İnam ünvanı, ümid yeri
İlk cümləni yazmaq üçün nəzərlərimi uzun zaman qarşımdakı ağ vərəqlərə zilləyirəm və bir ömür boyu gördüklərimin, eşitdiklərimin, oxuduqlarımın imkan verdiyi qədər insanlığın tarixi keçmişi kino lenti kimi gözlərim önündən ötüb gedir.
Bu keçmişə
ünvanlayası çox suallar var. Düşünürəm
ki, o suallardan biri də budur: "Niyə Yer üzünə
qadın peyğəmbər göndərilməyib?!” Həqiqətən, qadın və kişilərin
hüquq bərabərliyinin getdikcə daha aktual şəkil
aldığı dünyamızda bu sual indi çox maraqlı
səslənir.
Amma milli
varlığımızın əsasını təşkil
edən qədim epos təfəkkürümüz bu sualın
cavabını, zənnimcə, çoxdan - əsrlər əvvəldən
verib.
Milli
varlığımızın başlanğıc nöqtəsi
- "Kitabi-Dədə Qorqud” dastanındakı həqiqətlər
onu söyləyir ki, qadının peyğəmbər statusu daşımasına
ehtiyac yoxdur.
***
İndiyə qədər
dünyaya gəlib getmiş 124 min peyğəmbərin
hamısını qadın dünyaya gətirib. Onlara Ana
haqqını qadın verib. Ona görə
də "Kitabi-Dədə Qorqud” "Ana haqqı - Tanrı
haqqı” deyir. Qadını, ananı
dünyanın ən müqəddəs məbudu ilə bərabərləşdirir.
"Kitab”da ana südü
dünyanın ən möcüzəvi məlhəmidir, bir
qadının öz igid həyat yoldaşına sevgisi
dünyanın ən fədakar sevgisidir. Hər halda ədəbiyyata
azdan-çoxdan bələdliyim qədər, hələ elə
bir bədii əsərə rast gəlməmişəm ki,
orada qadın öz həyat yoldaşının
yaşaması üçün canını əsirgəməsin.
Yaxud elə bir əsər də rastıma
çıxmayıb ki, orada igid öz qadınını
"Bəri gəlgil, başım baxtı, evim taxtı” kimi
xoş kəlmələrlə öysün,
qadınını başının tacı etsin.
Müqəddəs inancımız islam da "Cənnət anaların ayaqları
altındadır” deyə insanlığı analara səcdə
qılmağa çağırır.
Bu, Azərbaycan milli təfəkkürünün
qadına münasibətidir. Belə kamil
düşüncədən gəldiyimizə görə ancaq
qürur duymaq olar.
***
Bu təfəkkür fikirlərimdə
başqa bir tarixi həqiqətin də düyününü
açır.
Dünyada qadın hökmdarlar çox olub.
Ayrı-ayrı xalqların tarixinin müəyyən
dönəmlərində bu xalqlara qadınlar rəhbərlik
edib, idarəetmə səlahiyyətləri xanımlarda olub.
Amma öz tariximizə nəzər yetirdikdə
massaget hökmdarı Tomris anadan (e.ə. 570 - e.ə. 520)
başqa ağlıma özgəsi gəlmir. Onun da massagetlərə rəhbərlik etməsi
şah həyat yoldaşının vəfatından sonra
dövlətin yadellilərin əlinə keçməməsi
zərurətindən idi.
Bir də Nizami Gəncəvi qələmində
İsgəndər Zülqərneyn kimi dünya fatehinə
tarixin ən böyük dərsini vermiş Bərdə
hökmdarı Nüşabə...
Azərbaycan qadınını
başqa xalqların dövlət quruculuğu proseslərində
iştirak etmiş digər qadınlardan fərqləndirən
bəlkə elə bu cəhətdir: heç bir yüksək
statusa, fərdi iddialarını yerinə yetirmək
üçün üstün səlahiyyətlər əldə
etməyə çalışmadan ömür-gün
yoldaşının köməyində olmaq. Ona
dayaq durmaq, milli və dövlətçilik dəyərlərinə
sahib çıxmaq.
