Görkəmli ədib Cəfər Cabbarlının
şeirlərindən ibarət “Ölkəm” kitabının təqdimatı
olub
Avqustun 31-də M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında görkəmli dramaturq və şair Cəfər Cabbarlının
120 illiyi münasibətilə
onun şeirlərindən
ibarət "Ölkəm”
və Asif Rüstəmlinin "Cəfər
Cabbarlı və cabbarlışünaslıq” kitablarının
təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, "Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə iştirakçılar əvvəlcə ədibin həyat və yaradıcılığına həsr olunan foto və müxtəlif nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının yaradıcılıq işığına toplaşmışıq. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il Cəfər Cabbarlının 120 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd olunduğunu xatırladan natiq, təqdimatı keçirilən hər iki kitabın işıq üzü görməsinin görkəmli ədibin yubiley ilində oxucularımıza böyük hədiyyə olduğunu vurğulayıb.
Cəfər Cabbarlı ev-muzeyinin direktoru Qəmər Bağırova tədbirin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin "Müasir cəmiyyətdə maarifçiliyin və milli mədəniyyətin inkişaf etdirilməsi məqsədilə C.Cabbarlının yaradıcılığının təbliği” layihəsi çərçivəsində reallaşdığını söyləyib.
Qeyd edilib ki, ədibin poeziya nümunələrinin toplandığı "Ölkəm” adlı kitaba C.Cabbarlının bir sıra lirik, satirik və vətənpərvərlik mövzusunda şeirləri toplanıb. Filologiya elmləri doktoru Asif Rüstəmlinin müəllifi olduğu, cabbarlışünaslığın inkişaf mərhələlərindən bəhs edən "Cəfər Cabbarlı və cabbarlışünaslıq” adlı digər tədqiqat əsərində Azərbaycan ədəbiyyatşünaslığının tərkib hissəsi olan cabbarlışünaslıq elmi haqqında araşdırmalar yer alıb.
Tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, maarifçiliyin təbliği istiqamətində klassik ədəbiyyat nümayəndələrimizin həyat və yaradıcılığının öyrənilməsi, bu baxımdan Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük maarifçi, görkəmli dramaturq C.Cabbarlının yaradıcılığının təbliğ olunmasıdır.
Tədbirdə filologiya elmləri doktorları Yaşar Qasımbəyli, Əlizadə Əsgərli, Tahirə Məmməd və başqaları çıxış edərək böyük ədibin qısa, lakin zəngin yaradıcılıq yolundan söz açıblar. Professor Asif Rüstəmlinin "Cəfər Cabbarlı və cabbarlışünaslıq” kitabından danışan natiqlər bildiriblər ki, nəşrdə son yüz ildə ədibin həyatı və yaradıcılığı haqqında qələmə alınmış irili-xırdalı onlarla ədəbi, elmi, publisistik məqalə və tədqiqatlar haqqında geniş məlumatlar verilib, cabbarlışünaslığın bütün dövrləri və problemləri araşdırılıb, bu elmin meydana gəlməsində, formalaşmasında və inkişafında bir neçə ədəbiyyatşünaslar nəslinin xidmətləri diqqətə çatdırılıb.
Sonda filologiya elmləri doktoru Asif Rüstəmli çıxış edərək qeyd edib ki, Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. O, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının mahir tərənnümçüsü olub. Onun zəngin bədii irsi müasirliyini və aktuallığını bu gün də qoruyub saxlayır.
Tədbirin təşkilatçılarına
və iştirakçılarına təşəkkürünü
bildirən natiq müəllifin milli və bəşəri dəyərləri
ifadə edən dramaturgiyasının bu gün də Azərbaycan teatrının
repertuarında xüsusi yer
tutduğunu söyləyib.
Azərbaycan.- 2019.-1 sentyabr.- S.6.