“Dərinsulu Günəşli”dən hasilata
başlanması Azərbaycanın yeni neft strategiyasının daha
bir qələbəsi idi
2008-ci ilin aprel ayında Azərbaycanın neft sənayesi tarixində daha bir əlamətdar hadisə baş verdi. "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən neft alındı. "Dərinsulu Günəşli”dən hasilata başlanması Ulu Öndər Heydər Əliyevin neft strategiyasının daha bir qələbəsi idi.
Bu, "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları haqqında bədgüman olanlara, Azərbaycanda Bakı-Tbilisi-Ceyhan kəmərini doldurmaq üçün yetərincə neftin olmadığını deyənlərə tutarlı cavab idi.
Xəzərin Azərbaycan sektorundakı "Günəşli” yatağı dayaz və dərinsulu hissələrdən ibarətdir. Dayazsulu hissə hələ sovet dönəmində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən işlənib və onilliklərdir ki, istismar olunur. Dərinsulu hissənin işlənməsi isə AÇG layihəsinin tərkib hissəsini - üçüncü fazasını təşkil edir.
Digər yataqlardan olduğu kimi, "Dərinsulu Günəşli”dən də ilk neft öncədən qazılmış quyulardan alındı. Bu cür quyular adətən əvvəlcədən qazılır və platforma tam quraşdırılandan sonra ona birləşdirilərək işə salınır. Daha sonra platformanın özündən quyuların qazılmasına başlanır. Quyuların sayı çoxaldıqca, hasilat da artır.
"Dərinsulu Günəşli”
kompleksi "Günəşli”
yatağının şərqində, suyun
dərinliyinin 175 metr olduğu
ərazidə yerləşir. O, iki nəhəng
dəniz qurğusundan ibarətdir. Bunlardan birincisi qazma, texnoloji təchizat və
yaşayış platformasıdır. İkincisi isə hasilat, kompressor, suvurma və texnoloji təchizat platforması adlanır. Platformalar arasında körpü salınıb.
Qazma, texnoloji təchizat və yaşayış platformasının
üst modulları Heydər Əliyev adına Bakı
Dərin Özüllər
Zavodunda (BDÖZ) inşa
edilib. Qurğunun dayaq bloku da BDÖZ-də tikilib, 2006-cı ilin payızında daşıma
barjı üzərinə
yüklənib və
2007-ci ilin yazında dənizə sola salınıb.
İkinci platformanın dayaq
bloku həmçinin
BDÖZ-də inşa
edilib. Dayaq blokları zavodun
"BOS-Şelf” tikinti-quraşdırma
sahəsində araya-ərsəyə
gəlib.
BDÖZ-də
əsas işlər
AÇG layihəsinin əməliyyatçısı
olan BP-nin həmin vaxtdakı podratçılarından biri
- "MakDermott” (ABŞ) şirkəti
tərəfindən görülürdü. Bu, bütün dünyada platformaların tikintisində
və sualtı boruların çəkilişində
zəngin təcrübəsi
olan şirkətlərdəndir.
AÇG-nin əvvəlki
platformalarının və
dənizdən Səngəçaladək
uzanan sualtı neft və qaz
kəmərlərinin inşaatçısı
da "MakDermott” olub.
Hasilat, kompressor, suvurma və texnoloji təchizat platformasının
üst modulları isə Bibiheybətdəki
ATA ("Azfen-Tekfen-AMEK”)
tikinti-quraşdırma sahəsində
inşa edilib. ATA Azərbaycan-Türkiyə-Böyük Britaniya alyansıdır və o, bu gün
də sözügedən
sahədə fəaliyyət
göstərir.
Sualtı xətlər bu kompleksi "Azəri” yatağından çəkilmiş
30 düymlük iki neft və 28 düymlük bir qaz kəməri şəbəkəsinə birləşdirir. "Dərinsulu Günəşli”dən
əldə olunan hasilat həmin sualtı borularla Səngəçal terminalına
nəql edilir.
"Dərinsulu Günəşli”ni
digər layihələrdən
fərqləndirən onun
əlavə bir proqramının olmasıdır.
Bu, əvvəlki yataqların işlənməsində
rast gəlinməyən
sualtı suvurma proqramıdır. Proqramın həyata
keçirilməsi yataqdakı
quyuların platformadan
aralıda yerləşməsi
səbəbindən irəli
gəlir və onun məqsədi, qısaca desək, hasilatın sabit saxlanılmasına və artırılmasına xidmət
edir.
"Dərinsulu
Günəşli”nin dənizdəki
və qurudakı genişmiqyaslı, çoxşaxəli
tikinti-quraşdırma işlərini
onlarca podratçı
və subpodratçı
müəssisə, minlərlə
yerli və xarici vətəndaş həyata keçirmişdir.
AÇG-nin
digər yataqlarında
olduğu kimi, "Dərinsulu Günəşli”də
də hasilat sabit və təhlükəsiz
şəkildə davam
edir. Bu ilin birinci
yarısında yataqdan
gündə orta hesabla 96 min barel neft alınıb. Hasilata başlandığı
dövrdən 2018-ci ilin
sonunadək "Dərinsulu
Günəşli” 478,1
milyon barel və ya 64,8 milyon ton neft verib. Yatağın keçənilki hasilatı
38,2 milyon barel (5,2 milyon ton) təşkil edib.
Yeri gəlmişkən
AÇG-dəki iştirak
paylarını xatırladaq:
Layihənin operatoru olan BP (Böyük Britaniya, 30,37 faiz), SOCAR (Azərbaycan, 25 faiz), "Şevron” (ABŞ, 9,57 faiz),
"İnpeks” (Yaponiya,
9,31 faiz), "Ekvinor”
(Norveç, 7,27 faiz),
"EksonMobil” (ABŞ, 6,79 faiz),
TPAO (Türkiyə, 5,73 faiz),
"İtoçu” (Yaponiya,
3,65 faiz), ONGC Videş
Limited (Hindistan, 2,31 faiz).
AÇG-nin,
o cümlədən "Dərinsulu
Günəşli”nin salnaməsi
yeni hadisələr, yeni uğurlarla zənginləşir. Bu il
mayın 29-da XXVI Beynəlxalq
Xəzər Neft və Qaz Sərgisinin
açılışındakı nitqində Prezident İlham Əliyevin dediyi kimi: "Əsrin kontraktı”nın
çox böyük əhəmiyyəti var. Bu gün
də bu əhəmiyyət kifayət
qədər böyükdür.
İki il
bundan əvvəl kontraktın müddəti
uzadıldı, 2050-ci ilə
qədər bu kontrakt qüvvədə olacaq. Yəni bu o deməkdir
ki, Azərbaycanın neft-qaz resursları, eləcə də "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq
neft-qaz bundan sonra da uzun
illər ərzində
Azərbaycan xalqına,
dövlətinə xidmət
göstərəcək”.
Flora SADIQLI
Azərbaycan.- 2019.-4 sentyabr.- S.1; 3.