Ailənin də, cəmiyyətin
də bütövlüyünü, vəhdətini qorumaq. Hiylədən,
məkrdən, qan-qada ehtirasından uzaq bir tərzdə
sülhə, inkişafa töhfə vermək. Evi, daha geniş çevrədə isə
el-obanı, vətəni hər kəsin rahatlıq, dinclik,
könül xoşluğu tapdığı abad bir məkana
çevirmək. Ən ağır anlarda
da öz əhdinə, namusuna, sevgisinə sadiq qalmaq. Vətən üçün saleh övladlar
yetişdirib tərbiyələndirmək.
Bəlkə elə buna
görə tariximizdə qadın hökmdarların sayı bu
qədər azdır. Onlar heç vaxt hökmdarlıq
uğrunda çalışmayıblar. Rəhbər
olan ömür-gün yoldaşlarının,
atalarının, qardaşlarının, oğullarının
uğurlarına dəstək verməyi, onlara söykək
durmağı dünyanın ən yüksək statusu biliblər.
"Kitabi-Dədə Qorqud”dakı
Burla xatundan, Banu Çiçəkdən, Selcan xatundan, Atabəylər
dövründə yaşamış Möminə xatundan
Mehrican xatuna, Şərqin ilk diplomat qadını Sara xatuna,
Koroğlunun Nigarından Quba xanı Fətəli xanın
xanımı Tuti Bikəyə, Qaçaq Nəbinin Həcərindən
İkinci Dünya müharibəsində, Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü
uğrunda milli mücadiləmizdə igidlik göstərən,
şəhid olan, müxtəlif fəaliyyət sahələrində
fədakar əməyi ilə vətənin inkişafına dəyərli
töhfələr verən digər xanımlarımıza qədər
Azərbaycan tarixinin xatırladığı bütün
qadın obrazlarını məhz belə
görmüşük.
***
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva haqqında qeydlərə belə bir
müqəddimə ilə başlamağım heç də
təsadüfi deyil.
Bütün həyat və fəaliyyəti,
şəxsiyyət cizgiləri etibarilə Mehriban xanım
Əliyeva ictimai fikir tariximizin zirvələrində
görünən Azərbaycan qadınlarının ümumiləşmiş
obrazıdır.
Bu obraz həm yüksək nəciblik
və zərafəti, qadın ismətini, həm yurda və
insanlara sonsuz sevgini, həm dəyanəti, həm ailə
ocağına bağlılığı, ömür-gün
yoldaşına verilən dəyəri, həm də əməksevərliyi,
dünyanı gözəlləşdirmək duyğusunu
özündə bir araya gətirir.
Amma Mehriban xanım Əliyeva Azərbaycan
qadınına xas bütün bu ali keyfiyyətləri
öz şəxsiyyətində sadəcə ümumiləşdirən
və Azərbaycanda qadın fəallığı ənənələrini
sadəcə davam etdirən obraz deyil.
O, bu ənənələrdə yeni
bir tarixdir, yeni bir başlanğıcdır!
Mehriban xanımla Azərbaycan
qadını tarixdə yeni bir səhifə açır. Bu addan
möhtəşəm bir tarix başlanır.
Mehriban xanım Əliyeva Azərbaycan
qadınının malik olduğu bütün yüksək
keyfiyyətləri həm də dövlət idarəçiliyinə
daşıyıb gətirən, dövlətçilik statusu
qazandıran tarixi şəxsiyyətdir.
İlk dəfə Azərbaycan
qadını bu qədər yüksək dövlətçilik
səviyyəsində öz potensialını realizə edib
parlaq nümunələr yarada bilir.
***
Mehriban xanımın Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin
edilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan
qadınına bu qədər yüksək etimad göstərildi. Ona dövlətin
taleyi ilə bağlı böyük missiya həvalə
edildi. Amma bundan da önəmli olanı Azərbaycan
qadınının bu etimadı, inamı, güvəni,
Mehriban xanımın şəxsində öz nəcib əməlləri,
örnək olası fəaliyyəti, ötən onilliklər
ərzində ona tapşırılmış hər bir
işi yüksək səviyyədə yerinə yetirməsi
ilə qazanmasıdır. Bu missiyanı
öz fərdi istəyindən daha çox cəmiyyətin
sosial sifarişi kimi üzərinə götürməsidir.
