Milli Məclisdə Almaniya Bundestaqının müstəqil
seçki komissiyasının nümayəndə heyəti ilə
görüş
Oktyabrın 30-da Milli Məclisdə İPS – Beynəlxalq Parlament Təqaüdü proqramı çərçivəsində Almaniya Bundestaqının müstəqil seçki komissiyasının nümayəndə heyəti ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, Bundestaq tərəfindən maliyyələşdirilən İPS Azərbaycan gənclərinə Bundestaq üzvünün yanında Almaniyanın parlament sistemi və siyasi qərarvermə prosesi ilə tanış olmaq, parlament fəaliyyəti sahəsində praktiki təcrübə toplamaq, həmçinin ölkənin siyasi, iqtisadi və mədəni həyatına yaxından bələd olmaq imkanı yaradır.
Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev ölkələrimiz arasında intensiv xarakter daşıyan ikitərəfli səfərlərdən, rəsmi görüşlərdən söz açdı.
Nümayəndə heyətinin başçısı, Bundestaqın deputatı Yan Metsler Almaniya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının və parlament rəhbərlərinin qarşılıqlı səfərlərinin, həmçinin səfirlərin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Bildirdi ki, hazırkı səfərin məqsədi Beynəlxalq Parlament Təqaüdü proqramı çərçivəsində növbəti 15 həftəlik müddət üçün tələbə gənclər arasında seçim aparmaq idi. Müstəqil seçki komissiyasının seçkidən çox razı qaldığını bildirən Yan Metsler məmnunluqla vurğuladı ki, seçimə qatılanların yüksək təhsil almış, məqsədyönlü gənclər olması Azərbaycanın gözəl gələcəyini bu cür gənclərlə qurmağın mümkünlüyünə əminlik yaratdı. Söhbət zamanı ölkəmizə və xalqımıza münasibətdə dostluq duyğularını ifadə edən qonaq bir sıra yeni təkliflər də irəli sürdü.
Söhbət zamanı Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanla Almaniya arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün ciddi perspektivlər olduğunu qeyd etdilər. İPS proqramı çərçivəsində, həmçinin digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa dair maraqlı təkliflər irəli sürdülər.
Qonaqlar Milli Məclis
deputatlarının təkliflərini böyük maraqla
qarşıladılar, səslənən fikirlərlə həmrəy
olduqlarını bildirdilər. Fikir mübadiləsində səslənən
təklifləri hər iki tərəfin nümayəndələri
dəstəklədilər. Mövcud imkanlardan səmərəli
istifadə olunmasının vacibliyi vurğulandı.
Azərbaycan.-
2019.- 31 oktyabr.- S.3.