Bakıda Türkiyənin milli
bayramı münasibətilə rəsmi qəbul təşkil
olunub
Türkiyənin Azərbaycandakı səfirliyi
Cümhuriyyətin elan
edilməsinin 96-cı ildönümü
münasibətilə oktyabrın
29-da rəsmi qəbul
təşkil edib.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, bir millət və dövlət olaraq türk xalqı son dövrlərdə əhəmiyyətli anlar yaşayır. Türkiyə Cümhuriyyəti terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaq və bununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq.
Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə xalqına səmimi təbriklərini çatdırıb. Bildirib ki, Türkiyə ötən 96 ildə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır. Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsində parlamentlərarası dostluq qruplarının böyük rolu var. Qardaş dövlətlərimiz beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər və bir qayda olaraq mövqelərimiz üst-üstə düşür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə ölkəmizin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir. İki ölkənin dövlət başçılarının qardaş münasibətləri dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələrə öz müsbət təsirini göstərir.
Bu günə qədər ölkələrimiz arasında 240-dan çox ikitərəfli sənədin imzalandığını, 27 sənədin baxılma mərhələsində olduğunu bildirən O.Əsədov deyib: “Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr inkişaf edir. Ötən il ərzində Azərbaycan və Türkiyə arasında ticarət əlaqələri 3,4 milyard dollardan çox olub. Ancaq bu ilin 9 ayında ticarət dövriyyəsi artıq 3 milyard 300 milyon dolları ötüb. Azərbaycanın və Türkiyənin birgə səyləri ilə həm bölgə, həm də dünya üçün önəmli beynəlxalq layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi- Ərzurum və TANAP qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr xalqlarımızın firavan gələcəyinin təmin edilməsinə yönəlib. İndiyə qədər Türkiyə şirkətləri Azərbaycana 12,2 milyard dollar, Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,1 milyard dollar investisiya qoyub. Ötən il Türkiyədə istifadəyə verilən “Star” neft emalı zavodu qardaş ölkələr arasında iş birliyinin yeni böyük uğuru olub”.
Tədbirdə dövlət
və hökumət rəsmiləri, Milli
Məclisin deputatları, xarici ölkələrin
Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Azərbaycan.- 2019.- 30 oktyabr.- S.3.