirik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurumları deyirbu da həqiqətdir. Bizim gücümüzün də mənbəyi budur. Çünki xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək bizə güc verir ki, biz öz sözümüzü deyək, öz mövqeyimizi müdafiə edək”.

Ümumiyyətlə, dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqisosial-iqtisadi islahatları həyata keçirməyə çalışır.

Prezident İlham Əliyevin böyük sosial-iqtisadi islahatlarının nəticəsi də göz önündədir. Həyata keçirilən iqtisadi layihələrdən əldə edilən dividendlər sayəsində bir ildə iki dəfə maaşlar, pensiyalar, təqaüdlər artırılıb. Sosial-iqtisadi sahədə həyata keçirilən layihələr ölkəmizin ümumi inkişafına sanballı töhfələr verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan sosial-iqtisadi inkişafına görə dünyada lider ölkələrdən biridir.

Fərəhli haldır ki, hər il büdcə tərtib olunarkən qarşıya qoyulan ən əsas vəzifə xərclərin səmərəliliyinin artırılması və optimallaşdırılmasıdır. Bu sırada artıq neçə illərdir ki, qarşıya qoyulan vəzifələrdən biri də şəhər və rayonların dövlət büdcəsindən maliyyələşməsinin azaldılması və tədricən dayandırılmasıdır. Regional inkişaf proqramlarının icrasının və bütövlükdə ölkə iqtisadiyyatının inkişafının nəticəsi olaraq ötən illərdə bu istiqamətdə mühüm irəliləyişlər baş verib. Ötən illərdə büdcədən dotasiya alan rayonların sayının xeyli azalması göstərir ki, bütün bölgələrin özünümaliyyələşdirmə prinsipləri əsasında yaşaması mümkündür. Bunun üçün sadəcə hər bir şəhər və rayon özünün potensial imkanlarından düzgün yararlanmalıdır. Son illərdə bəzi rayonların təcrübəsində bunun nə qədər real olduğunu görmək olar.

Gələn ilin də dövlət büdcəsinin layihəsi hazırlanarkən dotasiyadan imtina edən şəhər və rayonların sayı artdı. Belə ki, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Şəmkir rayonları büdcədən maliyyələşməyəcək.

Ümumilikdə gələn il 39 şəhər və rayon dövlət büdcəsindən maliyyə almadan özünü yerli gəlirlər hesabına təmin edəcək. Xatırladaq ki, bu il 35 şəhər və rayon büdcədən maliyyələşmir. Əgər bu rayonlar dotasiyadan imtina etməyə nail olublarsa, digər rayonların da öz hesabına yaşaması tamamilə mümkündür. Ələlxüsus, Azərbaycanın bütün rayonlarının özünə-məxsus iqtisadi potensialı, təbii imkanları, ən əsası ölkədə əlverişli biznes mühiti var. Xərclərin optimallaşdırılmasının vacib olduğu indiki şəraitdə isə rayonlar buna daha tez nail olmalıdırlar.

Bir sözlə, Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında bölgələr tərəqqi dövrünü yaşayır desək, yanılmarıq. Dövlət başçısının regionların inkişafı ilə bağlı verdiyi bütün vədlərə əməl etməsi sayəsində indiyədək heç bir proqram, layihə təxirə salınmayıb. Regionların sosial-iqtisadi inkişafını şərtləndirən dövlət proqramının icrası da təsdiq edir ki, qarşıdakı illərdə bölgələrdə hələ çox mühüm sənaye müəssisələri, aqro və texnoparkların açılışlarının şahidi olacağıq.

Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində dövlət başçısı tam əminliklə vurğuladı ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək, bu gün xalqı narahat edən bütün problemlər - sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.-30 oktyabr.- S.1; 4.