Vicdanın verdiyi mükafat
Adi adamlar haqqında yazmaq, adətən, elə də çətin olmur. İnsanlar, onların malik olduqları mənəvi keyfiyyətlər, cəmiyyətin bütün bunlarla bağlı minillərdən bəri formalaşmış aydın təsəvvürləri düşüncələrini ipə-sapa düzməkdə köməyinə çatır.
Həyat və fəaliyyəti ilə ali dəyərlərin canlı simvoluna çevrilmiş əsl şəxsiyyətlər haqqında yazmağa başlayarkən isə istər-istəməz tərəddüdə qapılırsan. Yazıya hansısa konkret bir təəssüratdan başlamaq, əsas diqqəti nələrə yönəltmək və qələmə aldıqlarının - haqqında yazmaq istədiyin şəxsiyyətin böyüklüyünü nə dərəcədə əhatə edəcəyini müəyyənləşdirmək o qədər də asan başa gəlmir.
Dəyərlərin rəmzi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında qeydlərə belə bir müqəddimə ilə başlamağım heç də təsadüfi deyil. Mehriban xanım Azərbaycanda və beynəlxalq aləmdə bir sıra yüksək vəzifələr, ali statuslar daşıyır. Genişmiqyaslı ictimai-siyasi missiya yerinə yetirir, çoxşaxəli layihələrə rəhbərlik edir. Bu istiqamətlərin hər biri üzrə zəngin fəaliyyəti Azərbaycan qadınının adını, mövqeyini zirvələrə yüksəltmiş bu vətən övladının milli dövlətçilik tariximizdəki yeri və rolunu müəyyən etmək üçün yetərlidir.
Amma Mehriban xanım Əliyevanın ictimai düşüncəmizdəki mövqeyi bütün bunlardan da ucada görünür. İrəli sürdüyü sosial-humanitar təşəbbüslər, rəhbərliyi ilə icra edilən layihələr, Azərbaycanda və bütün dünyada həyata keçirdiyi sülhməramlı missiya - bütün bunların hamısı, təbii ki, onun daşıdığı vəzifələrindən, üzərinə götürdüyü öhdəliklərdən, düşünülmüş qərarlarından, bir sözlə, gündəlik cari fəaliyyətindən irəli gələn işlərdir. Bütün bunların həyata keçirilməsində isə Mehriban xanım Əliyeva, bəlkə heç özü də fərqinə varmadan, qarşısına belə bir konkret məqsəd qoymadan ictimai fikir tariximiz üçün misilsiz bir missiyanı da yerinə yetirir. O, həyat və fəaliyyəti ilə mənəvi-tarixi dəyərlərimizi təcəssüm etdirir. Azərbaycan xalqının milli ruhu, keçmişi, bugünü və gələcəyi, xalq olaraq əcdadlarımızdan bizə miras qalmış ali keyfiyyətlər Mehriban xanım Əliyeva şəxsiyyətində rəmzləşir.
Dövlət Ana
Əsrlər boyu biz yaşadığımız ölkəni Ana misalında təsəvvür etmişik. Azərbaycana Ana demişik. Vətəni Ana adı ilə birgə uca və müqəddəs tutmuşuq.
Mehriban xanım isə onillərdir ki, öz şəxsiyyəti, həyat və fəaliyyəti ilə bu düşüncəni obrazlardan reallığa gətirir. Vətəni, dövləti Azərbaycan insanı üçün həqiqətən bir Ana surətində təqdim edir. Vətəndaş onun timsalında bir Ananın qayğısını, həssaslığını hiss edir. Ana səliqəsini görür. Dar məqamda öz övladına kömək üçün uzanan Ana əllərinin istiliyini duyur. Bu Vətənin təmsilçisi olaraq gözəl bir işinin, layiqli bir davranışının, cəmiyyət üçün faydalı bir əməlinin Ana gözlərində əks olunan sevinci, fərəhi, qüruru işığında vətəndaş olaraq daha böyük işlərə ruhlanır.