Onun ali dövlət vəzifəsində
olmasının Azərbaycan insanının arzuları ilə
üst-üstə düşməsidir.
Etiraf edək ki, biz azərbaycanlılar
və ümumilikdə Şərq xalqları qadınların
üzərinə həddən artıq ağır mənəvi
vəzifələr qoymuşuq. Bu, yaxşıdır,
ya pisdir, birmənalı nəsə söyləmək çətindir.
Qadının evdə, ailədə yerinə yetirdiyi təsərrüfat-məişət
qayğıları, uşaqların təlim-tərbiyəsinə
sərf etdiyi əmək, iş yerlərində çəkdiyi
əziyyətlər öz yerində, bunlar hər kəsə
bəlli həqiqətlərdir, burada qadından mənəvi
gözləntilərlə bağlı başqa bir nümunə
gətirəcəyəm: dünyada namus, qeyrət, mentalitet
anlayışlarının dəqiq elmi izahını verə
biləcək ədəbiyyatlar, tədqiqat əsərləri
düşünürəm ki, hələ yoxdur. Çünki
bu mövzularda tam dəqiqliyi ilə heç yana
gedib çıxmaq mümkün deyil, mütləq bir yerlərdə
mövqelər haçalanacaq. Bizsə, indi
baxın, min illər əvvəldən qadını namusun,
qeyrətin, mentalitetin əsas simvoluna çevirmişik. Bu anlayışlar səslənən kimi birinci
qadınlar yada düşür. Bu milli dəyərlərin
qorunması əsas etibarilə qadının vəzifəsi
bilinir, cəmiyyət bunu qadınlardan gözləyir.
Azərbaycan qadını elin-ulusun,
ailəsinin bu yanaşmalarını, inamını, ümidlərini,
arzularını doğrultmaqdan, adına
toz qondurmamaqdan ötrü tarix boyu min bir fədakarlıqlara
qatlaşıb. Ona inam bəsləyən
bütün insanların başını adı və əməlləri
ilə daim uca edib. Buna nail olmaqdan
ötrü hətta bəzən ağlasığmaz fədakarlıqlara,
əzab və əziyyətlərə belə qatlaşıb.
Bununla belə, şəxsiyyətinin
ucalığını, toplumun yüksək münasibətinə
layiqliyini həmişə qoruyub.
Mehriban xanımın Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti vəzifəsində həyata
keçirdiyi fəaliyyət, onun rəhbərliyi ilə ortaya
qoyulan nəticələr bu ali keyfiyyətlərin
dövlət idarəçiliyi səviyyəsində də təzahür
etməsidir.
O, təmsil olunduğu ali
dövlət vəzifəsində, milli dövlətçilik
zirvəsində tək bir evin, bir elin-ocağın deyil,
ümumən xalqın qeyrətidir, Azərbaycan
qadınının təmiz, şərəfli, hər
davranışında başımızı uca edən
adıdır, əllərinin səliqəsidir, sevgisi, şəfqətidir.
***
Mehriban xanım Əliyeva
şəxsiyyəti dövləti öz vətəndaşına
daha da doğmalaşdırır, dövlət idarəetməsinə
humanizm çalarları gətirir.
Dövlətə, hökumətə
siyasi-inzibati idarəçilik məzmunundan daha çox bir ailə
mahiyyəti verir.
Milyonlarla vətəndaşımız
üçün Mehriban xanım hansısa dövləti vəzifəni
yerinə yetirən, sıravi vətəndaşla əyləşdiyi
kabinet arasında müxtəlif sədlər olan rəsmi
şəxs deyil, bir anadır, bacıdır, hər bir azərbaycanlı
ailəsinin doğma üzvüdür.
Elə indicə kabinet
sözünü yazdım, amma bu söz ətrafında dərhal
da tərəddüdlərim başladı,
düşündüm ki, axı Mehriban xanımı iş
kabinetində heç cür təsəvvür etmək olmur.
