Rəşid Meredov: “Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü beynəlxalq əməkdaşlığa mühüm töhfə oldu

 

"Azərbaycan paytaxtında keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü bu hərəkatın müasir dünyada rolunun artırılması istiqamətində əməkdaşlığa mühüm töhfə oldu”. AZƏRTAC xəbər verir ki, bu fikri Türkmənistan Nazirlər Kabinetinin müavini, Xarici İşlər naziri Rəşid Meredov Aşqabadda xarici ölkələrin səfirləri ilə birlikdə keçirdiyi mətbuat konfransında səsləndirib.

R.Meredov qeyd edib ki, Bakıda keçirilmiş Zirvə görüşündə dünyada reallıqların nəzərə alınması və beynəlxalq əməkdaşlığın uzunmüddətli inkişafı perspektivləri fonunda faydalı müzakirələr aparılıb. Onun sözlərinə görə, Qoşulmama Hərəkatına üzv olan 120 ölkədə planetimizin əhalisinin 55 faizi yaşayır və bu baxımdan "soyuq müharibə”dən sonra Hərəkatın qarşısında duran vəzifələrin daha da dəqiq müəyyən olunması vacib idi. Türkmənistan rəsmisi deyib: "BMT Nizamnaməsində təsbit olunmuş fundamental prinsiplər, o cümlədən insan haqları, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi kimi vacib məsələlər ətrafında aparılan müzakirələr beynəlxalq əməkdaşlığa mühüm töhfə oldu və Türkmənistan müstəqilliyinin ilk illərindən bəri neytral ölkə kimi bu məqsəd və hədəflərə sadiq olub”.

Türkmənistanlı nazir əlavə edib ki, Bakı Zirvə Görüşündə çıxış edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bir sıra qlobal problemlərin həlli istiqamətində ciddi təşəbbüslər irəli sürüb. Onun sözlərinə görə, Türkmənistanın dövlət başçısı dayanıqlı inkişafın əsas aspektləri və dövlətlərin dinc yanaşı yaşaması, həmçinin terrorizmlə mübarizə, qaçqın problemi, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi kimi mühüm məsələləri önə çıxarıb.

R.Meredov daha sonra Prezident Qurbanqulu Berdiməhəmmədovun Zirvə görüşündə çıxışından sitat gətirib: "Biz inanırıq ki, dövlətlərimiz vahid mövqedən çıxış edərək inkişaf etməkdə olan ölkələrin hüquq və maraqlarının müdafiəsi, beynəlxalq iqtisadi münasibətlərdə ədalətin və bərabərliyin təmin edilməsi, qlobal ticarət sahəsində ayrı-seçkiliyə yol verilməməsi, insanların və ölkələrin iqtisadi suverenliyinə hörmət edilməsi üzrə ciddi qarşılıqlı fəaliyyət göstərəcəklər”.

Qoşulmama Hərəkatının ilk Zirvə Görüşü 1961-ci ildə Belqradda 29 ölkənin iştirakı ilə keçirilib. Hərəkatın əsas məqsədi xarici siyasətdə hərbi və siyasi bloklara qoşulmamaq, dinc yanaşı yaşamaq prinsiplərinə əməl edərək müstəqillik və bərabərliyə sadiq qalmaqdır.

 

Azərbaycan.- 2019.- 30 oktyabr.- S.1; 3.