Milli mövcudluq tariximiz boyu bizim ən böyük dəyərlərimiz xeyirxahlıq, mərhəmət, insanlara sevgi, köməyə ehtiyacı olanların harayına yetişmək olub. Bunlar xalq olaraq özünəməxsusluqlarımızdır. Bizi Yer üzündəki bir çox toplumlardan fərqləndirən cəhətlərimizdir. Mehriban xanım Əliyevanın öz fəaliyyəti ilə təlqin etdiyi ali keyfiyyətlər bu dəyərləri bütün dünyada Azərbaycan xalqının milli simasına çevirir. İnkişaf prosesləri genişləndikcə insanları həm də bir-birindən ayrı salan qlobal dünyamızda bu ali dəyərlərə yenidən həyat qazandırır. Mehriban xanım Əliyevanın fəaliyyətini izlədikcə bir daha əmin olursan ki, insanın bu keyfiyyətləri itirmək haqqı yoxdur. Xeyir əməllərlə məşğul olmaq, başqalarına sevgi göstərmək, yıxılana əl uzatmaq, şəfqətini əsirgəməmək insanın fitrətidir. Bu xüsusiyyətlər Tanrının öz sevgisindən yaratdığı insanlara ən gözəl hədiyyəsidir. İnsanlıq bu dəyərlərdə yaşayır. Mehriban xanım Əliyeva öz nəcib əməlləri ilə, həyat prinsipləri ilə bu dəyərlərin də simvoluna çevrilib.
Xalqın adamı
Onun rəhbəri olduğu Heydər Əliyev Fondunu bəzən obrazlı şəkildə "xeyirxahlığın və mərhəmətin ali ünvanı” adlandırırlar. Bu, qeyd etdiyimiz kimi, obrazlı yanaşmadır. Amma dərindən müşahidə etdikcə bu yanaşmanın xəyali obrazlardan deyil, əsl həyat reallıqlarından gəldiyini görürsən.
Hər gün onun ünvanına - Heydər Əliyev Fonduna yüzlərlə məktub daxil olur. Bu məktublar arasında hansısa probleminin həllinə kömək üçün xahiş edən vətəndaşlardan tutmuş ona qayğı ilə yanaşdığına, Mehriban xanımın dəstəyi ilə iztirablardan qurtuluşuna görə bir neçə kəlməlik minnətdarlığını, şükranlığını çatdırmağı özünə mənəvi borc bilən kəslərə qədər hər cür insan taleyi ilə rastlaşmaq mümkündür.
Bu insanlar bilirlər ki, Mehriban xanım Əliyevanın adı olan heç bir yerdən naümid qayıtmayacaqlar. Onların bütün aidiyyəti dövlət qurumlarının qapılarında etinasızlıqla üzləşdiklərini, qeyri-həssas münasibətlə qarşılaşdıqlarını, dərdlərinə bir əlac edilmədiyini söyləmək ədalətsizlik olar. Vətəndaşlara layiqincə xidmət, onlara həssas münasibət Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin inanıb etimad göstərdiyi hər bir məmur qarşısında qoyduğu əsas tələbdir. Dövlət səlahiyyətliləri də bu tələbi qulaqardına vuracaqları təqdirdə hansı sərt qərarlarla üzləşəcəklərinin fərqindədirlər. Ona görə də vəzifə başında olan əksəriyyət vətəndaşların probleminin həllinə hansısa şəkildə əncam çəkməyə çalışır. İndi kimi bunu həqiqətən vicdanla, kimi də qeyri-səmimi şəkildə, yaxasını kənara çəkməklə edir, bu, başqa söhbətin mövzusudur.
Amma bir var vətəndaşa köməyi inzibati öhdəlik, vəzifə borcu kimi yerinə yetirəsən, bir də var vətəndaş öz yanında məmurdan, dövlət qurumundan daha çox öz doğmasını görə. Qayğılarının aradan qaldırılması üçün ən azı onun qədər əmək sərf edildiyinə şahid ola. Ona köməyin öhdəlik, rəsmi vəzifədən daha çox həssas insan qəlbinin diktəsi ilə, sevgisi ilə göstərildiyini duya...
Mehriban xanım Əliyevanın Azərbaycan insanının problemlərinə, qayğılarına münasibəti bu ikincidəndir. Onun tapşırıqlarını, irəli sürdüyü layihələri sidq-ürəklə yerinə yetirən icraçılar da bu prinsip əsasında çalışırlar. Çünki Mehriban xanım Əliyevanın iş prinsipi budur. Belə bir prinsip onun insanların halından anlamasından, özünü başqalarının yerinə qoya bilməsindən, xalqa yaxınlığından irəli gəlir.
Mehriban xanım Əliyeva əsl xalq adamıdır, xalqın adamıdır.
Ona görə insanlar onu bu qədər çox sevir, şəxsiyyətinə böyük ehtiram bəsləyir, hər hansı çətinliklə üzləşəndə müəyyən sosial problemlərinin həllinə yuxarılardan kömək gözləntiləri olanda tərəddüd etmədən ona üz tuturlar.