Çünki biz onu həmişə iş üstündə,
irimiqyaslı layihələrin müzakirə edildiyi
toplantılarda, müxtəlif sosial problemlərin həlli
proseslərində, beynəlxalq toplantılarda, bunlardan da
çox sıravi insanlar arasında, sadə vətəndaşların
əhatəsində görmüşük.
İnsan öz ailəsinin
doğma üzvünə necə güvənib bel
bağlayırsa, Azərbaycan insanı da Mehriban xanıma belə
münasibət bəsləyir. Hansısa
çıxılmaz problemlə üzləşəndə ona
yazmaq, dərdlərini, qayğılarını onunla
bölüşmək, müxtəlif problemlərin həlli
üçün ondan kömək istəmək olar.
Əmin ola bilərsən ki, heç bir müraciət
cavabsız qalmayacaq, vətəndaşı narahat edən məsələlərin
həlli üçün nə imkanlar varsa, istifadə ediləcək,
hətta ən mümkünsüz anlarda belə ən azı
vəziyyətin düzgün izahı veriləcək,
aydın bir yol göstəriləcək, vətəndaş ən
azı görəcək ki, dövləti onun
yanındadır.
Mehriban xanımı Azərbaycan
insanına hansısa rəsmi statusları,
daşıdığı vəzifələr
doğmalaşdırmayıb, əməlləri doğma edib,
bu insanlar üçün gördüyü işlər,
onlara verdiyi dəyər rəğbət qazandırıb.
Onun yaratdığı
nümunə göstərir ki, əslində, insanların
öz dövlətindən, hökumətindən
qeyri-mümkün nəsə gözləntisi yoxdur. İnsanlar
özlərinə diqqət, həssas münasibət istəyirlər,
səlahiyyət sahiblərinin öz işlərini
yarıtmasını arzulayırlar, onlara həvalə edilən
vəzifələrə layiqincə əməl etmələrini,
cəmiyyət qarşısındakı sosial məsuliyyətlərinin
fərqində olmalarını gözləyirlər.
Buna əməl etməyi
bacaran hər bir dövlət təmsilçisini vətəndaş
bağrının başına qoyacaq.
Necə ki, Azərbaycan
insanına milli dövlətçilik tarixinin ən
böyük nailiyyətlərini qazandıran, həmişə
insanların yanında olan, məmurlardan vətəndaşlara
layiqincə xidmət tələb edən Prezident İlham
Əliyevə vətəndaşlarımız sonsuz sevgi bəsləyirlər.
Necə ki, insanlar
üçün çalışan, yerinə yetirdiyi
bütün layihələrdə insan inkişafını nəzərdə
tutan Mehriban xanıma ümumxalq məhəbbəti belə
böyükdür.
***
Dövlət xadimi kimi
Mehriban xanım Əliyevanın şəxsiyyətində
maraqlı bir məqam da diqqətimi çəkir. O, Ulu Öndər Heydər
Əliyevin ötən əsrin 70-ci illərində inkişafına
böyük dəstək verdiyi, çevrəsini daha da
genişləndirdiyi ziyalı elitası mühitindən
çıxıb. Həm Azərbaycanın görkəmli
ziyalıları olan babaları Mir Cəlal Paşayevin və Nəsir
İmanquliyevin, valideynləri akademik Arif Paşayevin və Azərbaycanın
ilk şərqşünas xanımlarından Aida
İmanquliyevanın ailə ocağında gördüyü tərbiyə,
həm də İ.M.Seçenov adına Moskva Tibb İnstitutu
kimi nüfuzlu təhsil müəssisəsində
aldığı yüksək ali təhsil etibarilə o, belə
bir mühitin yetirməsidir.
Yaşın yetkinləşən
və ictimai-siyasi proseslərə daha böyük maraq
göstərən dövrlərində isə Mehriban xanım
Heydər Əliyev kimi siyasət ustadının, görkəmli
oftalmoloq alim Zərifə xanım Əliyevanın
ocağında gəlin olub. Ulu Öndərin
öz həyat və fəaliyyəti ilə
yaratdığı siyasi tarixin ən keşməkeşli
dönəmlərində bu böyük dövlət
adamının ailəsinin doğma üzvü kimi yaxından
iştirak edib. Ən çətin
anlarında Ulu Öndərə mənəvi dəstək
olub, övlad sevgisi ilə onun gücünə güc
qatıb.
