Beyləqanda genişmiqyaslı ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görülür

 

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da böyük rəğbətlə qarşılanıb.

Hazırda rayonda noyabrda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görülür. Kampaniya çərçivəsində rayon ərazisində bir gündə 10 min ağac tinginin əkilməsi nəzərdə tutulur.

Hazırlıq işlərinin gedişi barədə məlumat verən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: "Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü görkəmli şairin irsinin daha geniş təbliği ilə yanaşı, həm ekoloji mühitin daha da sağlamlaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Beyləqan sakinləri yaşıllıqların artmasına töhfə verəcək bu nəcib təşəbbüsə həvəslə qoşulublar. Rayonda ağac əkiləcək ərazilər müəyyənləşdirilib. Ağacların Beyləqan-Kəbirli, Beyləqan-Daşburun, Görüş ərazisi-Şəfəq qəsəbəsi avtomobil yollarının kənarlarında Beyləqan şəhərində "Nəsimi iliilə bağlı salınan parkın ərazisində əkilməsi nəzərdə tutulub. Ağacların əkiləcəyi ərazilərdə artıq şumlama aparılır, çalalar qazılır, su xətləri çəkilir”. Hazırlıq işləri ilə tanış olmaq üçün ağac əkiləcək Beyləqan-Daşburun avtomobil yolunda olduq. Burada qızğın gedir, texnikanın sakinlərin köməyi ilə sahə hamarlanır, çalalar qazılırdı. Rayonun İkinci Aşıqlı kənd sakini Eldar Kərimov ağacəkmə kampaniyasının Beyləqan rayonu üçün böyük əhəmiyyət daşıdığını deyib: "Beyləqan Kür-Araz ovalığında yerləşir, Azərbaycanın isti, Günəşli diyarıdır. Burada yaşıllıqların artırılması daha vacibdir. Yaşıllıqlar planetimizin ciyəridir. Gələcək nəsil üçün yaşıllıqlar hökmən lazımdır. Mən bir Beyləqan sakini kimi bu xeyirxah təşəbbüsə çox həvəslə qoşulmuşam. Hazırda ərazini ağac əkininə hazırlayırıq. Noyabrda ağacların əkilməsində böyük ruh yüksəkliyi ilə iştirak edəcəyik”.

 

Azərbaycan.- 2019.-31 oktyabr.- S.7.