O, xalqın taleyini öz taleyində yaşayır, xalq qarşısındakı bütün mənəvi, ictimai və siyasi vəzifələrini ülvi bir sevgi ilə yerinə yetirir. Vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət edir.
İnsanlığı qorumaq
Onun fəaliyyətinin mahiyyətində mərhəmət və ülvilik hissi dayanır. Eyni zamanda bu hisslər də, "mərhəmət”, "ülvilik” kimi kəlmələr də Mehriban xanım Əliyevanın fəaliyyətində mücərrədlikdən çıxaraq həyat həqiqətlərinə, real əməllərə qovuşur. Mehriban xanımın bu fikirləri sözlərimizi təsdiq edər yəqin ki: "Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır - istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.
Mehriban xanım Əliyeva Azərbaycan xalqının və ümumilikdə bəşəriyyətin yaradıb qiymətli sərvət kimi nəsillərdən-nəsillərə ötürdüyü maddi-mənəvi mədəniyyət incilərinin də mühafizidir. O, fərqindədir ki, bütün zamanlarda insanlığın ruhunu yaşadan, milləti tanıdan, keçmişdən bugünə, bugündən gələcəyə doğru yol göstərən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Buna görə də o, ötən əsrin 90-cı illərinin ortalarından başlanan geniş ictimai fəaliyyətinin əsas hissəsini məhz bu istiqamətdə qurub.
Mehriban xanım Əliyeva xalqımızın malik olduğu maddi və mənəvi mədəniyyət nümunələrinin qorunması, təbliği ilə, həmçinin ümumən bəşəriyyətə məxsus sərvətlərin qorunmasına verilən dəstəklə Azərbaycanın mədəniyyət diplomatiyasını uğurla həyata keçirir. Bununla ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə yardımçı olur. Tarixi həqiqətlərimizi dünyaya yetirir. Azərbaycan dövlətinin sadiq olduğu humanist dəyərləri sərgiləyir.
Bu, müstəqilliyimizin bizlərə qazandırdığı tarixi nemətdir: nə vaxtsa özünün adi sosial-mədəni problemlərinin həlli üçün mərkəzdən razılıq gözləyən, asılı durumda yad məmləkətlərin ümidinə qalan Azərbaycan indi müstəqil bir dövlət kimi Parisdə Versal sarayının parkında yerləşən abidələrin bərpasında iştirak edir. Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulmasına dəstək verir. Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbini yenidən inşa etdirir. Hollandiyada, Rusiyada, Gürcüstanda, Rumıniyada, Misir və başqa ölkələrdə təhsil ocaqlarını müasirləşdirir, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına yardım əli uzadır.
Öz taleyinə sahiblik üçün əzablı yollardan keçmiş, acılar yaşamış, qurbanlar vermiş xalq üçün bundan da böyük nailiyyət olarmı?! Bu uğurlarda Mehriban xanımın da adı, saleh əməllərinin nuru var.
Gənclərin hamisi
Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzər-diqqətindən kənarda qalsın. Onun həyata keçirdiyi təhsil, səhiyyə, mədəniyyət, idman layihələri, qaçqın və məcburi köçkünlərimiz üçün gördüyü işlər, tikinti-abadlıq tədbirləri xalqın fiziki və mənəvi sağlamlığına, vətənin səliqə-sahmanına, ictimai şüurun inkişafına xidmət edir.
Mehriban xanım Azərbaycan cəmiyyətində təhsili, biliyi, fərdi inkişafı bir dəyərə çevirə bilib. İndi hər kəs anlayır ki, Yer üzünün ən qiymətli sərvəti bilikdir və bu sərvətin gücü ilə insan həyatda qarşısına qoyduğu bütün mütərəqqi məqsədlərə çata bilər.
O, inşa etdirdiyi xəstəxanalar, Talassemiya Mərkəzi kimi tibb müəssisələri ilə insanlara ümid bəxş edir, onların qayğılarını azaldır, körpələrə həyat qazandırır. Mehriban xanım Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik dəyərləri yaradır. Ölkəmizdə könüllülər hərəkatının formalaşması və inkişafına verdiyi dəstəklə yeni, mütəşəkkil bir nəsil formalaşdırır.
Mehriban xanım kimsəsiz uşaqlara, 18 yaşından - uşaq evindəki yaşayış və təhsilini başa vurandan sonra müstəqil həyata atılan gənclərə bir ana kimi hayandır. O, həmin gənclər üçün yaşayış binaları tikdirir, onlar üçün iş yerlərinin açılmasına, bu gənclərin ev-eşik, ailə sahibi olmasına, layiqli vətəndaşlar kimi cəmiyyətdə öz yerlərini tutmalarına kömək göstərir.