Ömür-gün
yoldaşı cənab İlham Əliyevin hələ ötən
əsrin 90-cı illərinin ortalarında ölkəmiz
üçün taleyüklü qərarların, yeni enerji
strategiyalarının hazırlanması və qəbulu istiqamətində
həyata keçirdiyi fəaliyyətə dəstək verib,
o çətinliklərin, sınaqların, uğurların hər
biri onun da həyatından keçib.
Və bütün bunlar
Mehriban xanıma böyük tarixi-siyasi təcrübə
qazandırıb.
Bu mənada Azərbaycanın Birinci
vitse-prezidenti ölkənin mədəni və siyasi
elitasının ali keyfiyyətlərini
öz şəxsiyyətində bir araya gətirir. Ona görə də Mehriban xanım həm mədəni,
həm də siyasi sferaya dərindən bələddir, hər
iki istiqamətdə eyni effektivliklə çalışaraq
ortaya dövlət üçün də, xalq
üçün də faydalı, real nəticələr
qoyur.
***
Mehriban xanım Əliyeva
sosial statusundan, kimliyindən asılı olmayaraq insanları
halından anlayan, onların dərdinə şərik
olmağı bacaran şəxsiyyətdir. Bu, sonradan
qazanılmış, məcburən əxz edilmiş, yaxud vəzifə
öhdəliyi kimi yerinə yetirilən keyfiyyət deyil, onun təbiətindən
gəlir.
"Nə üçün
sadə azərbaycanlılar ölkənin birinci
xanımını sevirlər?” deyə sual edən rusiyalı
politoloq Aleksandr Karavayev haqlı olaraq yazır ki, onlar Mehriban
xanım Əliyevanın timsalında "yaxasını kənara
çəkən” funksioner deyil, onların istəkləri ilə
maraqlanan, protokol çərçivəsindən kənara
çıxmağı, hər bir ciddi problemə münasibət
bildirməyi bacaran insan görürlər. "Maraqlı fakt: nisbətən
kiçik ölkədə o, hər gün "yerlərdən”
təqribən 300 məktub alır. Ona
yazırlar, çünki bilirlər ki, müraciət edib
yardım, dəstək, yaxud məsləhət ala bilərlər.
Azərbaycan Prezidentinin xanımı ölkə
daxilindəki səfərlərdə daim onu müşayiət
edir. Yəni o, necə deyərlər,
göz qabağındadır və bununla da iqtidarla cəmiyyətin
qarşılıqlı əlaqələrinə öz
töhfəsini verir. Həm də bu, necə
deyərlər, canlı töhfədir və buna görə də
xalqın gözündə inzibati kommunikasiyaların standart
"mexaniki” strukturlarından daha qiymətlidir, çünki
xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir,
yoxsa ictimaiyyət onu qəbul etməyəcək.
İnsanlar hiss edirlər ki, birinci xanım onların
qayğıları ilə yaşayır”.
Müəllif yüzdə
yüz haqlıdır. Məhz bu məziyyətlərinə
görə bu gün vətəndaşlar gündəlik həyatda
nəyinsə öz nizamında olmadığını
görəndə, hansısa dövlət idarəsinin qeyri-həssas,
yarıtmaz münasibəti ilə qarşılaşanda,
hansısa ictimai problemdən narahat olanda, hətta hansısa
televiziya verilişini bəyənməyəndə belə dərhal
Mehriban xanımı yada salırlar.
"Mehriban xanım bilsə...”,
"Vəziyyət Mehriban xanıma çatdırılsa, belə
qalmayacaq”, "Məsələ Mehriban xanımın
birbaşa nəzarətindədir”, "Görəsən,
Mehriban xanım bu barədə məlumatlıdır?!”,
"Mehriban xanıma müraciət etdik, həll olundu”,
"Eşitməmisiniz, Mehriban xanım o gün nə deyib?!”
və s. cümlələrlə başlanan, bu cümlələrlə
tamamlanan mükalimələri indi müxtəlif sosial qruplara
aid insanların söz-söhbətlərində çox
tez-tez eşitmək olar.
