Hafiz Paşayev Prezident İlham Əliyevə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunması barədə ərizə ilə müraciət edib

 

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ərizə ilə müraciət edərək nazir müavini vəzifəsindən azad olunmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildiriblər ki, Hafiz Paşayev müraciətində əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib. Hafiz Paşayev dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda aparılan islahatların səmərəli şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və gənc kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.

Məlumatda deyilir ki, Hafiz Paşayev ADA Universitetinin rektoru vəzifəsini və Universitetin XİN-in nəzdində olduğunu nəzərə alaraq, nazirliyin Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

 

Azərbaycan.- 2019.- 30 oktyabr.- S. 4.