Dövlət İdarəçilik Akademiyasında “Ulu Öndər” sənədli filmi nümayiş olunub

 

Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan "Ulu Öndər” sənədli filmi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən akademiyanın professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə 1969-1982-ci illərin Azərbaycanın intibah dövrü kimi tarixə çevrildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevlə bağlı olub. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qüruriftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur.

Əlli il əvvəl - 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Ümummilli Lider Heydər Əliyev millətin və dövlətin taleyinə qüdrətli xilaskar rəhbər kimi daxil olaraq Azərbaycanda öz quruculuq tədbirləri ilə şərəfli bir tarix yazdı. Ulu Öndər Heydər Əliyev 1976-cı ilin mart ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büronun üzvü seçilib, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Lakin 1987-ci ilin oktyabrında Sov.İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib M.Qorbaçovun yeritdiyi yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.

Sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar Heydər Əliyev ertəsi gün ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək orada bəyanat verib, SSRİ hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləyib. Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. Ulu Öndər, ilk növbədə, Naxçıvanı Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Blokada şəraitində yaşayan muxtar respublikanın ağır iqtisadi-sosial problemlərini həll etmək üçün qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaratdı.

Bu illərdə həm də Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Ali Məclisi onun adından "sovet” və "sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsdiq edilməsi, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis olunması haqqında qərarlar qəbul etdi.

1993-cü ilin ikinci yarısında xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər də respublikamız üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, Azərbaycan dünya birliyinə qovuşub. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuştarixi nailiyyətlərlə zəngin olan bu uğurlu siyasətin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

Sonda gənclər film haqqında təəssüratlarını bölüşüblər.

 

Azərbaycan.- 2019.- 31 oktyabr.- S.6.