Nə gizlədək, hərdən
adi "demaqoqlar” da tapılır, Mehriban xanımın adı
ilə müxtəlif ranqlı məmurlara, dövlət idarələrinə
hərbə-zorba gələn vətəndaşlar da
görürük və məsələnin mahiyyətindən,
vətəndaşın o durumda haqlı, ya haqsız
olmasından asılı olmayaraq, bu adla özünü
güvəndə, güclü hiss etməsi adama çox
xoş gəlir.
***
Mehriban xanım Əliyeva
Birinci vitse-prezident kimi bu gün ölkəmizin hakimiyyət
elitasında, dövlət siyasətinin icrasında
mühüm rol oynayır. Hakim elitanın yerinə
yetirdiyi konkret funksiyalar isə yetərincə çoxdur.
Strateji, kommunikativ, təşkilati, inteqrativ funksiyaları
onların ən vacibləri sırasına aid edə bilərik.
Həmin funksiyalar arasında
birinci yerdə strateji funksiya durur. Onun mahiyyəti ictimai
inkişafı təmin edən siyasi fəaliyyət
proqramları, strategiya və taktikaların
hazırlanmasıdır. Bu gün dövlətimizin cəmiyyətin
dəyişim tələbatına uyğun irəli
sürdüyü yeni ideyalarda, strategiyalarda, davamlı
islahatların həyata keçirilməsi üçün
hazırlanan konsepsiyalarda Mehriban xanım Əliyevanın da
baxışlarını, fəaliyyət tərzini, strateji
yanaşmalarını, peşəkar menecer kimi təşkilati-icra
meyarlarını duyub hiss edirik.
Strateji funksiyanın
uğurlu şəkildə reallaşdırılması isə
yalnız cəlb olunmuş kadrların keyfiyyəti ilə təyin
olunmur. Bu həm də ölkənin ictimai fikrindən və
bu fikirlərin siyasi qərarların qəbulunda əksolunma vəziyyətindən
asılıdır. Şübhəsiz,
burada söhbət kommunikativ funksiyadan gedir. Bu funksiyanın başlıca məqsədi siyasi
proqramlarda əhalinin müxtəlif təbəqəsinin sosial
qruplarının maraq və tələbatlarının nə
dərəcədə öz əksini tapdığını
və praktik fəaliyyətdə
reallaşdırıldığını izləməkdir.
Bu funksiyanın ən mühüm
üstünlüyü müxtəlif sosial qrupların əhvalını
görmək, ictimai fikrin müxtəlif həyati məsələlərə
görə dəyişməsinə tez və dəqiq reaksiya
göstərməkdir.
Mehriban xanım
Əliyevanın məsələlərə yanaşmalarını,
aktual mövzulara çevik reaksiyalarını, insanların qəlbindən
xəbər verən, rəğbət doğuran
addımlarını müşahidə etdikdə belə bir qənaət
hasil olur ki, ölkə gündəmi onun çox ciddi nəzarətindədir.
Bu çeviklik, həssaslıq,
vəziyyətə adekvat addımlar dəyişən
dünyamızın, informasiya cəmiyyətinin dövlət
xadimləri qarşısında
aktuallaşdırdığı tələbdir. Azərbaycanda
da ictimai maraq kəsb edən hər bir məsələyə ən
yuxarı səviyyədə xüsusi həssaslıq göstərilir,
diqqət ayrılır, problemlərin həlli, vəziyyətin
yoluna qoyulması, qanunun aliliyinin, haqq-ədalətin təmin
edilməsi üçün dövlətin atmalı olduğu
heç bir addım özünü gözlətmir. Təbii ki, bu, ilk növbədə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin idarəetmə
üslubudur. Ona da öz ustadından, informasiyaları
müxtəlif kanallar vasitəsilə əldə edən və
cəmiyyəti ovcunun içi kimi görməyi bacaran Ulu
Öndər Heydər Əliyevdən keçib.
