Qoşulmama Hərəkatının Bakı
Zirvəsində Azərbaycana tam dəstək
verildi
Mübaliğəsiz demək olar ki, müstəqillik dövründə Bakı beynəlxalq tədbirlərə tez-tez evsahibliyi edir. Həm də özündən əvvəl keçirilən tədbirləri sadəcə təkrar etmir, ona yeni forma verir. Onu elə bir səviyyəyə qaldırır ki, tədbir yeni məzmun və mükəmməl təşkilatçılıqdan xəbər verir. Bu dəfə də elə oldu.
Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının "Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda XVIII Zirvə Görüşü keçirildi. Zirvə görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər.
1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib. Azərbaycan Respublikası 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub.
Bu Zirvə görüşündə isə təşkilata sədrlik ölkəmizə keçdi. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
Hazırda Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq təşkilat olan, 120 daimi, 17 müşahidəçi üzv dövləti ətrafında birləşdirən Qoşulmama Hərəkatının konkret olaraq fəaliyyət istiqamətini müəyyən etsək, məlum olar ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dövlətlərarası münasibətlərin qurulmasıdır. Yarandığı vaxtdan fəaliyyətini təhlil etdikdə məlum olur ki, Hərəkat zamana görə fəaliyyətini təmin edir. Soyuq müharibə dövründəki fəaliyyətindən fərqli olaraq, müasir dövrdə də öz fəaliyyət aktuallığını itirmir.
Mütəmadi olaraq Qoşulmama Hərəkatı daxilində üzv dövlətlərin beynəlxalq təşkilatlara tövsiyə ediləcək razılaşdırılmış mövqeyi hazırlanır. Əslində, bu vasitə Hərəkatın dolayı yolla qoşulmadığı proseslərin tənzimlənməsində mühüm rol oynamasına imkan verir. Qoşulmama Hərəkatı beynəlxalq hüquqa hörmət əsasında dünyada sülhün qərarlaşmasına çalışır. Əksər hallarda onun təşkilat fəaliyyətinin əsasında dünyada sülhə, təhlükəsizlik və inkişafa yardım etmək dayanır.
Bakı Zirvəsində dünyanı narahat edən çox mühüm problemlərlə əlaqədar baş verən böhranlar, regional məsələlər müzakirə edildi. Zirvə görüşündə müasir dünyanı təhdid edən mühüm məsələlərdən biri olan münaqişələrdən və onların həlli yollarından danışıldı. Tədbirdə Qoşulmama Hərəkatının mövcud geosiyasi mənzərədəki yeni reallıqlara adekvat olaraq rolunun aktivləşdirilməsinə nail olunması inamı ifadə edildi.
Bakı sammiti Azərbaycan üçün tarixi əhəmiyyətli hadisə kimi yaddaşlara yazıldı. Ona görə ki, Qoşulmama Hərəkatına daxil olan ölkələr Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdi və sammitdə Ermənistanın təcavüzü ilə əlaqədar onun işğalçı ölkə olması ifadəsi sənədlərdə əksini tapdı. 120 dövlət tərəfindən Ermənistan işğalçı dövlət kimi tanındı.
Həsənbala SADIQOV,
Əməkdar müəllim, professor
Azərbaycan.-
2019.- 31 oktyabr.- S.1; 4.