Geoloq
Neft Daşları - 70
Neft Daşlarında geoloqa həmişə ehtiyac var. Tanınmış kəşfiyyatçı geoloq, professor Ağaqurban Əliyev başçılıq etdiyi ekspedisiya ilə Xəzərin qoynundakı həmin xəzinəni tapdığı vaxtdan bəri burada neçə-neçə bacarıqlı geoloqlar nəsli yetişib, bir-birini əvəz edib.
Neft Daşlarının salnaməsində Fuad Səmədov, Xoşbəxt Yusifzadə, Ənvər Məmmədov, Aslan Sultanov və onlarca digər geoloqun dəstxəti var. Bu gün əmək və hünər meydanı onların yetirmələrinin, ardıcıllarınındır.
"Neft Daşları” NQÇİ-nin 3 nömrəli neft və qazçıxarma sahəsinin geoloqu Adil Abdullayev deyir:
- "Neft Daşları”ndan sonra 1953-cü ildə geoloqlarımız "Palçıq Pilpiləsi”ni kəşf ediblər. 1963-cü ildən idarəmiz bu yatağın da istismarına başlayıb. Geoloqlar hər iki yatağın rasional işlənməsini, intensivləşmə və suvurma üsullarının tətbiqini həyata keçiriblər. Yeni perspektiv sahələrdə kəşfiyyat işləri aparıblar. Neft Daşlarının mezozoy qatının və perspektivli "Günəşli” yatağının layihə işlərini yerinə yetiriblər.
Geoloqun "Palçıq Pilpiləsi”ndən söz açması təsadüfi deyil. Bu yatağın istismarı ilə onun çalışdığı sahə məşğuldur.
"Palçıq Pilpiləsi” Çilov adasından Neft Daşlarına qədər uzunu 10, eni 2,5 kilometr olan ərazini əhatə edir. Yataq boyunca "səpələnmiş” özüllər mavi Xəzərin qoynunda bəzən sayrışan ulduzlara bənzəyirlər. 11 nöqtədə yerləşsələr də, ümumi sayları əslində 14-dür. Çünki üç yerdə qoşa özül quraşdırılıb.
Adil Abdullayev bu özüllərin hər birini öz doğma evi kimi tanıyır. Sahələrini, bir-birindən nə qədər aralıda yerləşdiklərini, nə vaxt quraşdırıldıqlarını, geoloji quruluşlarını əzbər bilir. Hər özüldən hasilat göstəricilərini yüksəltmək üçün aparılan geoloji tədbirlərdən danışanda isə əsl həkimi xatırladır. Köhnə yataqlarda geoloq işləməyin xüsusiyyəti budur. Sanki hər quyunu müalicə etməlisən.
- "Palçıq
Pilpiləsi”ndə 15 horizont
istismar olunur. Yataqdan gündə
orta hesabla 250-260 ton neft hasil edilir.
Biz geoloqlar yaxşı
bilirik ki, "Palçıq Pilpiləsi”nin
ehtiyatları hələ
çoxdur. Odur ki, bu ehtiyatları üzə çıxarmaq
üçün əlimizdən
gələni əsirgəmirik.
NQÇİ-nin geoloji şöbəsindən
aldığımız layihələri
incəliyinə qədər
öyrənirik. Çox vaxt
idarənin baş geoloqu Əhəd Abdıyevlə, işlənmə
şöbəsinin rəisi,
geoloq Azər Mehdiyevlə layihələri
müzakirə edir, fikir mübadiləsi aparır, ümumi qərara gəlirik.
Demə, nə vaxtsa kəşf olunan, illərdir neft və qaz verən
yatağın da geoloqa böyük ehtiyacı varmış. Qazmanın
keyfiyyəti ilə maraqlanmaq, qazılmış
quyu ilə lay arasında əlaqə yaratmaq, neftin axınını təmin etmək onun vəzifəsinə
aid olan işlərin yalnız bir hissəsidir. Layların neftvermə gücü
daim diqqət mərkəzində olmalı,
ardıcıl şəkildə
ölçülməlidir. Onların bərkidilməsi üçün
də mütəmadi tədbirlər görülməlidir.
Hər hansı bir yatağın növbəti
laylarına istinad edilməsi də geoloqun məsuliyyətli və dəqiq qərarından sonra baş verir.
Adil Abdullayevin əməyi, sənət sevgisi, səriştəsi, qazandığı
hörmətin timsalında
Xəzərin qoynunda çalışan böyük
neftçi-geoloqlar dəstəsinin
ordusunun hər bir üzvünün keçdiyi yolu görmək mümkündür.
Neft Daşlarına 1990-cı ildə
Azərbaycan Neft və Sənaye Universitetini bitirdikdən sonra gəlib. Həmin
il onunla
birlikdə buraya universitetin məzunu olan dostları Zöhrab Nəsibov, Fərrux Məmmədov, Elşad Eyyubov da təyinat almışdılar. İdarənin müxtəlif sahələrində
hamısı işlə
təmin olundu. Adilə geoloji şöbədə öz
ixtisası üzrə
iş təklif etsələr də, o, operator işləmək istədiyini bildirdi. Məqsədi özünü
sınamaq, ali
məktəbdə öyrəndiklərini
istehsalatda əyani görmək, tətbiq etmək idi. Beləliklə, iki ildən çox bir müddətdə bərkdən-boşdan çıxandan,
Xəzərlə həmişəlik
ülfət bağlayandan
sonra onu indiki vəzifəsinə təyin etdilər...
Söhbətimiz bitər-bitməz geoloqu yenidən estakadalarda görürük. Bu gün
dəniz sakit olduğundan məhəccərə
söykənib uzaqlara
baxır. Bəlkə hansısa
özüldə yarımçıq
qalmış işini
xatırlayıb oraya yollanmağı (vertolyot, yaxud gəmi ilə) düşünür.
Bəlkə xəyalı Bakıya,
evinə, ailəsinin yanına qanadlanıb, əziz balaları Arzu, Nəsir və Ləman üçün qəribsəyib.
Bəlkə boş vaxtının
əksəriyyətini keçirdiyi
Hacıqabuldakı bağ-bağçası
yadına düşüb?
Kim bilir, bəlkə də bayaqdan keçdiyi yollardan danışdığına
görə ömürnaməsinin
anadan olduğu Şamaxıda - Udluda, Qubalıda yazılan ilk səhifələrini vərəqləyir...
Anası
Anamxanım professor Əzizə
Cəfərzadə ilə
bir sinifdə oxumuşdular, qohumluq əlaqələri də vardı, yaxın münasibət saxlayırdılar.
Adil kiçik olanda Əzizə xanım onun başına o qədər
sığal çəkmişdi
ki! Yazıçı-alim bəlkə də
bu balaca oğlanın ağıllı
gözlərinə baxdıqca
güman etmişdi ki, o, ya ədəbiyyatçı,
ya tarixçi olacaq. Adil isə dayıları
Mirxalıqın və
Ağaseyidin yolu ilə getdi, neftçi oldu. Şeir, hekayə yazmadı, geoloq kimi Neft
Daşlarının salnaməsinə
öz dəstxətini
həkk etdi.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 30 oktyabr.- S.1; 5.