Mehriban xanım da müxtəlif
sosial qruplarla sıx kommunikativ əlaqələr
qurmağı, cəmiyyətlə işləməyi, yerinə
yetirdiyi inteqrativ funksiya ilə cəmiyyətimizdəki vəhdəti
daha da gücləndirməyi çox gözəl bacarır və
bu yöndə fəaliyyəti ilə Azərbaycan
Respublikası Prezidentinin həyata keçirdiyi
inkişaf strategiyasına çox böyük töhfələr
verir.
***
Təşkilatçılıq,
evin, elin abadlığı, güzəranı
qayğısını çəkmək və bunu əzab-əziyyət
hissi ilə deyil, sevərək yerinə yetirmək Azərbaycan
qadınının fitrətindədir.
Bunu yaza-yaza nənələrimizin,
ana-bacılarımızın xalça toxumaq, cehizliklər
salmaq, bayram hazırlıqları görmək,
ağır-ağır məclislərin biş-düş
işini layiqincə yola vermək kimi hansısa böyük zəhmətli
bir işi vaxtında başa çatdırmaqdan ötrü
necə səfərbər olduqlarını, bir-birinə necə
dəstək verdiklərini, işin konkret hissələrini onu
ən yaxşı bacaranlara həvalə etdiklərini,
müasir dillə desək, komanda halında
çalışdıqlarını və əziyyətlərinin
bəhrəsinə də birlikdə fərəhləndiklərini
uşaqlığımın ən gözəl anları ilə
xatırlayıram.
Mehriban xanımın
böyüklüyü bundadır ki, o, Azərbaycan
qadınına xas bu mütəşəkkilliyi, təşkilatçılıq
bacarığını və çəkdiyi zəhmətdən
mənəvi məmnunluq duyğusunu dövlət idarəçiliyi
sisteminə də daşıyıb gətirməyə müvəffəq
olub.
Bu, hakimiyyət
elitasının təmsilçisi kimi onun yerinə yetirdiyi təşkilati
funksiyanın, deyərdim ki, ən böyük
uğurlarındandır. Mehriban xanım insanları konkret məqsədlər,
hədəflər ətrafında səfərbər edə
bilir. Hər bir layihənin icrası
prosesinin iştirakçılarına aid rol bölgülərini,
onların yerinə yetirməli olduqları vəzifələri,
gözləntiləri dəqiq müəyyənləşdirir.
İcraçıların əsas effektivlik
göstəricilərini dəqiq qiymətləndirməyi
bacarır, nəsə öz nizamında olmayanda dərhal
müdaxilə edib, zəif bəndləri aradan
qaldırır.
İnsanlar onun irəli
sürdüyü layihələrdə böyük sevgi ilə
iştirak edirlər, çünki bu layihələrin hədəfində
getdikcə abadlaşan vətəni, tərəqqi tapan cəmiyyəti,
çeşidli problemlərdən qurtulan sadə insanların
taleyini görürlər. Bir önəmli məqam da var.
Bütün bu iş proseslərində Mehriban xanım sadəcə
tapşırıqları ilə, effektiv nəticələr
haqqında hesabat tələbləri ilə işini məhdudlaşdırmır,
özü əsl lider kimi, iş prosesinin önündə
gedir, layihələrə əmək sərf edən hər kəsə
bilik və bacarıqları, təcrübəsi, əməksevərliyi
ilə nümunə yaradır.
***
Bütün cəmiyyətlərdə
yeni nəsillərin, hələ yolun başında olan gənclərin
ideallara, nümunəyə ehtiyacı var.
Mehriban xanım Əliyeva bu
mənada Azərbaycanın bugünü və gələcəyi
üçün tarixi bir missiya yerinə yetirir. Müasir Azərbaycan
gəncliyi onu özü üçün nümunə kimi qəbul
edir. Ondan öyrənir, ondan əxz etməyə,
hansısa dəyərləri, təcrübələri mənimsəməyə
çalışır.
