Bakıda müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsinə dair beynəlxalq regional seminar işə başlayıb

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət AgentliyiÜmumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bakıda keçirdiyi "Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə" mövzusunda beynəlxalq regional seminar işə başlayıb.

AZƏRTAC xəbər verir ki, böyük maraqla qarşılanan bu beynəlxalq tədbirdə Polşa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən xarici qonaqlar iştirak edir. Həmçinin ÜƏMT, CISAC, Avrasiya İqtisadi Komissiyası, Sony-Music kimi beynəlxalq təşkilatlar geniş təmsil olunur. Tədbirdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov beynəlxalq regional seminarın mövzusunun aktuallığından danışıb.

Diqqətə çatdırıb ki, texnologiyaların təsiri altında dinamik şəkildə dəyişən dünya, meydana çıxan qlobal çağırışlar milli dövlətlərin qarşısında davamlı inkişaf yollarını axtarmaq vəzifələri qoyur. Müstəqil inkişaf yolu olan Azərbaycan bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlamış və müsbət inkişaf üçün bütün pozitiv imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçir. İctimai tələblərə adekvat islahatlar cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Azərbaycan “Doing Business-2019” reytinqinə görə 190 ölkə arasında 25-ci yerdə, o cümlədən “biznesin başlaması” göstəricisi üzrə 9-cu, “kiçik investorların maraqlarının qorunması” üzrə 2-ci, “vergilərin ödənilməsi” üzrə 28-ci yerdədir. “Doing Business-2020” hesabatında Azərbaycan yüksək nəticə ilə 34-cü yeri tutaraq, hətta “kreditlərin əlçatanlığı” göstəricisinə əsasən, birincidir və islahatçı 20 ölkə sırasına daxil edilib.

Dünya İqtisadi ForumununQlobal rəqabətqabiliyyətlilik indeksi–2019” hesabatında Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib. Bununla da ölkənin inamlı innovasiyalı inkişafı təsdiqlənir. Belə ki, Azərbaycan qanunvericiliyin effektivliyi subindeksinə görə 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşması üzrə 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyası üzrə 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur.

Kamran İmanov bildirib ki, son rəqabətqabiliyyətlilik indeksinə əsasən, Azərbaycan “əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. 2015-ci ildə 92-ci yerdən 2016-2017-ci illərdə – 71-ci, 2017-2018–ci illərdə 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Buna paralel olaraq, patent sifarişlərində də artım görünür.

Beynəlxalq regional seminarda çıxış edən ÜƏMT-nin Müəllif Hüquqlarının İdarəetmə Departamentinin direktoru Benua Müller aktual mövzuya həsr olunan tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib, burada iştirakından məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, sürətlə dəyişən dünyada müəlliflik hüquqları ilə məşğul olanların və maraqlı tərəflərin müvafiq sahədə vacib olan faktları və strategiyanı araşdırmaları, göstərilən səyləri qiymətləndirmələri çox vacib məsələlərdir. Bir sıra hallar mövcuddur ki, fərdi şəkildə əqli mülkiyyət hüquqlarının idarə edilməsi praktik baxımdan qeyri-mümkündür. Bu kimi problemlərin, habelə qanunvericilik mexanizmləri və onların tətbiqində çətinliklərin, əqli mülkiyyətlə bağlı qanunvericiliyin prioritetlərində öncül məsələnin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılması, fikir və təcrübə mübadiləsi baxımından Bakıda təşkil edilən beynəlxalq regional seminar böyük əhəmiyyət daşıyır.

ÜƏMT-nin Keçidinkişaf etmiş ölkələr departamentinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri bölməsinin müdiri İlya Qribkov biliklərə əsaslanan iqtisadiyyatda əqli mülkiyyət, eləcə də müəllif hüquqlarının qorunmasının vacibliyini qeyd edib, aparılacaq müzakirələrin problemlərin həll yollarının müəyyənləşdirilməsinə kömək edəcəyinə əminliyini bildirib.

Tədbirdə “ÜƏMT-nin müəllif hüquqları və əlaqəli hüquqlar üzrə müqavilələrinin qısa icmalı. Audiovizual ifalara dair Pekin Müqaviləsi: həyata keçirilmənin mümkün şərtləri və variantları; milli həllərin müqayisəli təhlili”, “Regionda müəllif hüquqları və əlaqəli hüquqların kollektiv idarə olunması üçün hüquqi baza və perspektivlər”, “Regionda müəllif hüquqları və əlaqəli hüquqların kollektiv idarə olunması: praktik çağırışlar və imkanlar” mövzularında məruzələr dinlənilir və müzakirələr aparılır.

Beynəlxalq regional seminar oktyabrın 30-da davam edəcək.

 

Azərbaycan.- 2019.- 30 oktyabr.- S.7.