ABŞ yəhudi təşkilatlarının nümayəndələri
Azərbaycandakı tolerant mühit
barədə məlumatlandırılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 30-da ölkəmizdə səfərdə olan ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, sədr qonaqlara komitənin fəaliyyət istiqamətləri, eyni zamanda, Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmanlardır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Respublikada 35 qeyri-müsəlman dini icmasının dövlət qeydiyyatına alındığını söyləyən Mübariz Qurbanlı yəhudiliyin Azərbaycanda qədim tarixə malik olduğunu vurğulayıb. Ölkəmizdə Dağ, Avropa və Gürcü yəhudi icmalarının, 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edən sədr Azərbaycanda müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmalara dövlət tərəfindən maddi yardımın ayrılmasının ənənə halını aldığını diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə edilən nailiyyətlərin, ictimai-siyasi həyatdakı sabitliyin dini sahədə də özünü göstərdiyini deyib.
Görüş zamanı nümayəndə heyətinin üzvlərinə Azərbaycan həqiqətləri barədə də danışan DQİDK sədri bildirib ki, 20 faiz torpaqlarımız ermənilər tərəfindən işğal olunub. Münaqişə nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini vurğulayan M.Qurbanlı bütün bunlara baxmayaraq, Bakıda erməni kilsəsinin qorunub saxlanıldığını deyib. Əlavə edib ki, təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir.
Amerika Yəhudi Komitəsində Rusiya və Avrasiya işləri üzrə direktor Samuel Kliger Azərbaycanın yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində ön sıralarda olduğunu qeyd edib.
Azərbaycanda yəhudi dini icmalarına, o cümlədən yəhudi irsinin qorunmasına göstərilən diqqət və qayğıya görə məmnunluğunu ifadə edən ABŞ və Kanada Buxara Yəhudiləri Konqresinin koordinatoru Rafael Nektarov təmsil etdiyi qurum barədə məlumat verib. Təşkilatın fəaliyyətində daim Azərbaycanın mövqeyini dəstəklədiyini və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün bütün mümkün səyləri, əməkdaşlığı həyata keçirməyə niyyətli olduqlarını deyib.
Qonaqların çıxışlarında Azərbaycanın iqtisadi sahədə ciddi uğurlar qazanması, Bakı şəhərinin abadlığı və gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi xüsusi olaraq vurğulanıb.
Qarşılıqlı
maraq doğuran bir sıra digər məsələlərin də
müzakirə olunduğu görüşün
sonunda nümayəndə heyətinin
üzvlərinə komitənin ingilis
dilində nəşr etdirdiyi, Azərbaycandakı
dini tolerantlıq mühitindən və
maddi-mədəni irsimizə qarşı törədilən
erməni vandalizmindən bəhs edən kitablar
təqdim edilib.
Azərbaycan.-
2019.- 31 oktyabr.- S.6.