Bu missiyanı yerinə yetirən
şəxsiyyətin qadın olması cəmiyyətimiz, gəncliyimiz
üçün minqat faydalıdır. Çünki
belə bir nümunə gənc qızlarımızın fərdi
inkişafı deməkdir, onların cəmiyyətin ictimai həyatına
fəal şəkildə cəlb olunmasıdır, ölkədə
qadın fəallığı ənənələrinin
güclənməsidir.
İndi diqqət edirəm, gənc
qızlarımız, namxuda, getdikcə fəallaşırlar. Təhsil
almağa, müxtəlif fəaliyyət sahələrində
faydalı təcrübə qazanmağa böyük maraq
göstərirlər, bu istiqamətdə qarşılarına
çıxan bütün imkanları, fürsətləri dəyərləndirməyə
çalışırlar. Zəhmətdən çəkinmirlər,
hansısa ümumi məqsədlər ətrafında toparlana,
bir-birinə dəstək ola bilirlər,
xeyriyyəçilik fəaliyyətini, ehtiyacı olanlara təmənnasız
kömək göstərməyi, rastlarına çıxan
sosial problemləri ictimailəşdirib həllinə birlikdə
çıxış yolu axtarmağı özləri
üçün sosial dəyərə çeviriblər.
Qızlarımızın,
qadınlarımızın bu sosiallaşma meyli gələcək
inkişafımız üçün o qədər
böyük faydadır ki, bunu sözlə ifadə etmək
belə çətindir. Axı hər bir cəmiyyətin inkişafı onun xanımlarından
başlanır...
Cəmiyyətin gələcəyini
dünyaya gətirənlər, verdikləri təlim-tərbiyə,
övladlara aşıladıqları dəyərlərlə
sabahın mənzərəsini yaradanlar onlardır. Ona görə
də gənc qızlarımızın bugünkü əzmkarlığını,
məqsədyönlülüyünü, əməksevərliyini,
məsuliyyətini duyub hiss edəndə gələcəyimiz
çox parlaq görünür.
***
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin milli
dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə
yetirdiyi, Mehriban xanım Əliyevanın isə müxtəlif
təşəbbüslərlə, sosial-humanitar layihələrlə
yeni dəyərlər yaratdığı Azərbaycan bu
gün hər birimizə doğma milli ailə modelimizi
xatırladır.
Ailənin
başçısı evi, ocağı yad müdaxilələrdən,
mümkün kənar təhlükələrdən qoruyur. Evin
çörək təknəsinin heç vaxt boş
qalmaması, ruzi-bərəkətinin getdikcə artıb
çoxalması, hər bir şeyin yerli-yerində,
nizamında olması üçün əlləri işdə-gücdə,
düşüncələri yeni imkanların
axtarışındadır.
Onun gücü, dəyanəti,
təpəri sayəsində Vətən evi güvəndədir,
rifah və abadlıq içindədir.
Evin xanımı isə səliqə-sahmanı,
ailənin hər bir üzvünə diqqəti,
qayğısı, qəlbinin sevgi payı ilə bu ailə
mühitinə əsl ana obrazını daxil edir.
O, övladların fiziki və mənəvi
sağlamlığı, təhsili, təlim-tərbiyəsi,
işi-peşəsi, ev-eşik sahibi olması
qayğısına qalan doğma Anadır...
O, ailə dəyərlərini
göz bəbəyi kimi qoruyan, bu mənəvi əmanəti gələcək
nəsillərə daha da inkişaf etdirərək
ötürmək üçün min bir zəhmətə
qatlaşan fədakar İnsandır...
O, Şərqlə Qərb mədəniyyətinin qovşağında, sivilizasiyalararası dialoq, tolerantlıq, multikulturalizm kimi ali dəyərlər işığında, mədəniyyət diplomatiyası müstəvisində dünyaya mükəmməl bir Azərbaycan təqdim edən Vətən övladıdır...
O, Mehriban Əliyevadır...
Adı da əməlləri kimi şərəfli Azərbaycan qadını...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı,
YAP Xətai rayon təşkilatının sədri
Azərbaycan.- 2019.- 3 sentyabr.- S. 1; 3.