Gənc bəstəkarların kamera konserti

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Nəsimi ili” çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş kamera konserti olmuşdur.

Konsertdə Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi, şair-tərcüməçi Hikmət Babullaoğlu və digər rəsmi şəxslər iştirak etmişlər.

Konserti giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynova Azərbaycan Prezidentinin sərəncamına əsasən, ittifaqın dəstəyi ilə respublikamızda və xarici ölkələrdə "Nəsimi ili” ilə əlaqədar keçirilən mədəni-kütləvi tədbirlər barədə məlumat verdi. Bildirildi ki, "Nəsimi ili” tədbirləri sırasından olan bu kamera konsertdə gənc bəstəkarların Nəsiminin sözlərinə bəstələdiyi mahnılar ilk dəfə səsləndiriləcək.

Orijinallığı ilə seçilən konsertdə beynəlxalq müsabiqələr laureatları Fatimə Nəsirli, Əsmər Kərimli, Ümid Mustafazadə, Üzeyir Mahmudbəyli, İlqar Hacıyev, Kamran Quliyev, Orxan Hüseynov, Məmməd Rəcəbli, Rza Abbasquliyev, Nicat Salmanov və Əli Əmişovun ifa etdikləri musiqi sədaları altında qiraətçi Səid Qəninin, Əməkdar artist Ramil Qasımovun və Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, xanəndə Mütəllim Dəmirovun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

 

Azərbaycan.- 2019.-30 oktyabr.- S.6.