Bu qayğının mənəvi tərəfləri isə daha böyük mahiyyət daşıyır: bu gənclərin üzərində artıq Mehriban xanımın adı var. Cəmiyyətdə hər kəs Mehriban xanımın onların yanında olduğunun, bir ana kimi əllərindən tutduğunun fərqindədir. Ona görə də bu gəncləri sahibsiz görüb onlarla istədiyi kimi davranmağa kimsə cəsarət edə bilməz. Əksinə, əksəriyyət Mehriban xanımın xeyir əməllərindən nümunə götürməyə, bu gənclərə kömək göstərməyə, savabı, ruhi məmnuniyyəti belə alicənab davranışlarda tapmağa çalışır.
Şərqlə Qərbin vəhdəti
O, Azərbaycan tarixi boyu yaşamış vətənpərvər, maarifçi qadınlarımızın ümumiləşmiş obrazıdır. Onların örnək olası tarixi taleyini öz ömründə ləyaqətlə davam etdirir. Mehriban xanım Əliyevanın fəaliyyətini qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki, "Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”.
Amma Mehriban xanımın öz həyat və fəaliyyəti ilə təkzib etdiyi stereotiplər təkcə budurmu?!
O, mədəniyyətlər arasında qoyulan fərqlərin, sivilizasiyalar arasındakı toqquşmaların, Şərq-Qərb ayrıntılarının da əslində müəyyən qrup insanlar tərəfindən məqsədli şəkildə ortaya atıldığını sübuta yetirir. Öz nümunəsi ilə göstərir ki, bir insan, bir cəmiyyət özündə eyni vaxtda hər iki mədəniyyətin ən gözəl nümunələrini əks etdirə bilər. Bununla bəşəriyyətin rifahına zəngin töhfələr verməyi bacarar.
Mehriban xanım Əliyeva özü bir şəxsiyyət olaraq bu yanaşmanın canlı simvoludur.
O, eyni vaxtda həm Qərb dəyərlərinə bağlı UNESKO-nun, həm də Şərq dəyərlərini əks etdirən ISESCO-nun xoşməramlı səfiridir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2015-ci ildə Azərbaycanda I Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları uğurla keçirildi. Bundan əvvəl də Azərbaycan 2012-ci ildə "Avrovision” Beynəlxalq Mahnı Müsabiqəsinə evsahibliyi etmişdi. 2008-ci ildən ölkəmizdə başlanmış və BMT səviyyəsində də təqdir edilən "Bakı prosesi” çərçivəsində hər il Azərbaycanda beynəlxalq humanitar forumlarının qlobal tədbirlərin keçirilməsi xoş bir ənənəyə çevrilib. Bu tədbirlərin təşkilində Mehriban xanım Əliyeva böyük zəhmət çəkir, ölkəmizdə həyata keçirilən qlobal təşəbbüslərin öz məqsədinə çatmasından ötrü əməyini əsirgəmir.
Bu tədbirlər dünyanın gələcəyi barədə düşünən görkəmli elm, mədəniyyət, siyasət xadimlərini bir araya gətirir. Bakıdan, Azərbaycandan - Qərblə Şərqi bir-biri ilə qovuşduran, iki mədəniyyətin ən gözəl cəhətlərini özündə ehtiva edən tolerant, multikultural mühitdə müxtəlif sivilizasiyaların dəyərlərini əks etdirən doğma məkandan bütün dünyaya humanist çağırışlar ünvanlanır. Bəşəriyyət öz gələcəyi barədə daha aydın düşüncələrə dəvət edilir.
Bütün bunlar böyük bir tarixdir. Bu tarixin hər səhifəsində Mehriban xanım Əliyevanın adı, imzası görünür.
26 avqust günü isə bu tarixdə xüsusi əlamətdarlıq daşıyır. Bu gün Mehriban xanımın mənalı və şərəfli ömür yolunun başlandığı gündür. Bu gün o ömür yolunda bir zirvə də ucalır. Bu ömürdə Mehriban xanım Əliyevanın qazandığı mükafatlar çox olub. Ən böyük mükafatsa bütün ömür boyu tapındığı Vicdanının verdiyi mükafatdır. O öz nəcib əməllərinin mükafatını öz Vicdanından alır.
Ömür yolları ilə bəşəriyyəti addım-addım irəliyə doğru aparmış bütün böyük şəxsiyyətlər kimi...
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2019.- 1 sentyabr.-
S. 1; 3.