Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıq dinamik şəkildə inkişaf
edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirən dövlətimizin başçısı enerji sahəsində Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyri-neft sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanların olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin genişlənməsində Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu qeyd etdi.
Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu deyən Baronessa Emma Nikolson iqtisadi, ticari, mədəni və humanitar sahələrdə əlaqələrimizin inkişafı üçün səylərini əsirgəmədiyini bildirdi. O, Azərbaycana səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdiyini, Muğam Mərkəzində olduğunu və bu Mərkəzin onda böyük təəssürat yaratdığını dedi.
Görüşdə
ölkələrimiz arasında kənd təsərrüfatı,
səhiyyə, elm, təhsil, bərpa olunan enerji və digər
sahələrdə əməkdaşlığın
inkişafına dair geniş
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2019.- 30 oktyabr.- S.2.